Bu gün:


FutbolPress.Az | Çempionun vacib missiyası və riskin vacibliyi (KİÇİK QEYD)

Çempionun vacib missiyası və riskin vacibliyi (KİÇİK QEYD)


oxunma sayı: 364 Paylaş:

FutbolPress“Qarabağ” ardıcıl 4 dəfə Azərbaycan çempionu (ümumilikdə 5 dəfə)  olmaqla rekord qırdı. Bu və başqa bir neçə istiqamətdəki statistikalara 10-20 illik dominantlığa zəmin yaradan bu nəticələrin bircə almazı çatışmır...

Qurban Qurbanovun  ürəyinin dərinliklərindəki arzu hardasa bizə də məlumdu – Çempionlar Liqasının qrup mərhələsinə düşmək.

Təkcə bu qalıb. Qurbanov Azərbaycan futboluna adını qızıl hərflərlə yazdıra bilər bununla.

Bəs 
niyyətin mümkünat dərəcəsi nə qədərdi?

***               ***               ***

Artıq bilirsiniz ki, qarşıdakı avroliqa mövsümü ikinci və ya üçüncü dərəcəli ölkələrin çempionları üçün ÇL-in qrupuna düşməyə son şansdı. Çünki 2017/18 mövsümündə reqlament dəyişiləcək və yeni sistem daha çox böyük futbol ölkələriyçün yarıyır.

“Qarabağ” artıq Azərbaycan səviyyəsində öz yerini tutub/göstərib. Qurbanov çempionluğa gedən yolları bütün rəqiblərdən daha yaxşı “oxuya” bilir və bu işdə sanki onda bir vərdişkarlıq da yaranıb. Həmçinin Avropa Liqasının qrup mərhələsinə düşmək də enişli-yoxuşlu olmaqla, namümkün deyil.

Aşılası əsas sədd ÇL-in qrupuna düşməkdi. Bununçünsə klubun yeni pəncərədən baxışı lazımdı.

***               ***               ***

Klubun vitse-prezidenti Tahir Gözəl bugünkü brifinqdə dedi ki, Qurbanov kimi uyğun bilsə, onu da transfer edər, biz klub rəhbərliyi olaraq hazırıq.

Yəni istənilən qədər büdcə ayrılacaq. Daha doğrusu, mümkün qədər...

Bəs Qurbanov necə, bu dəfə riskə gedəcəkmi?

Risk amilini qabartmağımız əbəs deyil. Büdcə haqda açıqlamalar əvvəl də bu cür olub. Əsas məsələ transferlərin məzmunundadı. Qurbanov  futbolçu seçimində çox həssasdı. Xüsusən, hücum mövqeyinə yük qoya biləcək transfer “tutuzdurmaq” mümkün olmur. Ndlovu özündən əvvəlkilərə nisbətən daha  diri olsa da, ÇL üçün arzulanan səviyyə daha üstün olmalıdı. Özünün dediyi kimi, bütün mövqelərdə güclənməyə ehtiyac var...

Məsələnin bir yönü də var ki, təklif göndərilən səviyyəli oyunçular Azərbaycana gəlməkdən imtina edir və bu bəladan Qurbanov da dəfələrlə söhbət açıb. Ancaq “Qarabağ”ı artıq Avropada az tanımırlar. Həm də klubun maliyə cəhətdən futbolçularla davranışında əskiklik olmayıb deyə, səviyyəli oyunçuların gəlişində elə bir problem olmamalıdır. Yeganə qabarıq faktor Azərbaycan çempionatının səviyyəsi məsələsi ola bilər, bu da hansısa futbolçunun bura gəlməməsinə əsas səbəb olacaqmı – inandırıcı deyil. Odur ki, Qurbanovun bahalı oyunçu almasına risk etməsi lazımdı. Məsələ daha çox bu məqamda dalana dirənir.

Onun bahalı futbolçuya meyl etməməsi arqumenti daha inandırıcıdır. Çünki Qurbanov ÇL-in qrupuna adlamamağın mümkünatı fonunda bahalı oyunçunun Azərbaycan çempionatında “nəyə lazım” olması məsələsi də onu ehtiyatlı davranmağa vadar edir.

***               ***               ***

Geridə qalan 3 mövsümdə göründü ki, “Qarabağ” hər dəfə təxminən eyni yerdə “ilişir”, daha sonra AL-in qrup mərhələsinə, təxminən, rahatlıqla düşür. Deməli, heyət bu proqrama hazırdı. Qurulan güc - “arsenal" bu proqramçün yetərlidir. ÇL-in qrupu üçünsə risk edilməlidi. Əsas məsələ məhz bundadı. Qurbanov bu il fürsəti fövtə verməməkçün RİSK eləməlidi...

Elçin



oxunma sayı: 364 | Paylaş: