Bu gün:


FutbolPress.Az | “Bəlkə kimsə dinlədiyim musiqini eşidib deyər ki, söndür, başım ağrıdı” (MÜSAHİBƏ)

“Bəlkə kimsə dinlədiyim musiqini eşidib deyər ki, söndür, başım ağrıdı” (MÜSAHİBƏ)


oxunma sayı: 592 Paylaş:

FutbolPressHəmişə ən  sevdiyim istiqamət müsahibə götürmək olub.  Sanki bir insanın qismində bir dünyaya səyahət edirsən. Bu səyahətləri tez-tez eləməməyə çalışırsan ki, həm yorulmayasan, həm marağı qalsın...

Budəfəki müsahibim  Səməd Nəsibovdu. Onunla çoxdanın həmsöhbətiyik. Futbol aləmində intellektinə, zövqünə marağım olan seçmələrdəndi. Kinodan, musiqidən, fərqli zövq məsələlərindən müzakirələrimiz az olmayıb.

Bir dəfə “Qəbələ” çempionluq iddiası ortaya qoyub, yaxşı transferlərə qol çəkirdi. Birdən xəbər çıxdı ki, “İnter”də təqaüdə çıxmalı olan Volodimir Levini götürüblər. Bunu kluba heç yaraşdırmadım və bəlağətli bir tənqid yazdım. Fikirləşdim ki, bu da “Qəbələ”: nə düşünürük haqqında, nə edir...

Həmin ərəfədə “Gabala Cup”ı işıqlandırmaqçün ora ezam olunmuşduq. Səməd bəylə söhbətimizdə Levin mövzusu açıldı və gözlədim ki, özünəyaraşan tərzdə major notlarla narazılıq tonunu da ötürəcək. Ancaq tam əksi oldu: “...məqaləni oxumuşam çox haqlı qeydlər var”.
Əlbəttə ki, bu, klub funksionerinin mətbuat nümayəndəsinə qarşı müraciət, münasibətdən xəbərdar olmasının göstəricisiydi. Belə azsaylı funksionerlər var ki, onlar çalışdığı klubu, qurumu çox həmlələrdən öz səviyyələriylə xilas ediblər.

Həmişəcavan qocaman həmkarımız Mişanın (Mehman Süleymanov) feysbukda ənənəvi təbrik rubrikasında bu dəfə Səməd bəy haqda oxuduq.



- Səməd bəy, ad gününüz olduğundan həmkarımız Mehman Süleymanovun feysbukda ənənəvi təbrik mesajından sonra xəbərimiz oldu. Adətən insanlar sosial şəbəkədə bunu gizlətmirlər. Bilinməyini niyə istəmirsiz?

- 42 yaşım tamam olur, amma heç vaxt ad günü qeyd eləməmişəm. Xüsusi bir səbəb yoxdur. Psixoloji məqamlar var. Bu da bir qədər dərinə, uşaqlığıma gedir.

- İllərin ötməyi darıxdırır, yoxsa...

-
Hardasa o da var. Əvvəl açıq idi feysbukda. Yaş ötdükcə artıq bir az təsir edir. Gizlətmişdim doğum tariximi.

Həmin postun altına çoxlu təbriklər yazıldı. Böyük əksəriyyət də futbol adamlarıydı. Bir qədər futbol aləminə - “Qəbələ”yə gəlişinizdən danışaq...

- Rəsmi olaraq 2009-cu ilin 1 dekabrında “Qəbələ”də çalışmağa başlamışam. Amma futbola gəlmək barədə qərarı uzun müddət əvvəl qəbul etmişdim. Təxminən 2-3-cü siniflərdə. Futbola sevgim elə o vaxtlarda yaranıb. İlk dəfə stadionda “Neftçi” – “Çernomorets” oyununa baxmışam. Böyük bir hadisə idi mənimçün. Deyəsən “Neftçi” 1:0 qalib gəlmişdi.

Həmin o “Çernomorets” ki, Qriqorçuk ora baş məşqçi  gələcəkdi, sonra da “Qəbələ”yə...

-
Bəli, bu da bir taledir. Həmin vaxt stadionda yaşadığım hisslər artıq simpatiyanın məhəbbətə çevrilməsi demək idi. Bu yaxınlarda türklərin - səhv eləmirəmsə, dondurma reklamında idi - belə cümlə eşitdim: “Bəzi şeylər var, həyatınıza daxil olur və bir də çıxmır”. Futbol da belə oldu mənim üçün. Uşaqlığım, orta məktəb dövrüm bütünlüklə futbola həsr olundu. Düzü, ondan sonra getdiyim yol çox uzaq olub. Təhsil, işlədiyim yerlər və s. Amma yolum nə qədər uzaq olsa da, könlümün bir o qədər yaxın olduğu ilə bağlı kiçik bir məqamı danışım. İndi, məsələn feysbukda köhnə tanışlardan kimləsə yazışanda futbol sahəsində işlədiyimi deyirəmsə, cavab verirlər ki, əvvəl-axır yerini tapmısan (Gülərək).

Təhsiliniz hansı istiqamət üzrə olub?

- Türkiyənin Qazi Universitetində Beynəlxalq Münasibətlər sahəsində, Ankara Universitetində isə Avropa Birliyi üzrə magistratura bitirmişəm. Sonradan doktoranturaya qəbul olsam da, yarımçıq saxladım.

Prestijli bir klubda çalışırsız. Amma futbol aləmində çaxnaşmalar kifayət qədərdir. Sizin gördüyünüz o mühitdən, fərqli sahədə təhsildən sonra Azərbaycan futboluna adaptasiya olmaq çətin olmadı ki?

- Mühiti dəyişmək istər-istəməz müəyyən qədər  sancılı olur. 1992-ci ildə Azərbaycandan getmişdim, bir də 2001-ci ildə qayıtdım. Bu müddətdə ölkədə çox şey dəyişmişdi. Təbii ki, özüm də. Öyrəşməyim bir az zaman aldı və o zaman da sancılı oldu bir qədər. Sonra ard-arda işlədiyim yerləri dəyişdim. Bu özü də çətinliklər yaradırdı. Baxmayaraq ki, təhsilim bu istiqamət üzrə deyildi, peşəkar anlamda futbolla hər hansı bağlılığım yox idi, ama ən tez adaptasiya olduğum sahə oldu.


Müsahibim  ailəsiylə birgə 1989-cu ildə Ermənistandan məcburən Bakıya köçüblər. Bakının Mehdiabad qəsəbəsində yaşayıblar. Həmin ərəfələrdə anası rəhmətə gedir və o, bacısıgildə yaşayır. 3 il sonra isə təhsil məqsədiylə ölkəni 9 il tərk edir.


Təhsil aldığınız Türkiyədə fanatiklik həddində sevgi var futbola. Orda olanda hansı komandaya simpatiya hiss etmisiz?

- “Qalatasaray”. Bunun da öz tarixçəsi var. UEFA kuboku oyunu idi. Yataqxana koridorunun hər iki başında televizor vardı. Birində “Ayaks” – “Beşiktaş”, digərində “Mançseter Yunayted” – “Qalatasaray” oyunu gedirdi. Hərəsinə az-az baxırdım. “Beşiktaş” Hollandiyada 1:0 qalib gəlirdi, “Qalatasaray” isə 0:2 uduzurdu. Əksəriyyət gedib “Beşiktaş”ın oyununa baxmağa başlasa da, mən sonadək “Qalatasaray”ı izlədim.  Həmin matçda “cim-bom” möhtəşəm geridönüş etdi, 3:2 önə keçdi. Sonda hesab 3:3 olsa da, o zaman böyük  səs-küy yaratmışdı bu oyun. O gündən “Qalatasaray”a azarkeşlik etmişəm. Amma indi bütün həyəcanım “Qəbələ” ilə bağlıdır.

Futbola ilk gəldiyiniz dönəmlərdə həlim biri kimi tanınırdız. Ancaq sonradan  bəzən olduqca çılğın, emosional reaksiyalarınız oldu...

- Xarakterimdə belə dəyişiklik olduğunu fikirləşmirəm. O sərt reaksiyalarım istisnadır. İstənilən halda ədalətsizliyə dözə bilmirəm. Son zamanlar baş verənlər bir yana, əvvəllər də öz ədalət anlayışma, məntiqimə uyğun olmayan hansısa hakim qərarı və s. olanda feysbukda dəfələrlə paylaşmışam, idman mediasında olan dostlardan fikirlərini soruşmuşam. İnsanın hər şeyi bilməsi mümkün deyil. Dəfələrlə sizin özünüzdən də soruşmuşam. Amma bir şey ardıcıl xarakter aldıqda... Məsələn , Əliyar Ağayev bəyəndiyim hakimdi, Avropa oyunlarını idarə edir, çempionatımızda gərgin matçlara təyinat alır. Oyunların heç birində səhv etmir, amma sistematik şəkildə “Qəbələ”nin əleyhinə səhvləri oldu. Bu da adamı şübhələndirir və ədalətsizliyə məruz qaldığını düşünürsən. Nəticədə  aqressiya yaranır. Amma əsəbim tez də sönür, kin saxlamıram. Son Gəncə hadisələrində Orxan Məmmədova “adam kişi olar, orda qırmızı var idi?” demişdim və oyundan sonra gedib buna görə üzr istəmişdim.  Həmin o aqressiya ötəridir və heç vaxt kin səviyyəsinə çatmır.

- Futbolda olduğunuz müddət ərzində nələrin dəyişdiyi barədə danışdıq. Bilmək istərdim ki, özünüzü futbolda necə hiss edirsiz?

- Bütün neqativliklərə baxmayaraq, futbolumuz haqqında nikbinəm. Eləcə də “Qəbələ” barədə. Bizi ən çox azarkeş məsələsi narahat edir. Planlarımız gələcəyə hesablanıb. Lap kiçik yaşlardan, məktəb vaxtlarından uşaqlarla əlaqələr saxlayırıq. Uşaqları futbola yoluxdurmağa – məhz buna çalışırıq.

Qəbələ futbol zonası kimi tanınmayıb. İstəyirsiz ki, o rüşeymləri atasız orda...
- Məktəblilərə hədiyələrimiz olub, onlara dərslər kemişik, məktəblərarası turnirlər təşkil etmişik. Bəli, biz o rüşeymləri atırıq, bunların nəticə verməsi üçün isə vaxt lazımdır. İndi onlar 5-6-cı siniflərdə oxuyurlar, amma 5 il sonra müstəqil fərdlər, hansısa işin sahibləri olacaqlar. Həmin vaxt bir özəllikləri də olacaq ki, “Qəbələ”yə azarkeşlik edəcəklər. Buna nail olmağa çalışırıq.

Azərbaycanda futboldan pul qazanmaq mümkündürmü? Perspektivdə nəsə görürsüzmü?

- Əlbəttə, mümkündür. Futbolu inkişaf etdirmək, qaldırmaq istəyiriksə, kütləvililiyi artırmaq lazımdır. Bu ancaq klubların öhdəsinə düşən bir şey deyil. Futbol mediası da dəstək olmalıdır. Universitetlər, təhsil nazirliyi, idman və mədəniyyət nazirlikləri də buna diqqət etməlidir. Böyük bir proyekt olmalıdır ki, futbol ayağa qalxsın. Məsələn, iki idman kanalımız var, səhər-axşam kreativ verilişlər təqdim edilməlidir. 1-2 sayt, qəzetlə olan şey deyil, hamılıqla buna çalışmaq lazımdır. Kütləvilik olandan sonra növbə məhsulu satmağa gələcək.  Bildiyim qədəriylə ilk dəfə ölkədə klubun sahibi olan şirkətdən əlavə sponsorla müqavilə bağlayan “Qəbələ” olub. Biz “Hyundai” ilə sözləşmə imzalamışdıq. Təəssüf ki, davam etdirə bilmədik. Demişdilər ki, Avropada çıxış etməlisiz. Ancaq bu uğurlar  onlarla müqavilə başa çatdıqdan sonra gəlməyə başladı. Obyektiv səbəblərdən yeni əməkdaşlığımız alınmadı. İstəyirik ki, böyük brendlərlə adımız çəkilsin və klubun brendləşməsinə, marka dəyərinin artmasına nail olaq. Bu da yalnız bizlə mümkün olan iş deyil. Tək əldən səs çıxmır. Bunun üçün böyük bir layihə olmalıdır. Əks halda fundamental dönüş yaratmaq olmaz.


Futbolun kütləviləşməsində intriqaların da rolu böyükdür. Bir vaxtlar “Xəzər Lənkəran”la “Neftçi”, “Bakı” ilə digərləri arasında var idi. Bu mövsüm isə yalnız “Qarabağ”la “Qəbələ” arasında intriqa oldu. Sonradan get-gedə yoxa çıxdı...
- Doğru  vurğuladız ki, kütləvilikdə intriqa çox vacibdir. AFFA-nın marketinq təlimlərində lektorun  danışdığı bir hadisə yadıma düşdü. Deyir, məni mütəxəssis kimi Çinə dəvət etmişdilər. Dövlət layihəsiydi. Hər şəhərin bir komandası var və da bir-birindən çox uzaqdadılar. Onlara dedim ki, siz yaxın şəhərlərdə klublar yaratmaqla intriqa yaratmalısız. 1000 km uzaqdakı komanda ilə rəqabət aparmaq maraqlı deyil, amma qonşunuzla rəqabət – bu alınar. Sonradan da bir çox təlimlərdə olmuşam. Deyə bilərəm ki, bəli, intriqanı saxlamaq çox vacibdir. Ancaq bunu idarə etmək də lazımdır. Nəzarəti əldən buraxmamaq, zorakılığa çevrilməsinin qarşısını almaq, insan həyatını da diqqətdə saxlamaq lazımdı. Bunları nəzarətdə saxlamaq şərtiylə intriqa yaxşıdır.

Bəlkə bizim intriqamızda intellekt çatışmır? Ümumiyyətlə, sanki bizim futbolun ən böyük çatışmazlığı elə budur...

- Razıyam. Məncə, təkcə idmanda yox, həyatın bütün sahələrində əskikliyini hiss etdiyimiz şeydir. Dünyanın elektronlaşması artıq insanların oxumaqdan imtinası üçün alternativlər yaradıb. Məsələn, sosial şəbəkədə kimləsə danışmaq, xəbər xəttini izləmək və s. Bəzən cavan uşaqlardan “Bəyin oğurlanması”, yaxud “Arşın mal alan” filmlərini soruşuram, bilmirlər. Azərbaycana qayıtdıqdan sonra bir müddət universitetdə baş laborant işləmişəm. Həmin vaxt auditoriyalarda tələbələrdən ən son nə vaxt kitab oxuduqlarını soruşurdum. Az qala onların yarısından çoxu dərs kitablarından əlavə bir şey oxumamışdı. Bu da insanda intellektin aşağı olmasına gətrib çıxarır. Savadlı olmaq hələ intellektual, dərin insan olmaq demək deyil.

Bayaq rüşeym məsələsindən danışdıq. “Qəbələ”nin akademiyası ölkə ərazisində ən böyüyüdür. Bəlkə elə ordaca uşaqlar arasında bu rüşeymləri salasız. Məsələn, kino klublar, oxu günləri, yarışlar və s. təşkil etmək...

- Akademiyada bu işləri görürük. Həftənin müəyyən günləri hansısa mövzular ətrafında diskussiyalar təşkil edirik. Klubda müxtəlif sahələr üzrə savadlı insanlar var, onlardan xahiş edirik, müəyyən bir mövzu ilə bağlı uşaqlara təqdimatlar hazırlayırlar. Bunlardan əlavə iki müəllim və iki tərbiyəçi var ki, belə işlərlə məşğul olurlar. Bir ara Elmlər Akademiyasından da müəyən şəxslərlə əlaqə yaratdıq. Bəlli səbəblərə görə baş tutmadı. Planımız var idi ki, məşqlərdən sonra uşaqlara onların qavraya, həzm edə biləcəyi şəkildə bilgilər verək. Bu istiqamətdə planlarımız var və iş gedəcək. İnsanın beyni, zəkası işləməsə ayağı da işləməyəcək.

Mühitdən danışanda “tək əldən səs çıxmaz” demişdiz. Sizin akademiyanızın bir yetirməsi var, Bəhlul Mustafazadə. Onun feysbuk profilinə baxanda aydın olmuşdu ki, Niçşeni oxuyub, orijinal film zövqü var və s. Belə insanlar ətrafında olanları da yaxşı mənada yoluxdura bilər. Amma icarədə olduğu “Sumqayıt”da az qala dəbdəbə ilə belə bir söz çıxdı ki, ateist olduğuna görə komandadan uzaqlaşdırıblar. Təəssüf ki, mühit buna hazır görünmür. Sözümün canı odur ki, siz təxminən bu yaşlarda olan futbolçulara nə təklif edirsiz? O, hansı kitabları oxumalıdır ki, fantaziyasına təsir etsin?

- Bəhlulun 13-14 yaşı olanda mən həmin yaş qrupu ilə Türkiyədə turnirdə idim. Kim yaxşı oynayırdısa, qol vururdusa hansısa bir hədiyyə verirdim. Bəhluldan soruşmuşdum ki, nə hədiyyə edim sənə, o, kitab istəmişdi. Həm təəccüblənmişdim, həm də sevinmişdim. Ona görə indi belə olmağı normaldı. O, “Qəbələ”nin akademiyasında olanda öz-özünə skripkada ifa etməyi öyrənmişdi. Kitab məsələsinə gələndə, mən onlara bədii ədəbiyyat oxumağı məsləhət görürəm. Düzdü, mən özüm artıq uzun müddətdir oxuya bilmirəm, amma buna meylli adam olmuşam.

- Bəlkə elə yaşla bağlıdır. Artıq nələrəsə tələsirsiz, bədii ədəbiyyat isə vaxt aparan şeydir...

- Bilmirəm. Artıq uzun müddətdir. Universiteti bitirməklə sanki beynim doydu. Hansısa qısa hekayələri, yaxud bizim gənc yazarları oxuyuram. Məsələn, Aqşin Yeniseyin şeirlərini sevirəm.

Yerlilərdən, dünyadan imzalar çəkərdiniz. Səməd bəy kimləri oxuyur?
- Dostoyevskidən üstününü tanımıram. İlk oxuduğum 4-cü sinifdə “Qarqantua və Pantaqruel” olub. Ardınca isə yay tətilində Çəmənzəminlinin “Qan içində” romanını oxumuşam. Bilmirəm, bəlkə də yazarın adı xoşuma gəlmişdi. Məncə, yerli ədəbiyyatı mütləq oxumaq lazımdır. Çünki insan birinci kim olduğunu dərk etməlidir. Bunu da roman, kino, musiqi, şeirlə anlamaq olar.

Hansı janr musiqilər?

- Standart pleylistim yoxdu. Roku fərqləndirərdim, amma istənilən gözəl musiqiyə qulaq asıram. Qeyri-standart musiqiləri çox sevirəm. Ola bilər kimsə qulaq asdığımı eşidib deyər ki, söndür bunu, başım ağrıdı və s. Xüsusilə Azərbaycan musiqisini sevirəm. Gülağa Məmmədov, Flora Kərimova və digərləri. Əsasən sovet dövrü musiqiçilərimiz və indikilərdən də Tünzalə Ağayevanı fərqləndirərdim. Dünya musiqisindən Emi Vaynhausu bəyənirəm.

Həssas film zövqünüzün olduğunu bilirəm. Yadda qalan təsir edən hansı filmlər olub?

- Film çoxdur. Bir müddət rejissorluq kursuna da getmişəm. Son illər baxdıqlarım arasında ikisini fərqləndirə bilərəm. Məncə, onları xüsusi saxlamaq lazımdır ki, gələcək nəsillər baxsın. Biri Nolanın – ümumiyyətlə, adam dahidir – “İnterstellar” filmidir, digəri “Nimfomaniak”. Biri yaradılışla, ikincisi insanın daxili ilə bağlı çox suallar ortaya çıxarır. Ona görə bunları çox sevirəm.

Uzun müddət Türkiyə mühitində yaşamısız. Son sualım belədir: “evet”, yoxsa “hayır?”

- Əlbəttə ki, hayır.


Elçin Cəlilov




oxunma sayı: 592 | Paylaş: