')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" - "Qarabağ": sıradan bir oyun..?! (YAZI)

"Qəbələ" - "Qarabağ": sıradan bir oyun..?! (YAZI)


oxunma sayı: 998 Paylaş:

FutbolPressFevralın 19-da keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu nəinki 19-cu turun, ümumilikdə mövsümün ən vacib, maraqlı, əhəmiyyətli qarşılaşması kimi səciyyələndirilir. İctimaiyyətdə matçətrafı ajiotajdan hər birimiz xəbərdarıq.

Çoxdandı gözlədiyimiz, arzulanan hərəkətliliyə səbəb olan bir məqam yaranıb.

8 komandası qalan Premyer Liqanın sönüklüyünü aradan qaldıran tək hadisəyə qarşı biganəlik hansı tərəfdən gəlsə yaxşıdı – AFFA və PFL rəhbərliyindən.

Efirdə, elektron mediada, qəzetlərdə, nəinki idman, mətbuatın digər sahələrinin də diqqət mərkəzində saxladığı qarşıdakı qarşılaşmaya məhz bu iki qurumun laqeyd münasibəti heyrətləndirməyə bilmir.

5 gün əvvəl Ramin Musayevdən sözügedən oyuna gedib-getməyəcəyini soruşmuşduq, demişdi ki, səhhətimlə əlaqədar gedə bilmərəm. Son açıqlamalarda isə, “Bu oyun çempionatımızın digər qarşılaşmalarından fərqlənmir, oyuna getməyəcəm, televizordan izləyəcəm” -  kimi münasibət bildirib.

AFFA-nın media və ictimaiyyətlə Əlaqələndiricisi Mikayıl Nərimanoğlu isə nə assosiasiya prezidenti Rövnəq Abdullayevin, nə də qurumun baş katibi Elxan Məmmədovun Qəbələyə getməyəcəyini açıqladı.

Əcəba, niyə?

“Xəzər Lənkəran”, “Bakı” kimi azarkeş bumu yaradan klubların məhv olmasından sonra meydanı qızışdıra biləcək cəmi 2-3 klub qalıb-qalmayıb, mövsümboyu vur-tut 3-4 cəzbedici qarşlaşma olur-olmur, onların arasında ən cazibəlisi ayın 19-da Qəbələdə olacaq – xeyirdirmi, getmirsiz?

Xeyirdir, bəli!

Onların Qəbələyə getməmək səbəbi  açıqlamalarındakı kimi – matçın sıradan biri – olması deyil. Sizə müşahidələrimizi açıqlayaq, qoy qaranlıq qalmasın, yaxud edilən açıqlamaların “toruna düşməyəsiz”.

Deməli, PFL prezidenti Ramin Musayev klublardan “küsüb”.  Xüsusən, “Qəbələ” ilə son ərəfələr ara heç yaxşı deyil. Bunun iki səbəbi var. Biri klubun tez-tez hakim məsələlərinə sərt və açıq reaksiya bildirməsidir, digəri isə şəxsi, subyektiv detallardan ibarət inciklik.

Baş katib Elxan Məmmədovun matçı yerində izləməməsinə səbəb isə “özünü zibilə salmaq istəməməsidi”. Çempionatın təşkilatçısı PFL-dir, ətrafında yaranan qalmaqallar da tamamilə bu quruma yönəlməlidir – yanaşması Məmmədovun köhnə-yeni siyasi konsepsiyasının əsas xəttidir.

Əks halda, bu qarşılaşma onlarçün niyə bu qədər “sıradan biri” olsun ki?

Məgər Elxan Məmmədov “Sumqayıt”ın, “Neftçi”nin oyunlarına stadiondan baxanda həmin oyunlar sıradan biri olmur?

Yoxsa ölkə çempionatında Müşahidə Şurası idarə üsluna keçməyən cəmi iki klubun - “Qarabağ” və “Qəbələ”nin arasındakı oyunun vacibliyi “Sumqayıt”ınkından aşağıdır, yoldaş Məmmədov?

Azərbaycan futbolunun diqqətə, dəstəyə ehtiyacı olduğu bir ərəfədə ən görkəmli qarşılaşmaya getməməyiniz normal qarşılana bilərdi, ancaq sizin buna verdiyiniz izahlar səmimi olsaydı, səbəblər dediyinizdən ibarət olsaydı...

Doğrudan da Azərbaycan futbolunun idarəçiləri bu sahəyə xidmət edənlər  yox, şəxsi mənfəəti, çıxarışlarını daha çox güdənlərdir.

“Qəbələ”  - “Qarabağ” oyunu sıradan biri deyil, mövsümün ən maraqla gözlənən qarşılaşmasıdır. Ölkənin ən iddialı iki məşqçisinin mübarizəsi deməkdi bu. Son illər Avropada ölkə futbolunun üzünü ağardan iki tərəfin rəqabətinin ən pik məqamlarından biridi bu. Legionerləriylə, yerliləriylə birgə mövqe savaşının, iddialar toqquşmasının meydanıdı. Nəhayət, bu qarşılaşma mövsümün mirvarisidi. Sırada isə sizin sıradan yanaşmanızdır – heç yaraşmadı bu möhtəşəmliyə...

Elçin Cəlilov


oxunma sayı: 998 | Paylaş:




?>