')

Bu gün:


FutbolPress.Az | “Qara Qarayev Avropanın ikinci dərəcəli liqalarında oynaya biləcək səviyyədədi”  (MÜSAHİBƏ)

“Qara Qarayev Avropanın ikinci dərəcəli liqalarında oynaya biləcək səviyyədədi” (MÜSAHİBƏ)


oxunma sayı: 1075 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində Azərbaycan millisi dünən Almaniya ilə qarşılaşdı. Yığmamız 1:4 hesabı ilə uduzsa da, komanda oyun baxımından yaxşı təsir bağışladı. Matçdan sonra bəzi oyunçuların artıq Avropanın güclü klublarında oynaya biləcəkləri ilə bağlı fikirlər formalaşmağa başladı.

Komandanın dünənki oyunda çıxışı ilə bağlı fikirlərini öyrənmək üçün futbol meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq. O, Almaniyaya qarşı xüsusilə Qara Qarayev və Dmitri Nazarovun oyununu bəyəndiyini bildirdi:

“Dünən milli komanda dünya çempionuna qarşı oynayırdı. Futbolçular maksimum bacardıqlarını göstərdilər. Sözsüz ki, millinin ən yaxşısı Dmitri Nazarov idi. Həm topla davranışı, hücumlarda iştirakı, həm də qol vurması bu fikir üçün əsasdı. Ondan başqa Qara Qarayevin adını çəkərdim. O da meydanda ən yaxşılardan idi. Xeyli müddətdi, millidən kənar qaldığını nəzərə alsaq, Cavid Hüseynovu da fərqləndirmək olar. Bu, çox adamın diqqətini cəlb etməyib, uzun müddət futboldan, millidən ayrı qalan birinin psixoloji gərginliyi aradan qaldırması böyük işdi. Fasilədən sonra yığmada ilk rəsmi oyunda kollektivdən geri qalmadı”.

Həmsöhbətimiz bir çoxlarının qınadığı Əfran İsmayılovu tənqid etməyin yersiz olduğunu dedi:

“Bayaq da dedim ki, dünya çempionuna qarşı bizim maksimumuz budu. Bəli, Əfran bir epizodda top itirdi və rəqib qol vurdu, amma o, eyni zamanda qolumuzun da ötürməsini vermişdi. Bu cür təzyiqin qarşısında Əfranın edə biləcəyi artıq heç nə yox idi. Səhvlərin baş verməsi Əfranın, ya da başqa bir futbolçunun səhvi deyil, bunu rəqib yaradır. Niyə San-Marino ilə oyunda belə səhvlər olmurdu? Çünki başqa atmosfer olur, rəqibin təzyiqi, səviyyəsi bu qədər olmur. Səhv olubsa, deməli rəqibdən zəif idik”.

Vaqif bəy müdafiənin cinahlarındakı problemdən də danışdı və xüsusilə sol cinaha namizədin hazırda Türkiyənin “Manisaspor” klubunda oynayan Ufuk Budakı məsləhət gördü:

“Bizdə cinah oyunçuları ilə bağlı problem uzun müddətdir mövcuddu. Xüsusilə sol cinaha oyunçu tapmaq çətindi. Bilmirəm niyə çağırmırlar, amma mən Ufuk Budakı məsləhət görərdim. Çünki o, milliyə çağırılanlardan da, o mövqeyə namizədlərin arasında da ən çox xeyir verə biləcək oyunçudu. Bəli, yerli futbolçular oynasa daha yaxşıdı, amma onsuz da milliləşdirilənlərin sayı çoxdusa, Ufuk Budak niyə oynamasın? Halbuki Super Liqa təcrübəsi var, solaxaydı və hazırda bu mövqeyə namizədlərin hamısından daha güclüdü”.

Dünənki matçdan sonra xüsusilə Qara Qarayevin Avropa klublarına keçmək  vaxtının gəldiyini deyənlər oldu. Heydərli isə bir oyuna görə hansısa futbolçuların Avropanın güclü klublarının diqqət mərkəzinə düşməsinin mümkünsüz olduğunu bildirdi:

“İstəmirəm kiminsə xətrinə dəysin, amma bu  məsələyə bir az başqa kontekstdən yanaşmaq lazımdı. Avropada belə düşünmürlər. Bir oyun yaxşı oynamaqla güclü kluba keçmək olmaz. Çünki bu, peşəkar yanaşma deyil. Belə məsələlərə həssas yanaşmaq lazımdı. Hər hansı yaxşı komandaya keçməsi üçün oyunçu sabit çıxış etməlidi. Yalnız bundan sonra onlara ciddi yanaşılır. Bu təkcə Qara Qarayevə aid deyil. Konkret o, bir çox çempionatlarda çıxış etmək gücündədi. Avropanın ikinci dərəcəli çempionatlarının orta komandalarında rahat oynaya biləcək səviyyədədi. Məsələn, bu gün “Boavişta”da oyuna sonradan daxil olan Emin Mahmudov millidə ehtiyatda qalır, Qarayev oynayırsa, məntiqlə bir çox Portuqaliya klubunda əsas heyətdə meydana çıxa bilər. Əgər ona təklif varsa, bu, bizim üçün çox sevindiricidi. Qara hələ U-21 millisində oynayarkan mən ona London “Arsenal”ından birbaşa təklif gətirmişdim. Sonradan bu baş tutmadı. İlyarım əvvəl də yaxşı təklif var idi. Mən onunla da danışdım. Klubun adını açıqlamaq istəmirəm, çünki hazırda da davam edir. Həmin vaxt Qara növbəti 6 ay üçün başqa planlarının olduğunu dediyi üçün keçid alınmadı”.


oxunma sayı: 1075 | Paylaş:




?>