Bu gün:


FutbolPress.Az | Virtual detektiv: "Qəbələ"dən AZAL-dək (LAYİHƏ)

Virtual detektiv: "Qəbələ"dən AZAL-dək (LAYİHƏ)


oxunma sayı: 381 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri” mövzusunda araşdırmaları davam etdiririk.

Bu yazıda klubların rəsmi saytlarının konkret dövr – 2017-ci ilin ilk 3 ayında necə işlədiyinə nəzər yetirəcəyik.
 
Əvvəl də TPL klublarının rəsmi saytlarının ümumi iş keyfiyyətləri barədə qeydlərimizi aparmışıq. Göstərmişik ki, rəsmi saytların işi sanki klubların Premyer Liqadakı çıxışı ilə düz mütənasibdir. Liderlər elə lider, autsayderlər də autsayderdir.
 
Budəfəki yazıda saytların konkret kriteriyalar üzrə işləmə keyfiyyətinə baxacağıq:
 
-          Məlumat zənginliyi
-          Operativlik
-          Multimedia imkanlarından yararlanma
-          Yeni ideyaların, yaradıcılığın olması
 
 
 Bəs bunlar nədir?
 
Məlumat zənginliyi hər şeydən əvvəl saytın aktivliyidir. Konkret olaraq bu mövzuda klubla bağlı baş verənlərin ictimaiyyətə təqdim edilmə kəmiyyətidir. Burda janr, forma müxtəlifliyinin əhəmiyyəti yoxdur, amma bu, saytın özəyini təşkil edir.
 
Operativlik verilən informasiyaların zaman anlayışı, tez çatdırılmasıdır. Klubun oynadığı matçdan dərhal sonra bununla bağlı xəbər, foto, video və ya hər hansı müsahibə, açıqlama yerləşdirilirsə, deməli saytın operativliyi yerindədir. Bu, TPL klublarının bəziləri üçün ciddi nöqsan olsa da, bəzilərində vəziyyət normaldır.
 
Rəsmi saytların daha böyük çatışmazlığı multimedia imkanlarından istifadə səviyyəsinin aşağı olmasıdı. Burda konkret olaraq, foto/videolardan söhbət gedir. Konkret bəzi klubların bunda müəyyən irəliləyişi qeyd edilə bilər, ancaq ümumi mənzərə ürəkaçan deyil. Klubların hər birinin saytının hesabatını ayrı-ayrılıqda verdikdə bunu daha aydın təqdim edəcəyik.
 
Yeni ideya və yaradıcılıq isə ümumiyyətlə yox dərəcəsindədir. Klub saytlarında bununla bağlı 1-2 nümunədən artığını çəkmək mümkün deyil.
 
 
Hansı klubda vəziyyət nə yerdədir?
 
Klub saytlarının son üç ayını tədqiq etdikdə onları yuxarıdakı kriteriyalara görə müəyyən bir sıralamaya salmaq qərarına gəldik.
 
1.      “Qəbələ”
 
 
“Qəbələ”nin rəsmi saytı əvvəlki yazılarımızda da digərlərindən üstün olmuşdu. Klub saytına daxil olub komandanın və ümumiyyətlə İdman Klubunun nə işlə məşğul olduğu ilə bağlı informasiya əldə etmək mümkündür. Məlumatlar klubun başqa idman sahələrində də təmsil olunması ilə də əlaqəli olaraq, çoxşaxəlidir. Bura boks, cüdo, atıcılıq, karate, taekvondo və xüsusilə futbolla bağlı xəbərlər daxildir. Ancaq bizim daha çox maraqlandığımız futbolla əlaqəli informasiyaların özü də digər klublardan fərqli olaraq, daha geniş radiusludur. Burda əvəzedici komandanın çıxışından tutmuş klubun akademiyasına daxil olan aşağı yaş qrup komandalarının oyunları saytın oxucularına təqdim edilir. Kontentin zənginliyi baxımından “Qəbələ” bütün digər klubları üstələyir.
 
Saytda, təbii ki, xəbərlər daha çox əsas komandanın çıxışı ilə bağlıdır. Premyer Liqa və kubokda hər oyunun anonsu, matçlardan dərhal sonra komandanın baş məşqçisinin mətbuat konfransında səsləndirdiyi fikirlər, açıqlamalar, statistik göstəricilər, video və fotolar klubun rəsmi saytında yerləşdirilir. Komanda üzvlərinin çıxış etdikləri millilərdəki performansı da TPL klubları içərisində yalnız “Qəbələ”nin saytında nəzərə çarpır. Üstəlik "Qəbələ" yarandığı gündən ölkə çenpionatında və kubokunda keçirdiyi bütün oyunların statistikası ilə də əyalət təmsilçisinin rəsmi saytında tanış olmaq mümkündü.
 
Operativlik də yerindədir. Sonradan haqqında bəhs edəcəyimiz bir sıra klublardan fərqli olaraq “Qəbələ”də məlumatların yerləşdirilməsi saatlar tələb etmir. Burda xüsusilə mətbuat konfranslarının vaxtında, ya da kifayət qədər normal vaxtda yerləşdirilməsini vurğulamaq lazımdır.
 
“Qəbələ”nin rəsmi saytı multimedia imkanlarından istifadənin səviyyəsinə görə də rəqiblərinə yuxarıdan aşağı baxa bilər. Klubun hər tur keçirəcəyi oyunlardan öncə promo videolar, matçlardan dərhal sonra isə onların icmalı saytda yerləşdirilir. Bəzi qarşılaşmalardan sonra komandanın ən yaxşı oyunçusunun çıxışına, yeni transferin ictimaiyyətə təqdiminə, klubda hər hansı futbolçunun özəl gününə aid videolar, vacib oyunlarla bağlı aparılan videosorğular, real zamanda əhəmiyyət daşıyan vacib məsələnin ictimaiyyətə təqdimi üçün hazırlanan videolar, kifayət qədər gözəl ideya olan “Tez-bazar” rubrikası və s. klubu bu baxımdan lider edir.
 
2.      “Neftçi”
 
“Qəbələ”dən sonra rəsmi saytı daha çox diqqət cəlb edən “Neftçi”di. “Neftchipfk.com” kontentin zənginliyi baxımından kifayət qədər yaxşıdır. Bütün digər klublardakı kimi bəzən bir neçə günlük fasilələr əmələ gəlsə də, ümumilikdə yenilənmə səviyyəsi aşağı deyil. Burda əsas komandanın çıxışı, baş məşqçinin hər oyundan sonra fikirləri, oyunçuların açıqlamaları, bəzən geniş müsahibələr oxuculara təqdim edilir.
 
Ökənin ən qədim klubunun saytında komandanın tarixi ilə bağlı məlumatlar yerləşdirilib. Burda “Neftçi”nin yarandığı gündən günümüzədək çıxış etdiyi bütün turnirlərdəki nəticələri, qazandığı nailiyyətlər haqqında məlumat əldə etmək mümkündür. Rəsmi saytda əsas komanda ilə yanaşı akademiyaya daxil olan aşağ yaş qruplarını oyunlarının nəticələri, videoicmalları təqdim edilir. Xüsusi diqqət cəlb edən məqam “Fan Shop” hissəsinin qabarıq formada yerləşdirilməsidir. Müqayisə üçün qeyd edək ki, bir çox klublarda bu, ya ümumiyyətlə həyata keçirilmir, ya da hansısa ketaqoriyada “gizlədilib”.
 
“Neftçi”nin rəsmi saytının qeyd edilən period ərzində aktiv olmasının xüsusi səbəbi də komandanın 80 illik yubileyinin keçirilməsidir. Saytda bununla bağlı klubun tarixinə həsr edilmiş videolar, veteran futbolçuların açıqlamaları və s. yerləşdirilib.
 
Ümumiyyətlə, “Neftçi TV”-nin fəaliyyətini dəyərlədirməmək olmaz. Hər şeydən əvvəl ona görə ki, digər klublardan fərqli olaraq, matçlardan sonra komanda üzvlərinin fikirləri video formasında təqdim edilir. “Neftçi”nin keçirdiyi hər oyundan çox qısa müddət keçdikdən sonra artıq qarşılaşmanın videoicmalı yerləşdirilir. Burda aşağı yaş komandalarının oyunlarından olan icmalları xüsusi qeyd etmək lazımdır.
 
3.      “Qarabağ
 
Son ölkə çepionu və avrokuboklarda Azərbaycanı ən uğurlu təmsil edən “Qarabağ”ın saytının iş səviyyəsi yalnız 3-cü yerə layiqdir. Düzü, bu, gözləniləndən və tələb ediləndən aşağıdır. Saytda informasiya baxımından rəngarənglik yoxdur və demək olar ki, yalnız rəsmi məlumatlar yer alır. Təkcə “qış yuxusu” zamanı saytda müəyyən “oyanış” nəzərə çarpıb. Buna komandanın oyunlarından canlı yayımların təşkil edilməsi, ayrı-ayrı futbolçuların, baş məşqçinin hazırlıq prosesi ilə bağlı fikirləri, rəsmiləşən transfer xəbərləri və s. daxildir. Ancaq sonrakı dövrlərdə klubun keçirdiyi oyunlar, mətbuat konfransında çalışdırıcının qısa fikirlərindən başqa qeyd ediləcək bir şey nəzərə çarpmır.
 
“Qarabağ TV”nin işində də xüsusi rəngarənglik, müxtəliflik olmasa da, ən azı hər matçın videosu tez bir zamanda yerləşdirilir və oyunlardan öncə promo videolar hazırlanır. Üstəlik müəyən bir period, məsələn komandanın Premyer Liqanın III dövrəsindəki nəticələri ilə bağlı xüsusi videomateriallar təqdim edilir.
 
Kontent zənginliyi olmasa da, operativlik yüksək səviyyədədir. Komandanın oyunlarının anonsları, mətbuat konfranslarında məşqçi fikirləri – ümumiyyətlə klubla bağlı hər bir informasiya operativliyinə görə ilk iki sırada yer alan klublardan heç də geri qalmır.
 
4.      “Kəpəz”
 
Gəncə klubunun rəsmi saytında ümumi rəsmi informasiyalarla yanaşı klubun hazırlıq prosesini əks etdirən məlumatlar tez-tez təqdim edilir. “Kəpəz”in əsas üstünlüyü məhz budur. Həftə ərzində bir neçə dəfə komandanın növbəti oyuna hazırlığının gedişi, heyət üzvlərinin fikirləri, geniş müsahibələr verilir, klubun zədəlilərinin, cəzalılarının olub-olmaması barədə ictimaiyyət məlumatlandırılır. Digər təqdirəlayiq məsələ hər oyundan öncə komandanın baş məşqçisinin açıqlamasının verilməsidir. Müqayisə üçün qeyd edək ki, digər klubların heç birində bu hal müşahidə edilmir.
 
“Kapazpfc.az”da operativlik yüksək səviyyədə deyil. Bu, xüsusilə oyunsonrası mətbuat konfranslarının ən yaxşı halda bir gün sonra yerləşdirilməsində əksini tapır.
 
Rəsmi saytda komanda üzvlərinin xüsusi günləri ilə, ölkə cəmiyyəti üçün əhəmiyyətli tarixlərlə bağlı maraqlı layihələr yer alır. “Tam Sərbəst” adlı rubrika da yenilikdir. Komandanın oyunlarının icmalları, əvəzedicilərin çıxışından hazırlanan videolar olsa da, ümumən bu baxımdan axsaqlıq müşahidə olunur.
 
5.      “Sumqayıt”
 
“Gənclik şəhəri” təmsilçisininin saytında rəsmi məlumatlar da tam deyil. Məsələn, “sumqayitpfc.az”da oyunsonrası mətbuat konfransında məşqçinin danışdıqlarını tapa bilməzsiniz. Komandanın TPL-də, kubokda oyunlarının icmalları da PFL-in hazırladıqlarıdı. Amma hər məşqdən sonra hazırlıq prosesini əks etdirən fotoların olması digər klublarla müqayisədə qeyd edilməli haldır. “Sumqayıt”ın rəsmi saytında da qış hazırlıq dövrü nisbətən yaxşı işıqlandırılıb.

Ümumilikdə, hər hansı yeni fikir, saytın özünə məxsus ideya tapmaq mümkün deyil.
 
6.      “İnter”
 
Sabiq “bankirlər”in rəsmi saytının keçmiş vaxtları hər halda daha yaxşı idi. “Sumqayıt”dakı kimi “ala-yarımçıq” rəsmi məlumatlardan başqa xüsusi nəsə qeyd etmək olmaz. Nə bir videomaterial, nə hər hansı maraqlı açıqlama, müsahibə - demək olar ki, heç nə yoxdur. Hər halda Premyer Liqada 3-cü olan komandanın saytı belə vəziyyətdə olmamalıdı. Amma belə görünür ki, klub ətrafında baş verənlər rəsmi saytın işinə də təsirsiz ötüşməyib. Klubun 6-cı yerdə olması qış fasiləsində nisbətən vizuallığın olması, hazırlığın işıqlandırılması sayəsində mümkün olub.
 
7.      “Zirə”
 
Klub haqqında yalnız rəsmi məlumatların olması, hər hansı yeni ideyanın yer almaması “Zirə”nin rəsmi saytına da aiddir. Ancaq qəsəbə təmsilçisinin ümumi ictimai yüklü bəzi tədbirlərdə iştirakı saytda informasiyaların sayının nisbətən artmasına səbəb olur.
 
8.      AZAL
 
Premyer Liqanın autsayderi AZAL sayt baxımından da autsayderdi. Ümumiyətlə, ara-sıra nəsə informasiya yerləşdirilən saytda sonuncu material “XX əsrin faciəsi – Xocalı soyqırımı”dir. “Azalpfc.az” da tam bir fiasko, sayt faciəsidir.


Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 381 | Paylaş: