')

Bu gün:


FutbolPress.Az | İdman mətbuatı bədbindi: “... komandamızı “ucuz ölüm” gözləyir” (SORĞU)

İdman mətbuatı bədbindi: “... komandamızı “ucuz ölüm” gözləyir” (SORĞU)


oxunma sayı: 1139 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində Azərbayan millisi sabah son dünya çempionu Almaniyanı qəbul edəcək.
 
"FutbolPress" vacib oyun öncəsi idman jurnalistlərinin fikirlərini öyrəndi.
 
Almanlarla oyundan gözləntilər...
Proqnoz...
Prosineçkinin start “11-liy”i ilə bağlı təxminlər...
 
Elnur Məmmədli (“CBC Sport”): “Aydın məsələdir ki, Almaniya bu matçın aşkar favoritidir. Mən bu baxımdan Prosineçkini başa düşürəm ki, bizim futbolçular üçün o qədər də ağır olmayacaq. Yəni komandanın üzərində ciddi təzyiq yoxdur. Millimizdən hər kəs yalnız yaxşı oyun gözləyir. Məsələn, Şimali İrlandiya ilə matçda belə olmayacaq. Həmin görüşdə hamı komandamızdan nəticə tələb edəcək. Heyətlə bağlı əsas sual doğuran məsələlərdən biri müdafiənin sol cinahına kimin oynayacağıdır. Mirzəbəyov və ya Paşayev seçimində məşçi ola bilsin ki, ikinciyə şans versin. Məncə, digər mövqelərdə elə bir sual doğuran məsələ yoxdur. Və ən əsası komandamız dolu tribunalar önündə oynayacaq. Qalır indi yalnız millimizdən yaxşı oyun gözləmək”.

Nihat Ağasoy (Fanat.az): “Bundestimlə oyun yığmamızın nəyə qadir olduğunu görmək baxımından əvəzsizdir. Məhz belə rəqiblərlə duellərdə yığmamız sambalda komandaların real gücü ortaya çıxır. Təbii, son dünya çempionlarıyla matç bizlərə həqiqətlə romantikanın sərhədlərini daha yaxşı fərqləndirməyi növbəti dəfə öyrədəcək. Bu qarşılaşma şəxsən mənim üçün böyük futbol bayramıdır.
 
Seçməmizin yaxşı mübarizəsini uğur sayacam.Millinin almanlar üzərində qələbə qazanmaq şansı var: 1 faiz. Heç-heçə ehtimalını bundan iki dəfə artıq sayıram. Eyforiyaya qapılmaq olmaz. Bizimkilər 1-2 faiz uğur şansıyla mücadilə etməli, final fitinədək “silahı yerə qoymamalıdı”. Almanlara yenə qol vurmaq, onlara çətinlik yaratmaq mümkündü.
 
Müasir futbolda fərdi təhkim anlayışı ikinci plandadır. Yəni hansısa alman ulduzu bağlamaq ideyasının həyata keçiriləcəyinə inanmıram. Robert Prosineçki darmadağın olmamaq naminə (indiyədək evdə bu rəqibə rüsvayçı hesabla uduzmamışıq) ultramüdafiəyə tapınsa, komandamızı “ucuz ölüm” gözləyir. Fiziki cəhətdən başqalarından geri qalan hansısa yığma üzvü almanlara qarşı oynamamalıdı. Məncə, hücum tək forvard mövqeyində Deniz Yılmaza şans verilməli, dördlü müdafiənin önündə isə iki dayaq yarımmüdafiəçisi yer olmalıdı. 4-1-4-1 taktiki sxemi bu görüş üçün uyğun deyil. 4-2-3-1-i optimal variant hesab edirəm. Məntiqlə, futbolçuları oyuna kökləmək də çətin olmayacaq”.
 
Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): Önündəki rəqib son dünya çempionu və son Avropa çempionatının yarımfinalında Fransaya uduzandan sonra keçirdiyi oyunların heç birində qapısında qol görməyən Almaniyadısa, adam istər-istəməz duruxur, nikbin fikir söyləməkdə çətinlik çəkir. Şəxsən mən yalnız “doğma divarlar” amilinə və yığmanın cari seçmə mərhələdəki çıxışının yaratdığı ümumi emosional yüksəlişə arxalanıram. Almaniyanın heyətlə bağlı itkiləri haqda deyilənlər mənə, yumşaq desəm, qeyri-ciddi görünür. Rəqib istənilən heyətlə bizdən qat-qat güclüdü.
 
Proznoza gəlincə... Mümkün heç-heçəni böyük uğur kimi qiymətləndirər, minimal hesabla məğlubiyyətə isə bir o qədər üzülməzdim. Düzdü, bu məsələdə oyunun axarı da önəmli rol oynayır. Tutaq ki, oyunboyu Azərbaycan yığması yaxşı təsir bağışlasın, amma bəxtsizlikdən bir neçə qol buraxsın – belə aqibətlə barışmaq çətin olar.
 
Hətta Ruslan Abışovla Namiq Ələsgərov da düşərgədən ayrılandan sonra Robert Prosineçkinin heyətlə “oynamaq” variantları çoxdu və bu məqam adamı sevindirir. Məncə, qapı və müdafiə ilə bağlı seçim aydındı; burda münəccimlik etməyə dəyməz. Kamran Ağayev zədə imitasiyası ilə məşğuldu, “çərçivə” istənilən halda onundu. Müdafiənin mərkəzində Rəşad Sadıqovla Bədavi Hüseynov, cinahlarda Məhəmməd Mirzəbəyovla Maksim Medvedev oynayacaq. Orta sahə ilə bağlı variantlar çoxdu. Amma yığmanın daha çox müdafiə olunacağını nəzərə alsaq, üç dayaq yarımmüdafiçisi kimi Rahid Əmirquliyev, Qara Qarayev və Dmitri Nazarovu görürəm. Sağ cinahı Əfran İsmayılova, solu isə Ruslan Qurbanovla Araz Abdullayevdən birinə tapşırmaq olar. Nəhayət, hücumla bağlı. Şəxsən mən hələ ki “Jilina”nın heyətində möhkəmlənməklə məşğul olan Ramil Şeydayevi yox, son iki turda penaltidən də olsa, fərqlənən Dəniz Yılmazı seçərdim. Oyunun gedişində isə artıq elə həmin Şeydayevə və ya Ağabala Ramazanovla Renat Dadaşova da şans vermək olar”.
 
Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): “Millimizin Almaniya ilə oyunu ətrafında yaranan ajiotaj xoş mənzərədi. Bu, belə də olmalıdı. Ölkə klublarının aparıcı fanat qruplarının birləşməsi, 3-5-ci sektorlara bütün biletləri əldə edərək, vahid mexanizm – “Azərbaycan United” adı altında birləşməsi, martın 26-dakı görüşdə yığmamızın “12-ci oyunçu” sarıdan təmin olunacağını indidən əminliklə söyləməyə əsas verir.

Milli düşərgədən hazırlanan videoçarxlar da onu göstərir ki, komandamızda əhval-ruhiyyə ən yüksək səviyyədədi. Başqa sözlə, dizlər əsmir, psixoloji gərginlik yoxdu.

Əlbəttə, almanlar istənilən rəqibə qarşı favoritdi. Qrupda keçirdikləri bütün oyunlarda rahat qələbə qazanmaları da Bundestimin gücünün təzahürüdü. Yığmamız göydən ulduz tutan komandalar sırasında deyil ki, “filan taktiki düzülüş hesabına rəqibdən xal qopara bilərik” deyək. Yoahim Lövün komandası cütlüyün aşkar favoritidi və bu faktla barışmalıyıq.

Komandamızın əsas kozırı əzmkarlıqdı. Əlbəttə, fiziki cəhətdən 90 dəqiqə “alman maşını”na qarşı çatdıra bilmərik. Ancaq yuxarıda qeyd etdiyim kimi, “12-ci oyunçu”muz olacaq və onlar bu çatışmazlığı aradan qaldırmaqda yardımçı ola bilərlər.

İndiyədək bu tip sorğuda iki dəfə iştirak etmişəm. Bir dəfə “Qəbələ”nin “Panatinaikos”la səfər oyununda matçın 2:2 bitəcəyini bildirmişdim, ikinci halda isə Çexiya ilə yığmamızın Ostravadakı görüşünün 1:1 nəticələnəciyini proqnozlaşdırmışdım. Bu dəfə də nikbinliyi pozmayaq – 0:0.

Heyətə gəlincə, bəlkə də ilk dəfədi ki, millimizdə bəzi mövqelərdə rəqabət yaranıb. Məsələn, Şeydayev, Yılmaz və Dadaşov dilemması. Yaxud Nazarov, Hüseynov, Əmirquliyev, Mahmudov kvartetindən mərkəzdə hansı cütlük qərarlaşacaq? Qayğılandıran mövqe isə müdafiənin sol cinahıdı. Mirzəbəyov bəstəboydu və cüssəli rəqiblərə bir çox komponentlərdə uduzur, Paşayevi isə iş başında görməmişik.

Bütün hallarda, futbolçularımızdan nəticədən də çox, kişi kimi döyüşmələri tələb olunur. Hətta məğlub olsaq da, kişi kimi uduzaq”.

 
Elşən Məmmədov (Sportnet.az saytının baş redaktoru): “Hər dəfə Azərbaycan yığma komandasının oyunu ilə bağlı proqnoz verdikdə hamımızın milli təəssübkeşlik hissləri reallığı üstələməyə başlayır. Hər nə qədər cəhd etsək də, nikbin proqnozlara daha çox meyl edirik. Bu dəfə də belə pozitiv fikirlər irəli sürməyə çalışacağam. Baxmayaraq ki, milliyə dəvət edilmiş futbolçuların oyun praktikası və hazırlıq səviyyələri qaydasında deyil. Bu, istər 8 legionerə, istər çempionluq uğrunda mübarizə aparan "Qarabağ"la "Qəbələ"nin üst-üstə 12 futbolçusuna, istərsə də, "Zirə", "İnter" və AZAL-ın ümunilikdə 4 oyunçusuna aiddir. Legionerlərin əksəriyyəti öz klublarında meydana çıxmır və ya çox az oynayır. "Qarabağ"la "Qəbələ" qeyri-sabit çıxış edir. Eyni sözləri qalan 3 klub barədə də demək olar. Belədə ümid doğma meydan amilinə, komandamızın əzmkarlığına və rəqibin Bakıya itkilərlə gəlməsinə qalır.

Heyətlə bağlı proqnozum belədir: Kamran Ağayev - Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev - Rahid Əmirquliyev, Cavid Hüseynov - Dmitri Nazarov – Dəniz Yılmaz, Əfran İsmayılov, Ramil Şeydayev

Sol cinah hücumçusu mövqeyində yanıla bilərəm. Çünki Deniz Yılmazın bu mövqedə özünü yaxşı tərəfdən göstərə biləcəyindən əmin deyiləm”.


oxunma sayı: 1139 | Paylaş:





?>