Anonimin həqiqətləri (KİÇİK QEYD)
Paylaş:
I Divizionun lider komandalarından birinin əsas oyunçusu (adının açıqlanmasını istəmədi) iki gün əvvəl bizimlə əlaqə saxlayıb, açdı sandığı...
“...dərdimiz böyükdü. Yazın, açıb-ağardın, bəlkə yuxarıda oturanlar bilə, bir əncam çəkə. Bizim komanda bilərəkdən oynamır. Mən uşaqlarda heç bir günah görmürəm. Neyləsinlər, vəziyyət onların xeyrinə deyil.
Qış fasiləsinə qədər hamımız meydanda can qoyurduq. Bizə deyilmişdi ki, Premyer Liqaya vəsiqə qazansaq, buraxacaqlar, əvvəlki illərdə olduğu kimi problemlər yaradılmayacaq. Hər birimiz bacardığımızı meydanda qoyurduq.
Qış fasiləsindən bir-iki tur keçəndən sonra uşaqlar maraqlanmağa başladı ki, bu işlərin axırı necə olacaq. Təbidir ki, bunu yalnız rəhbərlik dəqiq cavablandıra biləcəkdi, bu sualla da onlara müraciət elədik. Onlardan dəqiq bir söz deyilmədi.
Ondan sonra uşaqlarda haqlı biganəlik yarandı. Bilirsiz niyə? Çünki komanda yüksək liqaya vəsiqə qazansa, bilinmir buraxılacaq, ya yox. Həm də söhbət gəzir ki, guya liqaya qalsa, indiki heytin yarıdan çoxu göndəriləcək. Bax buna görə də uşaqlar oynamaq istəmir. Hamı düşünür ki, can qoyub, I Divizionda birinci olub, Premyer Liqaya yüksəldək komandanı, ondan sonra bizi yola salsınlar – belə işə qol qoymaq istəyən yoxdur. Camaat gücbəla bir iş yeri tapıb.
Bizdə ən az alan 400 manat maaş alır, hər qələbədə də mükafat olur. İndi siz deyin, kim bu qazancından imtina edər? Ona görə də anormal vəziyyət yaranıb. Uşaqların çoxu qəsdən oynamır ki, uduzaq, heç Premyer Liqaya vəsiqə verən yer də tutmayaq. Qalıb elə Divizionda oynayırıq da”.
Bu, acı reallıqlar zəncirinin növbəti halqasıdı.
“Neftçi”nin 80 il sonra açdığı 80 illiyə həsr olunmuş, daha çox dekorativ salonu xatırladan muzeyin açılışından AFFA prezidenti Rövnəq Abdullayevin Divizion - Premyer Liqa mövzularında suallara verdiyi cavablarla tanışsınız yəqin. Tanış olmayanlara da təfsilatı bir cümləylə çatdırmaq mümkündü – adam özü də bilmir ki, Premyer Liqada hazırkı kimi 8 klub qalacaq, son yeri tutan AZAL gedəcək, yoxsa klub sayı artırılacaq və 10 olacaq, liqanı tərk edən olacaqmı, Diviziondan hansılar gələ bilər... heç bir suala cavab yoxdu.
Azərbaycan fubolu belə bir nərdivandı. Təsəvvür edirsiniz?
Elçin Cəlilov
| Paylaş: