')

Bu gün:


FutbolPress.Az | "Jurnalistlərin bölgələrə səfəri layihəsi özünü doğrultdu" (MÜSAHİBƏ)

"Jurnalistlərin bölgələrə səfəri layihəsi özünü doğrultdu" (MÜSAHİBƏ)


oxunma sayı: 1565 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqasının jurnalistlərin bölgələrə səfəri layihəsi çərçivəsində Premyer Liqanın 2016/17-ci il mövsümü üçün sonuncu səfər Qəbələyə təşkil edildi. Bu dəfə mətbuat nümayəndələrinə “Qəbələ” ilə “İnter” arasında keçirilən 27-ci tur oyunu və matçdan sonra komandalara medalların təqdim edilmə mərasimini işıqlandırmaq imkanı yaradıldı.

Layihə barədə yolüstü PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətləşdik...


- Premyer Liqa çərçivəsində bu mövsüm bölgələrə təşkil edilən sonuncu səfər idi. Amma gəlin əvvəldən başlayaq. Belə bir ideya necə yarandı?
- Çempionat “Topaz Premyer Liqası” adlanandan, yəni biz şirkətlə müqavilə bağladıqdan sonra müxtəlif layihələrimiz oldu - ayın oyunçusu, ayın qolu və s. Bunları Bakıdakı hotellərdə təşkil edirdik. Həmin işlərə müəyyən maliyyə ayrılırdı. Ancaq bir müddət sonra hiss olundu ki, artıq maraq azalıb. Fikirləşdik, məsləhətləşdik ki, bununla bağlı yenilik etmək lazımdır. Elə bir dövr idi ki, mətbuat əyalətdə baş tutan oyunlarda iştirak edə bilmirdi. Jurnalistlərin regionlarda keçirilən  matçlarda daha çox təmsil olunması üçün belə bir layihə fikirləşdik. Buna böyük ehtiyac var idi. Çünki bəzən elə hallar yaşanırdı ki, baş məşqçi mətbuat konfransında yalnız bir jurnalist görürdü. Bu da yaxşı qarşılanmırdı. Ən azından Azərbaycan futbolunda kifayət qədər tanınmış məşqçilşər var. Düşündük ki, problemi aradan qaldırmaq üçün mətbuat nümayəndələrinin bölgələrə səfərlərini təşkil edək. Bu həm Premyer Liqa, həm də I Divizion oyunları üçün nəzərdə tutulurdu. Aşağı liqa ilə bağlı səfərlər isə əsasən ayın qolu nominasiyasının qalibi olan futbolçunun mükafatlandırıldığı matçlara təşkil edilirdi. Bu, bir tərəfdən də jurnalistlərin I Divizion klublarının durumu, ordakı infrastrukturla yerindəcə tanış olması məqsədi daşıyırdı.

- İdeya özünü doğrultdumu?
- Məncə, doğrultdu. Bir dəfə I Divizion oyununa təşkil edilən səfərdə “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov dedi ki, mən uzun illərdi köməkçi məşqçi, baş məşqçi kimi fəaliyyət göstərirəm, bu, mətbuat konfransında ilk çıxışımdı. Məncə, bunun özü göstəricidir. Layihəyə ümumi qiyməti jurnalistlər versə, daha doğru olar, amma mənim fikrimcə, uğursuz alınmadı. Burda jurnalistlər üçün mükafat da var. Hansı ki, onları daha çox işləməyə həvəsləndirir. Jurnalistlər həm iş görürlər, həm də mükafat qazanmaq imkanları olur.

- Mövsümün əvvəllərində bölgələrə səfər Premyer Liqada demək olar, hər tur təşkil edilirdi. Sanki sonradan bir “qırılma” baş verdi və bu yalnız daha vacib oyunlara aid olundu. Səbəb nə idi?
- Təqvim sıxlığı problem yaradırdı və çatdırmaq çətin olurdu. Çünki az qala 3 gündən bir oyun keçirilirdi. Digər tərəfdən hiss olunurdu ki, jurnalistlər də bir qədər yorulublar. Bir şey az olanda daha şirin olur. Məsələn, “Qəbələ” – “Qarabağ” oyununa rekord sayda jurnalist getdi – 50 nəfər. Möhtəşəm bir səfər olmuşdu. Özümüz də təəccüblənmişdik. Ona görə düşündük ki, hər tur olmasındansa, ayda iki dəfə edək, amma daha yaxşı alınsın. Məncə, dəyişiklik jurnalistlərin də xeyrinə oldu.

- Bu, PFL-in Topazla birgə layihəsi idi. Tərəfdaşınız gedişatdan razıdırmı?
- İndiyə qədər səfərlərlə bağlı heç bir etirazları olmayıb. Hər hansı narazılıqları olsa, bizə bildirərdilər. “Topaz”la heç bir problem yaşamamışıq, hər şey qaydasındadır.

- Gələn mövsüm layihə davam edəcəkmi?
- Mövsümün sonunda müqaviləmiz bitir. Gələn çempionat üçün “Topaz”la, yaxud başqa şirkətlə yeni müqavilə olsa, bunu müzakirə edib qərar verəcəyik. Əvvəlki illərdə də müəyyən layihələrimiz olub. Məsələn, keçən mövsüm jurnalistlər oyunun dəqiq nəticəsini tapırdılar.  Ancaq təcrübəli həmkarlarla fikir mübadiləsindən sonra belə qərara gəldik ki, daha yaxşı işləyənlər mükafat qazansın. Bunun məhsuldarlığı ikitərəflidir – həm öz saytı üçün işləyir, həm də mükafat qazanır. Necə ki, futbolçu meydanda qazandığı qələbəyə görə mükafatlandırılır, jurnalistlər də gördükləri işin qarşılığını almaq imkanına malik olurlar.

- Gələcəklə bağlı yeni ideyalar varmı? Bəlkə başqa formatlarda...
- İstənilən şey eyni cür davam edəndə bezdirici olur. Əgər hiss etsək ki, bu, özünü doğrultmur, artıq jurnalistlər soyuyur, başqa layihələr fikirləşə bilərik. Əlbəttə, sponsora da uyğun olmalıdır ki, onlar da narazı qalmasınlar.

- Demək olar, hər səfərlə bağlı müsabiqə təşkil edilir və siz göndərilən bütün yazıları oxuyub, qiymət verirsiz. Müşahidənizi bilmək istərdim: ilk vaxtlarla indiki arasında kəmiyyətcə, daha əhəmiyyətlisi keyfiyyət baxımından necə fərqlər var?
- Əvvəlcə onu deyim ki, qalibi müəyyənləşdirmək həddən artıq çətindir. Bir nominasiya varsa, orda həmişə narazılıqlar da olur. Media Komitəsinə təşəkkür etmək istəyirəm ki, mövsümün ilk yarısında məsuliyyətli işi öz üzərilərinə götürdülər. Qış fasiləsindən sonra isə biz bu işi görməyə başladıq.
Yazılara gəlincə, layihənin jurnalistlərə xeyirli olduğunu düşünürəm. İlk vaxtlarla müqayisədə az da olsa irəliləyiş müşahidə edilir. Ancaq ən çox diqqətimi cəlb edən odur ki, idman mətbuatında ciddi baş redaktor problemi var. Gənc jurnalistlər daha təcrübəli baş redaktorların yanında işləsələr, yaxşı olar. Çünki onların öyrənəcək çox şeyləri var. İdman jurnalistikasında qəzet məktəbi artıq dövrünü başa vurmaq üzrədir. Cəmi iki qəzet qalıb – “Futbol+” və “Het-trik news”. Əvvəllər isə bunların sayı daha çox idi, jurnalistlərin əksəriyyəti qəzetdən yetişirdi. Ancaq indi vəziyyət dəyişib və qəzetləri saytlar əvəz edib. Buna isə peşəkar yanaşmaq lazımdır. Yeri gəlmişkən, Media Komitəsi bu yaxınlarda multimedia kursu təşkil etmişdi. Jurnalistlərin peşəkarlaşması üçün kifayət qədər xeyirlidir.

-  Layihənin formatı belədir ki, müəyyən qədər rəqabət yaradır. Bu yəqin ki, ümumi bir inkişafa da aparır...
- Təbii ki, rəqabət olması yaxşıdır. Bir tərəfdən də çox vaxt jurnalistlər düşünürlər ki, daha çox xəbər yazsam, qalib ola bilərəm. Amma məsələ sayda deyil. Bəzən elə xəbərlər olur – bəlkə düz çıxmayacaq –  ümumiyyətlə, saytda getməli deyil. Dəfələrlə rastlaşmışam bununla. Bir az kreativlik qatılsa, daha yaxşı olar. Az xəbər olsun, amma yeni yanaşma görünsün. Elə olub ki, səfərə getmişik və 18 futbolçudan açıqlama göndəriblər. Hamısı da şablon, eyni şeylərdən danışır. Bundansa, 3-5 xəbər olsun, amma dəyərli... Jurnalistlər kəmiyyətdənsə keyfiyyətə diqqət yetirsələr, daha çox xeyirlərinə olar.

- Bu mövsüm üçün sonuncu səfər kubokun final oyununa – Naxçıvana təşkil olunacaq. Həmin matça hazırlıq necə gedir?
- Hazırlığımız yüksək səviyyədədir. Konsert proqramı planlaşdırılıb. Röya xanım başqa tədbirlərinin də olmasına baxmayaraq, söz verib ki, orda iştirak edəcək. Peşəkar Futbol Liqası həmişə final oyununun açılış mərasimini yüksək səviyyədə təşkil edib. Ümumiyyətlə, bunu ayrıca möhtəşəm bir qarşılaşma kimi artıq aşılamışıq. Naxçıvanda yerli şəraitə uyğun açılış mərasimi təşkil etməyi düşünürük. Bakıdan rəqqas aparmasaq da, orda yerlilər artıq bunun üzərində işləyirlər, müəyyən mahnılarla bağlı məşqlər gedir. Fikirlərimizi demişik və orda hazırlıq davam edir. Stadionda səhnə qurulacaq. Naxçıvana birbaşa quru yol olmadığı üçün İran ərazisindən keçməklə böyük bir səhnə aparacağıq. Çalışacağıq, hər şey yüksək səviyyədə olsun. Açılış mərasimi sadə, eyni zamanda xoşagələn olacaq.
Stadionun durumu da normaldır. Gedib, baxmışıq. Dediyimiz hər şeyi yerinə yetirəcəklər. Düşünürəm ki, möhtəşəm bir oyun olacaq. Azərbaycanı Avropa Liqasının qruplarında təmsil edən, çempionatda da son turlara qədər mübarizə aparan klublar arasında ən yüksək səviyyədə bir matçın baş tutacağını gözləyirik.
Finalın mətbuatda işıqlandırılmasına gəldikdə isə həmin gün ən tez reyslə gedib, sonuncu ilə qayıtmağı düşünürük. Artıq 40-a yaxın idman jurnalistinin səfərdə iştirak edəcəyi dəqiqləşib.

- Kubok finallarında təşkilatçılıq baxımından həmişə PFL hansısa "naxışı" ilə diqqət cəlb edib. Məsələn, ssenariləşmiş səhnələr, kubokun paraşütlə meydançaya gəlişi və s.  Bu il üçün Röyanı və rəqqasları qeyd etdiz. Belə başa düşdüm ki, ekstravaqant heç nə olmayacaq. Maraqlıdır niyə?
- Hər şey imkandan asılıdır. Yerli şəraiti nəzərə almalıyıq. Əvvəllər Bakıda da kuboku hava ilə gətirməyi planlaşdırmışdıq, amma stadion rəhbərliyi icazə vermirdi ki, üstüörtülü arenada problem yarada bilər. Ancaq Qəbələdə yerli şərait kuboku stadiona belə gətirməyə imkan verirdi. Beyləqanda bunu həyata keçirmək üçün xüsusi təlim yerləri var. İki rayon yaxın olduğu üçün ideyamızı reallaşdırdıq. Naxçıvanda da şəraiti nəzərə almışıq. Orda yerli ornamentlərə uyğun rəqslər olacaq. İnanırıq ki, gözəl alınacaq.

Faiq Tahirov


oxunma sayı: 1565 | Paylaş:




?>