')

Bu gün:


FutbolPress.Az | “Qapazaltı”ya çevirilən “Kəpəz”, “torbası tikilən” Diniyev (QEYD)

“Qapazaltı”ya çevirilən “Kəpəz”, “torbası tikilən” Diniyev (QEYD)


oxunma sayı: 1052 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XVI turu başa çatdı. Daha çox hakim səhvləri ilə diqqət mərkəzinə düşən tur, həm də Gəncə “Kəpəz”inin növbəti məğlubiyyətiylə yadda qaldı. Şahin Diniyevin komandası bu dəfə qaydalara uyğun vurduğu qolu ofsayd kimi qeyd edilən, üstəlik oyunun 2/3-dən artığını azlıqda oynayan “Zirə”yə uduzdu – 0:1.
 
“Kəpəz”in futbolçuları 3-cü dövrədəki ilk sınağında da "üzüqara" olmuşdu. Heç də yaxşı günlərini yaşamayan “İnter”ə 1:4 uduzan gəncəlilər, ümumiyətlə, Premyer Liqada “qapazaltı”ya çevrilməkdədir. Komanda sonuncu 3 xalını 13-cü turda, sonradan “bəyanat savaşı” ilə davam edən qalmaqallı “Neftçi” oyununda qazanıb. Həmin matçdan bu yana 3 oyundur ki, “xal üzü görmürlər”. İkinci dövrəyə yaxşı başlayan “Neftçi”nin isə yaxın bir neçə turda “Kəpəz”i geridə qoyacağını gözləmək olar.
 
“Kəpəz” qış hazırlığını ölkə daxilində keçən iki (digəri AZAL) komandadan biri oldu. Maliyyə durumunun ürəkaçan olmadığı deyilən Gəncə klubunun hazırlığı yaxşı keçmədiyi açıq-aşkardı. Üstəlik komandaya yeni futbolçu da transfer edilmədi. “İnter”lə oyundan sonra Şahin Diniyev “300-500 düzəldib oyunçulara maaş verə bilmirik, futbolçu necə alaq?” deyə şikayətləndi. Görünən odu ki, komanda daxilində problemlər göründüyündən daha ciddidir.
 
AFFA-nın himayəsində olan klublara ayırılan maliyyə kəskin azalıb. Və deməli “Kəpəz”ə də. Müşahidə Şurasının sədri, idman mediasında məşhur olan Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev komandanı yüngül desək, ciddiyə almır. Təkcə, uzun müddətdir oyunlara gəlməməsi bu fikrə sübutdur. Hətta ötən ilin yayında yayılan xəbərlərdə onun komandadan birdəfəlik imtina etdiyi yazılırdı. Yaranan vəziyyət bunu deməyə əsas verir ki, Elmir Vəliyev ad olaraq klubda qalsa da, faktiki komandadan imtina edib. Elə klubun hazırlıq üçün xaricə getməməsinin də, yeni futbolçu cəlb edilməməsinin də səbəbini bunda axtarmaq lazımdır.
 
“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin isə “torbası tikilmək” üzrədi. Ancaq maraqlıdı ki, o, həddən artıq mütilik göstərir. Qeydə alınan hər iki məğlubiyyətdə məsuliyyəti öz üzərinə götürən çalışdırıcı deyir ki, rəhbərliyin də, medianın da, azarkeşlərin də, hətta komandadakı süpürgəçinin də onu qınamağa haqqı var, edilən, yazılan bütün tənqidləri qəbul edir. Komandasının göstərdiyi oyun isə futbol adına cinayətdi.
 
Komandaya qış hazırlığını keçmək üçün normal şərait yaratmayan rəhbərlik necə haqlı ola bilər? Bakıdakı süni örtüklü meydançalarda hazırlaşan heyətin ciddi hazırlıq keçən, güclü sparrinq rəqiblərlə gücünü sınayan “İnter”i, “Zirə”ni uda bilməməsi necə Şahin Diniyevin günahı olur? Bunu da keçdik, 10 nəfərlə qalan “Zirə”nin qapısı önündə bir 100 faizlik qol vəziyyəti yarada bilməmək də Şahin Diniyevin günahıdır? Niyə susursuz, cənab Diniyev?
 
- Doğrudanmı komandada sizin “torbanız tikilir”?
- İnanmıram. Belə şey olsa, dərhal komandanı tərk edərəm.
 
Gedə bilərsiz, Cənab Diniyev…
 
“Kəpəz” “Zirə”yə qarşı oyunda bu çempionatda ilk dəfə azarkeşsiz qaldı. Səbəb fanatların komandanı boykot etməsi idi. Onlar “Kəpəz”in bərbad çıxışından, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmamasından, "Kəpəz"in faktiki olaraq Bakı klubuna çevrilməsindən narazıdılar. Boykotun nə qədər davam edəcəyi məlum deyil.
 
Gəncəli azarkeşlər yenidən bu klubu itirməkdən, futbolsuz qalmaqdan qorxurlar. Perspektivdə isə yaxşı heç nə görünmür. Azarkeşlərin qorxduğu başlarına gəlməsə, yaxşıdı.

Faiq Tahirov



oxunma sayı: 1052 | Paylaş:




?>