')

Bu gün:


FutbolPress.Az | Azərbaycan klublarının brendləşmə problemləri  (LAYİHƏ)

Azərbaycan klublarının brendləşmə problemləri  (LAYİHƏ)


oxunma sayı: 2351 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. Növbəti dəfə eyni istiqamətdə layihəni icra edən saytımız bu dəfə klublarımızın trendlərlə davranışına nəzər yetirəcək.

Mövzuya baxış keçirməkçün əvvəlcə TPL iştirakçılarını iki yerə bölməliyik – azarkeşi olan və olmayanlar. Seçmək kifayət qədər çətin olsa da, təqribi ayırma mümkünsüz deyil.

Təsnifatlandıraq:

1. “Kəpəz”
2. “Neftçi”
3. “Qarabağ”
4. “Sumqayıt”

5. “Qəbələ”
6. “İnter”
7. “Zirə”
8. AZAL

Bu sıralama son mövsüm komandaların ev oyunlarına gəlmiş azarkeş sayına əsasən tərtib edilib. Siyahını iki hissəyə ayırdıq. İkinci dördlüyə başçılıq edən “Qəbələ” son illər çempionluğa oynamasına baxmayaraq, azarkeş məsələsində əvvəl necəydisə, indi də elədir. Komandanın Avropa Liqasının qrup mərhələsində ardıcıl iki il çıxış eləməsi belə “Qəbələ”li ordusu yaratmadı. Halbuki müxtəlif vaxtlarda bu klubun ən fərqli marketinq gedişləri etdiyinə aid xəbərlər, məqalələr mövcuddur.
Azərbaycan futbolunda bəlkə də azarkeş cəlbi üçün ən çox cəhd edən “Qəbələ” olsa da, bu mənada ortabablar sırasında olması düşündürücüdür. Görəsən nə doğru edilmir?
Biz daim bu fikri eşidirik ki, Azərbaycanda bölgə futbolu nə qədər ölkə çempionatında təmsil olunsa, bu, bir o qədər geniş auditoriyaya səbə olar. Ancaq Qəbələ nümunəsində bunun əksi görünür.

Hətta 2014/15 mövsümündə klub 5 ev oyununda bilet satışı ənənəsinin formalaşdırılması məqsədiylə 10-dan çox uduşlu bilet aksiyası keçirdi, ancaq 
yenə geniş olmayan tribunalar dolmadı.


Doğrudanmı bu iş bu qədər müşküldür?

Bizim versiyamıza görə “Qəbələ”nin çatışmayan əsas cəhəti klubun ideologiyasının olmamasıdı. Bu istiqamətdə digər klublarımızda da ürəkaçan durum deyil. Ancaq bu qədər canfəşanlıq göstərən “qırmızı-qaralar” əvvəlcə klubçün hansısa totem, simvolika fikirləşsə.. bəlkə də işin sirri burda gizlənib. Əvvəlcə, kluba tutarlı bir ləqəb fikirləşməyi təklif edərdik. Daha sonra bu ləqəbin ətrafında müxtəlif lozunqlar düşünmək, ideyanın sosial sferada təbliğini qurmaq. Konkret detallar:

Totem
Rəng(lər)
İdeyanın marşı
İdeyanın obrazı (Hansısa şəxs, tarixi nəsnə, Qəbələ üçün xarakterik məqam, coğrafi regiona aid detal və s.)

 

Daha sonra ideyanın  kütləviləşdirilməsini stimullaşdırmaq. Məsələn, bu ideya ətrafında toplaşan kütləni vahid forma ilə təmin etmək. Kütlənin (fanqrup, azarkeş klubu və s.) qazanc mənbəyinin stimullaşdırılması. Kiçik nümunə: qrupa uğurlu liderlər təyin edib, bu işləri onlara həvalə eləmək.“Qarabağ”ın ən böyük azarkeş qrupu “İmarət” özünə Milli Qəhrəman Allahverdi Bağırovu obraz seçib. Bu, son illər uğurlu alınan ideyalardan biri kimi diqqət çəkir.
Komandanın ölkə çempionatındakı oyunlarına bəzən gözlənilən qədər ajiotaj qata bilməsələr də Avropadakı çıxışları zamanı “İmarət”çilərin böyük ordu halında dəstək təşkil etdiyini görmüşük.
Hətta bu adın Avropa qolu – “İmarət Avropa”  yaranıb və az sayda olsa da, komandanın qitəmiqyaslı səfər qarşılaşmalarını stadiondan izləməyə/dəstəkləməyə gedir.

Növbəti məqalələrimizdə bu məqamlara daha detalları toxunacağıq. Bu dəfə mövzuya “Qəbələ” tərəfdən baxırıq və daha çox cəhdin daha az nəticə verməsi probleminə müxtəlif cəhətlərdən yanaşmağa çalışırıq.

Qeyd elədik ki, komanda ətrafında sıx azarkeş dəstəyinin formalaşdırılması üçün əvvəlcə bu istiqamətdə ideoloji konsepsiya hazırlanmalıdı.

Digər məqam isə klub atributlarıyla davranışdır.

“Qəbələ” hazırda stadionunda fan-şop olan yeganə TPL iştirakçısıdır. Ancaq burdakı fəaliyyət qənaətbəxş sayıla bilməz.

Qiymətlər maksimum dərəcədə münasib qoyulsa da, alıcılıq qabiliyyəti zəifdir. Bu da ciddi problemdir. Bu istiqamətdə biz “Xəzər Lənkəran”ın gerçəkləşdirdiyi praktikanı təklif edə bilərik.

2008-2010-cu illərdə Cənub təmsilçimiz klubun fan-şop ideyasının gerçəkləşdrilməsi istiqamətində çox sürətli və uğurlu layihələr həyata keçirmişdi. “Fırtınalar meydanı”nın 2009-cu ildə satış üzrə rekord vurması həmin vaxt mediada ən qabarıq informasiyalardan olmuşdu. Bəzi aylarda atribut satışından hətta 30 min manat gəlir götürüldüyü açıqlanmışdı.

“Qəbələ”nin fan-şopu isə fəaliyyətə başlayandan indiyədək heç 25 min gəlir gətirməyib.

Deməli, prosesə katalizator lazımdır.

Bununçün onlayn satışın təşkili vacibdir. “Xəzər Lənkəran” hətta abonoment sistemi də tətbiq etmişdi və ondan sonra bunu yalnız “Neftçi” pis-yaxşı bacarmışdı. “Qəbələ”nin stadionunda bununçün müvafiq şərait olmasa da, atributizasiyanın onlayn satışının tətbiqi, az da olsa, prosesə hərəkətlilik gətirə bilər.

“Hər bir “Qəbələ” forması həm də klubun təbliğidi” prinsipiylə bu istiqamətdə atılacaq addımların effektiv ola biləcəyini düşünürük və XL nümunəsi buna bariz sübutdur.

Futbol, marş!

TPL iştirkçılarının ən yaralı yerlərindən biri də budur. Klubların marşları stadionda toplaşanları coşduracaq səviyyədə deyil. Avropada klub tərəfdarlarını birləşdirən əsas detal məhz marşlardı. Məsələn, “Barselona”, “Bavariya”, “Mançester Yunayted” kimi nəhəng klubların oyunlarında tez-tez bütün stadionun klub marşını oxuduğunun şahidi oluruq. Qonşu ölkə Türkiyə, Rusiyanın da bir çox klublarında belə ənənə formalaşıb. Bu klubların tərəfdarları artıq klub büdcəsinin yarıdan çoxunun formalaşmasında vasitəçidir.

Klassik estrada müğənnisi, vokal üzrə mütəxəssis, əməkdar artist Teymur Əmrah layihə çərçivəsində Premyer Liqa klublarımızın marşlarını dinlədikdən sonra belə bir rəy verdi (Qeyd: “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”dən başqa digər 
 

klubların marş(lar)ını internetdən tapa bilmədiyimizçün bunları təqdim edə bilmədik):

“Göndərdiyiniz marşların hər birini dinlədim. Ümumi bir fikir demək olar: monoton. Əvvəla, sanki hamısı bir-birinə bənzəyir. Sadə dillə deyim, elə bil, klub marşları şablon not kombinasiyaları üzərində qurublar. Sözlər olmasa, elə bilərsən, bu marşların hamısı eyni avazdadır. Heç sözləri aydın eşidilmir.
Nisbətən, “Qarabağ”ın marşını qeyd edərdim. “Qəbələ”nin əsas marşı yox, Roza Zərgərlinin ifa etdiyi daha şaqraqdır. Dinamika və emosionallıq hiss edilir. Ritm də daha uğurlu seçilib”.


Daha sonra Teymur bəyə “Xəzər Lənkəran”ın marşını dinləməyi təklif etdik. Fəaliyyətdə olmayan kluba aid məhsulu mövzumuza daxil eləməkdə məqsəd sadəcə bu idi ki, görəsən, ən böyük azarkeş dəstəyinə malik klubun marşı necə təəssürat yaradır. Fikirlər belə oldu: “Faiq Ağayevin ifasına, sənətinə söz ola bilməz. Ancaq mən bu dəfə onu həm də mükəmməl marş ifaçısı kimi kəşf eləmiş oldum. Xoşuma gələn əsas məqam isə marşın yerli folklor elementləriylə başlaması oldu. Məncə, bu, təqdim etdiyiniz marşlar içində qeyd-şərtsiz ən yaxşıısıdır”.

Marş məsələsində mütəxəssis rəyi klublarımızın kütləviləşmə yolunda addımlarına nə dərəcədə dəstək verər, bunu dəqiq demək çətindir, ancaq ən azı, bundan sonra istəyən klublar Teymur bəyin qeydlərinə uyğun yeni marş yazdıra bilərlər.

Nümunə üçün ən populyar marşlardan birini sizə təqdim edirik. Baxın, azarkeşin stadionda marşı birlikdə oxuması hansı effekti yaradır – “Kamp Nou”. 100 minə yaxın tutumu olan arenada klubun marşı möhtəşəm görüntüyə səbəb olur.

Digər klublarımızda durum nə yerdədir?

“Kəpəz” “Xəzər Lənkəran”ın süqutundan sonra “12-ci oyunçu” sarıdan liderliyi ələ keçirsə də, yuxarıda qeyd elədiyimiz kateqoriyaların heç birində hansısa işin getdiyini deyə bilmərik. Ötən il bəzi oyunlara bilet satışı təşkil edilsə də, bu iş sistemə salınmadı, sonradan, ümumiyyətlə, davam etdirilmədi. Hazırda Premyer Liqa iştirakçıları arasında ev oyunlarına bilet satan yeganə klub “Neftçi”di.

“Zirə”, “Sumqayıt”, AZAL tərəfdarları üçün ev oyunlarına giriş sərbəstdir. “İnter” isə bəzən bilet satışı edir, bəzən bunu “unudur”. “Qarabağ”ın da azarkeşlərini təmənnasız stadiona buraxdığını qeyd etməliyik. Bu istiqamətdə uğurlu iş qurub, mənfəət götürə biləcək yeganə klub “Kəpəz”dir ki, bu istiqamətdə heç bir ideyanın işlənmədiyini az əvvəl qeyd etdik.

Klubların pul əldə eləməyə yönəlik cəhdsizliyi şübhələr yaradır. Görəsən, onların peşəkarlıqdan xəbəri var?

Azərbaycanda brendləşə bilən klub modeli formalaşdırılmalıdır. Bununçünsə dünya futbolunun maliyyə gətirən trendlərinin burda tətbiqini düşünmək, hazırlamaq lazımdır. Əks halda, maliyyə təmərküzləşməsi kimi qorxulu tendensiyanın bürüdüyü ölkə futbolunun dərin böhrana sürüklənəcəyi vaxt uzaqda deyil. Neft pullarından/dövlət büdcəsindən sömürməkdən, vahid sponsorlardan maliyyələşməklə klub olunmur. Müasir futbolu artıq təkcə futbol biliciləri deyil, marekotoloqlar idarə edir. Ölkə futbolunun marketinq prosesi isə qənaətbəxş sayıla bilməz.

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində  hazırlanıb



oxunma sayı: 2351 | Paylaş:




?>