“AZAL-da qalıb-qalmamağım büdcədən asılıdır” - Tərlan Əhmədov
Paylaş:
Bir müddət əvvəl fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayılan AZAL barədə bu gün növbəti açıqlama gəldi ki, klub fəaliyyətini bərpa edir və növbəti mövsüm “Şüvəlan” adı ilə I Divizionda oynayacaq.
Məsələ ilə bağlı komandanın baş məşqçisi Tərlah Əhmədov “FutbolPress”in suallarını cavablandırdı.
- Bu gün bəyanat yayıldı ki, baş məşqçisi olduğunuz AZAL fəaliyyətini bərpa edib və növbəti mövsüm “Şüvəlan” adı ilə I Divizionda oynayacaq...
- Xəbəri sizdən eşidirəm. Düzdü, bir az əvvəl dostlar da bu barədə zəng eləyib dedilər ki, belə bir söhbət gəzir. Mənim heç nədən xəbərim yoxdur. Dünən klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovla birgə bazada idik. Orda da bu barədə heç nə eşitməmişəm. Yalnız indi xəbərim oldu.
- I Divizionda iştirak edəcək komandanı çalışdıracaqsız, yoxsa başqa təklifləriniz var?
- Klubda qalmağım büdcədən asılıdır. Gərək bir az maliyyə olsun ki, nə isə əldə edək. Son iki mövsümü birtəhər yola vermişik, ancaq futbolda pulsuz heç nə qazanmaq mümkün deyil. Ümid edirdim, AZAL Premyer Liqada qalar. Çünki bazası, yaxşı infrastrukturu var. Ancaq təəssüf ki, I Diviziona düşdü. İki il əvvəl bizim Avropa Liqasına vəsiqə şansımız olanda klub rəhbərliyi büdcənin artırılacağını söz vermişdi, ancaq elə söz olaraq da qaldı. Ümidli idik ki, düzələr, maliyyə vəziyyəti yaxşılaşar və bu fikirlə də davam edirdik. Klubun belə vəziyyətə düşməsinə təəssüflənirəm. Təkliflərə gəldikdə, nə yalan deyim, hazırda heç nə yoxdu. Bir müddət əvvəl olub. Ancaq danışıqlar sönük keçdi və real heç nə baş vermədi. Özüm də üstünə çox getmədim.
- Ən pis vaxtlarında AZAL-da olmusuz. Bir növ daha əvvəl dağılmamağının səbəbkarlarından biri özünüzsüz. İndiki vəziyyətdə hansı addımı atacaqsız?
- Bəli, mən həmişə AZAL-ın yanında olmuşam, indi də buna hazıram. Ancaq hər şey rəhbərliyin kluba nə qədər ciddi yanaşmasından asılıdır. Bütün məsələləri aydınlaşdırıb sonra qərar verilməlidir. Bilmək lazımdır ki, necə olacaq, hansı maliyyə ayrılacaq, büdcə nə qədər planlaşdırılır, qarşıya hansı məqsədlər qoyulacaq və s. Yalnız səfər xərclərini qarşılayacaq qədər maliyyə və olduqca aşağı məvaciblər olacaqsa, belə komanda saxlamağın əhəmiyyəti yoxdur və çox şey gözləmək lazım deyil. Əgər elə planlaşdırılıbsa, klub sadəcə ömür sürəcək. Belə yerdə vaxt itirmək istəmirəm. Bu, mənim üçün faydasız olar.
| Paylaş: