Bu gün:


FutbolPress.Az | Qəbələdə çempionluq oyunu, Bakıda tarixi derbi (ÖNBAXIŞ)

Qəbələdə çempionluq oyunu, Bakıda tarixi derbi (ÖNBAXIŞ)


oxunma sayı: 213 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. İki gün davam edəcək turun iki oyunu paytaxtda, digər ikisi kənarda keçiriləcək.


“İnter” – “Zirə”

Açılış oyununda “İnter”lə “Zirə” münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt derbisində 3-cü pillədəki mövqeyini möhkəmləndirən Zaur Svanadzenin komandası bu mövsüm məğlub edə bilmədiyi rəqibinə qalib gəlməyə çalışacaq. “Sumqayıt”la 4-cü yer uğrunda mübarizədə amansız mübarizə aparan “Zirə” isə, həm də “İnter”ə yaxınlaşmaq üçün mütləq qələbə qazanmalıdı.
 
Komandalar indiyədək 6 dəfə qarşılaşıb. Hərəyə 1 qələbəyə sevinən rəqiblər, 4 dəfə sülh bağlayıb. Top fərqində də mütləq bərabərlikdi – 4:4.
 
Meydan sahibi komanda heç vaxt uduzmayıb. Cari mövsümdə hər iki matç eyni – 1:1 hesablı heç-heçə ilə nəticələnib. “İnter” 4 oyundur meydanı qolsuz tərk etmir.
 
 
“Neftçi” – “Kəpəz”

İlk oyunu günü Azərbaycan futbolunun tarixi derbisi ilə başa çatacaq. “Neftçi” və “Kəpəz” birincilərin meydanında üz-üzə gələcək. Ardıcıl 5 oyundur xal qazana bilməyən Gəncə klubu ötən tur 6-cı pillədəki mövqeyini də əzəli rəqibinə verib.  Şahin Diniyevin komandasını bu matçda qələbədən başqa heç bir nəticə razı salmayacaq. Üçüncü dövrəyə olduqca yaxşı başlayan “Neftçi” isə ardıcıl 3-cü qələbəyə iddia edir. Bu matçdakı 3 xal Elxan Abdullayevin komandasını 4-cü yerə xeyli yaxınlaşdıracaq.

Əzəli rəqiblər buna qədər 45 dəfə qarşılaşıb. “Ağ-qaralar”ın aktivində 21, “sarı-göylər”də 17 qələbə var, 7 dəfə qalib müəyyənləşməyib. Top fərqində də bakılılar üstündü – 69:43.
 
Son iki oyunda meydan sahibi olan tərəf 2 cavabsız qolla qalib gəlib. Meydan sahibi olan komanda ardıcıl 5 oyunu qolsuz tərk etməyib.

 
“Sumqayıt” – AZAL

Turun ikinci gününün ilk matçı Sumqayıtda keçiriləcək. “Neftçi” səfərindən xalsız dönən yeri komanda “Sumqayıt” autayder AZAL üzərində qələbəyə iddialıdır. Bu il xal nə olduğunu bilməyən AZAL isə uğursuz gedişata son qoymağa çalışacaq. “Təyyarəçilər” cari mövsüm hər iki matçda xal aldığı münasib rəqibi bu dəfə də büdrətmək əzmindədi.

“Sumqayıt” və AZAL indiyə qədər 22 dəfə üz-üzə gəlib. 4 dəfə gənclik şəhəri təmsilçisi, 8 dəfə paytaxt klubu qalib gəlib.10 oyunda qalib müəyyənləşməyib. Top fərqində 29:22 AZAL üstündür.

Mövsümün ilk iki oyunu – 1:1 hesablı heç-heçə ilə başa çatıb. 9 oyundur qonaq komanda qələbə qazana bilmir. Sumqayıtdakı son 3 oyunun hərəsində 2 qol vurulub.
 
 
“Qəbələ” – Qarabağ”
 
Son oyun, həm də mərkəzi xarakter daşıyacaq. Çempionluğa əsas iddialılar – “Qəbələ” və “Qarabağ” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma, üçüncü dövrənin, bəlkə də, çempionatın ən əhəmiyyətli matçıdır.
 
Məsələ burasındadı ki, səfərə 3 xal üstün yollanan Ağdam klubu qalib qələcəyi təqdirdə çempionun adına böyük ölçüdə aydınlıq gələcək. “Qəbələ” məğlub olarsa, yaranacaq 6 xallıq fərqi aradan qaldırmaq nə qədər çətin görünürsə, komandadakı psixoloji durumu düzəltmək ondan da qəliz olacaq. Üstəlik, komanda bu matça da psixoloji gərginliklə çıxacaq.
 
Digər tərəfdən “Qarabağ”a 1 xal da sərf etdiyi üçün Qurban Qurbanovun komandasına ehtiyatlı futbol oynadacağını gözləyənlər az deyil.
 
“Qəbələ” və “Qarabağ” indiyədək 34 dəfə qarşılaşıb. Daha çox 2010-cu ildən sonrakı çıxışı ilə diqqətə düşən “qırmızı-qaralar” statistikada rəqibinə açıq-aşkar uduzur. “Qarabağ”ın 16 qələbəsi olduğu halda, “Qəbələ” bundan iki dəfə az – 8 qələbəyə sevinib, 10 matçda heç-heçə qeydə alınıb. Top fərqində də Ağdam klubunun üstünlüyü var – 46:32
 
Son 3 matçda meydan sahibi komanda 2 qol vurub, qalib gəlir. “Qəbələ” 5 ev oyunudur meydanı qolsuz tərk etmir. (Bu rəqiblər arasındakı görüşlərin statistikası daha detallı: http://futbolpress.az/v2/news-details/50637/)
 


oxunma sayı: 213 | Paylaş: