Qurban Qurbanov: "İlk ildəcə kubok qazanmaq karyeram üçün əsas stimul oldu" (MÜSAHİBƏ)
Paylaş:
Cenevrə “EU Business School”da İdman Menecmenti təhsili alan Elçin Hüseynli ilə müsahibəni təqdim etmişdik. Məlum olmuşdu ki, onun diplom işinin mövzularından biri "Qarabağ" və komandanın baş məşqçisi Qurban Qurbanov olub.
"FutbolPress" həmin diplom işinə salınmış Qurbanovla bağlı hissəni ixtisarla təqdim edir...
- 2008-ci ildə “Qarabağ”ın baş məşqçisi oldunuz. Uğurlar çox gözlətmədi. Yavaş-yavaş avroliqalarda mərhələlər keçmək, çempionluqlar, ard-arda qrup mərhələlərində oynamaq və s. 8 il öncə bu günləri fikirləşirdinizmi?
- Açığı, həmişə istəmişəm ki, bu komandada baş məşqçi olum. Bilirdim ki, çətin olacaq, anlayırdım ki, məsuliyyəti çox böyükdür. Allah nəsib elədi, bir gün bura baş məşqçi gəldim və ilk gündən çalışdım ki, istəklərimi gerçəkləşdirim. Belə düşünürəm ki, düzgün seçim oldu. Ümumiyyətlə, belə bir komandada işləmək hər birimiz üçün böyük bir məsuliyyətdi. Bura gələn hər kəs bunu dərk eləyərək gəlir, ələlxüsus da yerli futbolçular. Gündə 5 saat çalışmalıyamsa, bəlkə də daha az çalışmağım bəs eləyir. Çünki məsuliyyət işimizin böyük bir parçasıdır və “Qarabağ” adı komanda üzərində özü böyük bir məsuliyyət yaradır.
Karyeram çətin başladı. İlk dönəmlər uğursuzluqlar oldu. İstər-istəməz azarkeşlərin inamını itirdim. Bu da da normal haldı. Baxmayaraq ki, məşqçilik təcrübəm az idi, bunadək “Neftçi”də işləmişdim, 1 ildən bir az çox çalışmışdım orda. Ancaq sabit nəticələrçün mənə vaxt lazım idi. Mütləq daha səbirli olub, daha çox çalışmalıydım. Düşünürəm ki, rəhbərliklə bizim münasibətlərimiz yaxşı oldu, bir-birimizi anlaya bildik. Futbolçularla daha asan oldu, çünki bəzisiylə bir yerdə oynamışdıq. Milli komandanın kapitanı idim, həm də futbolçu kimi mənə hörmətləri var idi. Ayrı-ayrılıqda çox hissələrə ayırmaq olar ki, karyeramda bunların hamısının rolu oldu. İlk növbədə rəhbərliyi inandıra bildim ki, uğur, nəticə əldə etmək üçün mütləq səbirli olmaq lazımdı. Öz iş prinsiplərimizi 3-5 günə yerləşdirə bilməzdik. Hansı futbolu oynamaq, dəsti-xətti formalaşdırmaq üçün bizə mütləq vaxt lazım idi. Şükürlər olsun, ilk ildəcə Azərbaycan kubokunu qazandıq. Bu da, düşünürəm ki, karyeramın əsas başlanğıcı, stimulu oldu. Əsas odu ki, inandıq, bizə inandılar, işimizi doğru qurduq bu rəhbərliyə, azarkeşlərimizə - Allahın bizə böyük bir hədiyyəsi oldu. Bununla hamıda inam yarandı. Kuboku qazandıqdan sonra ölkə çempionatında daha çox yerli futolçulara üstünlük verdik. UEFA kubokunda oynayanda, hansı ki, play-off mərhələsinə kimi getdik, onda heyətdə cəmi bir legionerimiz var idi. Bu da azarkeşlərin sevgisini qazandırdı və yerli futbolçularla uğur əldə etməyin mümkünlüyü göründü. Şükürlər olsun, hələ ki pillə-pillə gedirik, irəliləyirik. Çatışmazlıqlarımız çox olub və bu gün də var. Bu iş belədi ki, gərək daim axtarışda olasan. Sən bir düşünürsən, görürsən, Avropa futbolu on dəfə artığını düşünüb... Müstəqilliyimizin cəmi 25 illik tarixi var. Məncə, ölkə olaraq qazandıqlarımıza baxsaq, pis nəticə deyil.
Ölkə çempionatında bütün klubların səviyyəsi eyni olsa, daha sürətlə yaxşı nəticələr qazanmaq olar. Baxmayaraq ki, futbola, idmana dövlətin dəstəyi böyükdür, ancaq yenə problemlər mövcuddur.
- Qarabağ adını beynəlxalq arenada təmsil etmək nə cür məsuliyyət tələb edir, necə hissdir?
- Açığı, ağırdı. Çünki bizdən daha artığını gözləyirlər daim. Çətindi, hamımız Avropa arenalarına ürəklə çıxırıq. Hamı bilsin ki, Qarabağ Azərbaycanındı, bu ad Azərbaycana aiddi. Məğlub olmamaq üçün var-gücümüzlə, əlimizdən gələndən daha artığını etməyə çalışırıq. Təbii ki, məğlubiyyət də futbolun bir hissəsidir, məğlub da ola bilərik. Əsası budur ki, meydanda layiqincə təmsil olunasan, alqış qazanasan.
- Rəhbərliklə münsibətlərinizi necə tənzimləyirsiniz? Hansı faktorlar daha üstün rol oynayır sizə münasibətdə?
- Rəhbərliklə münasibətlər indi normaldı. Baxmayaraq ki, ilk dönəmlər uğursuzluq olanda hansısa etirazlar, müzakirələr olurdu, amma indi demək olar ki, onlar da tam futbolun içindədilər, bu sistemə düşüblər. Rəhbərlik də bu gün məğlub olmağı bacarır. Abdulbari Gözəllə il ərzində bəlkə də 3-4 dəfə görüşümüz olur, bəzən çox olur, amma tanış olanda bildirmişdi ki, bu klubu, Allah rəmət eləsin, Heydər Əliyevlə məsləhətləşib, götürüb. Söz verib ki, mən bu komandanı ömrümün sonuna kimi yaşatmağa çalışacam. Rəhbərliyin əsas istəyi odur ki, “Qarabağ” daim üzdə olsun, irəliləsin. Bu mənada istəklərimiz tam üst-üstə düşür və çox yaxşı anlaşırıq.
- “Barselona” və “Borussiya” klublarında təcrübə keçmisiniz. Bunun karyeranızda təsiri nə dərəcədə olub?
- Karyearama ən böyük təkanı elə bu 2 klubda olmağım verdi. Bunlara qədər bir neçə klubda olmuşdum, ancaq qısa müddətə - 2-3 günlük. “Qarabağ”a keçəndə PRO kateqoriyası üçün hazırlaşdım. Qaydalar tələb edirdi ki, böyük klublarda təcrübə keçməliyəm. Bir klubun ümumi strukturu, digərininsə mövsüm ərzində çempionatdakı çıxışını izləməliydim.
Əvvəlcə “Borussiya”ya getdim. Dortmund klubunun strukturuyla maraqlandım. Onadək Avropa Liqasında bu komandaya qarşı oynamışdıq. Məni orda yaxşı qarşıladılar. Klubla faydalı dialoqlarımız oldu. Sonra fiziki məşqlərini izlədim, yenə faydalı ünsiyyətlər qurduq. Bu, çox böyük bir təcrübə verdi mənə. Həm uşaq futboluyla maraqlandım, həm ümumi. Təcrübə keçdikcə özümüzü müqayisə edirdim. Düşünürdüm ki, biz hardayıq...
İkinci səfərim Barselonaya oldu. Bir həftəlik təcrübə mənə çox şey öyrətdi. Uşaq futbol məktəbiylə, bütün yaş qrupları üzrə komandalarıyla maraqlandım. Məşqçilərlə söhbətləşdik. Həmin vaxt “Barselona”nı çalışdıran Pep Qvardiolayla qısa da olsa, ünsiyyətimiz oldu. “Barselona”yla daha əvvəl təcrübə keçdiyim “Borussiya”nı müqayisə elədim və hiss elədim ki, fərq böyükdür. Başladım “Barselona” prinsiplərini, üslubunu daha dərindən araşdırmağa. Üstünlüyü də bu təcrübəyə vermək qərarına gəldim. Deyərdim ki, karyeramda ən ciddi izi bu klubda keçdiyim təcrübə qoydu.
- Oyunçu transfer etdikdə onu hansı necə xarakterizə/analiz edirisiniz? Daha çox nəyə diqqət yetirirsizniz?
- Nəticə verməkçün çalışan komanda oyunçu cəlb edərkən ən əvvəl onun istedadına fikir verməldiir. Mənim yanaşmam belədir. Sonra futbolçunun sabit olub-olmamağına diqqət ayırırıq. Bura mövsümboyu oyun sayı, nəticələrdəki rolu önə çəkilir. Oyunçunun xarakteriylə də maraqlanmaq şərtdir. Futbolçuya yaxın birindən bu informasiyaları əldə etmək olur. Yaşayış tərzi nədi, gecə həyatı nə cürdü, ümumiyyətlə futbola baxışı necədi və s. Futbolçular var ki, 25-26-27 yaşında, demək olar, karyerasını bitirirlər. Futbolu az düşünən futbolçular, futboldan kənar, belə deyək yəni, başqa şeylərlə məşğul olan insan istər-istəməz peşəkarlığa uyğun gəlmir. Bu da onun oyununa pis təsir göstərir. İşinə məsuliyyətli yanaşan, peşəsini fikirləşən həmişə bir addım öndə olur. Bəzən tələskənliyə düşürük, görürsən ki, ehtiyacımız var, vaxtımız da azdı - futbolçunu yaxşı izləmədən götürürsən.
- Daha böyük uğurlar qazanmaqda sizin üçün qarşınızda olan ən böyük problem nədir?
- İlk növbədə özümüzü, digər ölkələrlə müqayisə etməliyik. Nə qədər desək də yaxşı futbol oynayırıq, yaxşı nəticələrimiz var, yenə azdır. Bizim 8 il ərzində qazandığımızı elə ölkələr var ki, 80 ilə qazana bilmir. Halbuki digər kateqoriyalarda müqayisələr aparsaq, bizim ölkədən heç də geri qalmaz, bəzi məqamlarda önə də çıxar. Sistemli uğurlara nail olmaqçün maksimum az səhv buraxmalısan. Bu gün ölkə çempionatında, demək olar, sabit çıxış edirik. Avroliqanın play-off mərhələsinədək çıxırıq. Bunlarla yanaşı hələ təcrübəmiz həddindən artıq aşağıdı. Hələ son illər çempionatımızı normal vəziyyətə gətirə bilməmişik, yəni ölkə futbolu olaraq, stabil çempionatımız yoxdur. Hər il görürsən bir qayda çıxır, forma dəyişir. Bütün bunlar futbolçuların inkişafına mənfi təsirini göstərir, klubların fəaliyyətinə zərər vurur. Hələ azarkeşdən, televiziyadan, reklamdan gəlir götürəcək klub halına gəlib çıxa bilməmişik. Sadəcə avroliqalardakı çıxışlarımıza görə klub bir az gəlir əldə edir, xərclənən pulların bir hissəsidir. Ölkə çempionatını sabit sistemə salmalıyıq. Bilinməlidi ki, məsələn, hər il 12, ya 6 komandadı və s. Bu cür məsələləri həll etməliyik ki, sonra Avropa komandalarıyla ayaqlaşaq.
- Hazırkı heyətdə Maksim, Qara kimi akademiyada yetişən oyunçular var, bəs gələcəkdə ümumilikdə akademiyadan heyətə daha çox oyunçu cəlb eləmək mümkün olacaqmı? Sırf komandanın özəyi akademiyadan yetişən oyunçular olsun “Barselona” kimi...
- Açığı, biz hər il düşünürük bunu, hər il istəyirik ki, akademiyamızdan futbolçularımızı əsas heyətə cəlb edək. Ancaq futbolda ümumiyyətcə belə prinsip artıq yoxdur. Klub olar ki, akademiyasından 4-5 oyunçu gələr əsas heyətə, amma elə olar ki, heç bir ölkədə 4-5 futbolçu yetişməz, kənardan oyunçu gətirməli olarsan o mövsümçün. Məsələn, deyirsiz ki, “Barselona” kimi... Bu il öz yetirmələri çox azdı, İniestası, Xavisi, Busketsi və s. o vaxt gəldi və indi elə bir axın yoxdu akademiyadan əsas heyətə. Götürək məsələn, Belçikanı. Müxtəlif klublardan çıxan istedadlar indi İspaniyadan daha güclü bir heyət formalaşdırıb. Bir nəsil olur, gəlir, uğurlu olur və hələ elə bir hal olmayıb ki, hansısa klubda ardıcıl uğurlu nəsillər estafeti alsın ələ. 2009-cu ildə də gələn nəsil komandamızda ən uğurlusu oldu. İndi akademiyaya daha çox güc ayırmışıq. Yaxın 1-2 ilə olmasa da, ancaq gələcəkçün mütləq akademiyamızdan yaxşı futbolçular çıxacaq üzə. “Qəbələ”nin akademiyasında 1-2-si çıxdı, əsas heyətdə yer ediblər özlərinə. Bizdə də bu olacaq. Bir az səbr lazımdır. Mənə akademiyadan yüksəlib əsas heyətə gələn oyunçularla işləmək daha zövqlü olar. Bunu səbrsizliklə gözləyirəm və klub olaraq bununçün çox çalışırıq.
- Son olaraq, insanlara, futbol ictimaiyyətinə sözünüz, sualınız...
- İstərdim ki, ən azından hər il Avropa Liqasında iştirak edək. Yəni Avropada görüşlərimiz çox olsun. Bununçün bir az səbirli olmaq da lazımdı. Bəzən heç kimin üstünə çox getmək olmur. Rəhbərlikdən də çox şey tələb etməli deyil. Biz də insanıq, işimizi görürük, ümumi vəziyyəti başa düşürük. Çatışmazlıqlar, problemlər var, amma bununla belə bu gün rəhbərlik sağ olsun ki, ən azından bu səviyyədə komandanı qoruyub saxlaya bilir. Daha böyük addım atmaq üçün mütləq işimizi böyütməliyik. Bütün klubların maliyyə cəhətdən daha yaxşı olmasına və Azərbaycana ustalıq səviyyəsi daha yuxarı olan futbolçular gətirməsinə ehtiyac var. Azarkeşlərimiz də bizi başa düşürlər. Bunu Avropa oyunlarında da görürük, hansı ki, bütün matçlarda gəlib bizə dəstək olurlar. Biz də bunu nəzərə almalı və çalışmalıyıq ki, öz prinsiplərimizi qoruyaq. Mən heç vaxt istəmirəm ki, Avropa klublarına Bakıda məğlub olaq. Doğma azarkeşlərin komandamızı myus görməsini istəmirəm. Ancaq təəssüf ki, bundan qaça bilmirik. Bu idmandı və belə şeylərə mütləq hazır olmalısan. Buna görə daha çox işləməli, hazırlaşmalıyıq. Hətta rəqibimizin bizdən ustalıq baxımından çox üstün olduğunu bilsək də, çəkinməmliyik.
Bir daha sənə "sağ ol" deyirəm. Bütün “Qarabağ” azarkeşlərinə, Azərbaycan futbolunu sevən hər kəsə demək istəyirəm ki, bu çatışmazlıqlar olan dövrdə səbrli olsunlar. Hamı bilməlidi ki, bu klubda rəhbərlikdən başlıyıb sıravi işçisinə kimi bu komanda üçün, bu komandanın uğuru üçün çalışırlar. Heç kim başqa düşüncədə deyil və ən azından bilirik ki, sabah məğlub olsaq da bizim güclü, sadə, yaxşı bir kollektivimiz var.
Elçin Cəlilov
| Paylaş: