')

Bu gün:


FutbolPress.Az | Premyer Liqada qış fasiləsi: Klub saytları necə işlədi? (LAYİHƏ)

Premyer Liqada qış fasiləsi: Klub saytları necə işlədi? (LAYİHƏ)


oxunma sayı: 954 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri” mövzusunda araşdırmaları davam etdiririk.

Bu yazıda qış fasiləsi zamanı klubların rəsmi saytlarının necə işlədiyinə nəzər yetirəcəyik.


Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatdı. Təxminən ay yarım davam edən bu müddətdə klublar müxtəlif cür hazırlıq keçdi. 8 komandadan 6-sı hazırlığı ölkə xaricində, konkret olaraq Türkiyənin Antalya bölgəsində keçirdiyi halda, “Kəpəz” və AZAL Bakıda qalmağı üstün tutdu və ya qalmalı oldu. Bunun elə böyük fərqi olmasa da, klub saytlarının fəaliyyətində ciddi fərqlər müşahidə edildi.
 
Çempionatda yaranan fasilə zamanı klubların azarkeşlərlə yaşıl meydanlarda görüşmədiyi nəzərə alınsa, bu vəzifəni yerinə yetirmək baxımından rəsmi saytların fəaliyyətinin əhəmiyyəti bir neçə dəfə artır. Hər şeydən əvvəl ona görə ki, komanda diqqət mərkəzində qalsın. Digər tərəfdən, bu, təmin edilmədikdə mətbuatda onlar haqqında yayılan xəbərlərin əksəriyyəti dezinformasiyadan ibarət olur. Necə ki, AZAL-la baş verdi.
 
Əslində, klubların mətbuat xidmətlərindən qeyri-adi nəsə tələb olunmur. Sadəcə komandada baş verən yeniliklər barədə operativ şəkildə məlumatlar təqdim edilməlidir. Yaradıcılıq məsələləri öz yerində.
 
Azərbaycan Premyer Liqası ilə oxşar olaraq, Almaniya Bundesliqasında da təxminən bir ay qış fasiləsi oldu. Bir vaxtlar ölkə futbolunda kütləvi şəkildə Almaniya təcrübəsinin tətbiq edilmə cəhdlərinə də uyğunluğunu nəzərə alıb, elə bu ölkənin futbol klublarının mətbuat xidmətlərinin fasilə zamanı necə işlədiyinə baxaq.
 
“Bavariya”, “Borussiya” (Dortmund) kimi nəhəng komandalardan tutmuş son sıralarda qərarlaşan “Hamburq”, “Darmştadt”a qədər bütün klubların rəsmi saytlarında gündəlik yenilənmələr baş verib. Bura komandanın məşq, hazırlıq prosesi, keçirilən yoldaşlıq oyunları, məşqçilər heyəti və futbolçuların özəl açıqlamaları, videomüsahibələr, transfer xəbərləri, həmçinin komandanın tarixi, uğurları ilə bağlı nostalgiya xarakterli müxtəlif yaradıcılıq məhsulları və s. daxildir. Qısaca, klubun bir günü ilə bağlı az qala hər şey + mövzudan kənar yaradıcılıq məhsulları.
 
Azərbaycan klublarının bu sahədə işi isə fərqli oldu. Bu, həm nümunə kimi göstərdiyimiz Bundesliqa təmsilçilərindən çox aşağı idi, həm də yerli komandaların aralarında da ciddi fərqlər müşahidə edildi.
 
Ancaq fəaliyyətini kifayət qədər yaxşı quran mətbuat xidmətləri də oldu. Bu hissə “Qarabağ”, “Qəbələ” və “Neftçi”yə aiddir.

Hər üç klubun hazırlıq müddətinin bütün günləri ilə bağlı fotolar, xəbərlər rəsmi saytda yer aldı. Yoldaşlıq oyunları, qarşılaşmalardan sonra məşqçi (bəzən futbolçu) fikirləri, hazırlıqla bağlı komanda üzvlərinin açıqlamaları, yeni transfer xəbərləri, onların komandada gələcək hədəfləri ilə bağlı açıqlamaları və s. demək olar ki, hər gün qarşımıza çıxırdı. “Qarabağ” və “Neftçi”nin keçirdiyi yoldaşlıq görüşlərinin canlı yayımının təşkili xüsusi vurğulanmalıdır. Düzü, bu, “Qəbələ”dən də gözlənilsə də, nədənsə təşkil edilmədi. Komandanın canlı yayım etməyi bacarmadığını, bunu edəcək gücünün olmadığını demək gülünc olardı. Çünki daha əvvəllər kifayyət qədər təşkil edilib. Mətbuatda yer alan xəbərlərə görə, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunların yayımlanmasını istəməyib. Səbəb önəm daşımır, nəticə odur ki, gözlənilən edilməmişdi.

Ancaq “Qəbələ”nin vizuallıq baxımından geri qaldığını demək olmaz. Yeni transfer Araz Abdullayev, ukraynalı fubolçu Vitali Vernidub və ailəsi, Xorvatiya yığmasında debüt edən Filip Ozobiçlə olan videomüsahibələr, Rikardinyo ilə hazırlanan “Tez-Bazar “ adlı maraqlı rubrika və s. kifayət qədər yaradıcı işlərdir. Bu baxımdan “Qarabağ”ın rəsmi saytı geri qalır. Vizuallıq “Nefçi”də də normaldır.
 
“İnter”, “Zirə”, “Sumqayıt” və “Kəpəz”in rəsmi saytlarının qış fasiləsindəki fəaliyyətləri oxşar oldu. Burda “Zirə”nin nisbətən geri qaldığını söyləmək olar. Digər üç klubun saytlarında komanda üzvlərinin (“Sumqayıt” və “İnter”də yalnız baş məşqçilərin) açıqlamaları olsa da, “Zirə”də görünmədi. Xüsusilə, “Kəpəz”in hazırlığını ölkə daxilində keçirməsinə baxmayaraq, mətbuat xidmətinin işi Antalyaya gedənlərdən geri qalmırdı. Ümumiyyətlə, Gəncə klubunun rəsmi saytının çempionat davam edən zamanlarda da komandadakı yenilikləri, zədəlilərin durumunu tez-tez çatdırması diqqət çəkir, özünəməxsus “Tam Sərbəst” adlı rubrika var və s. Çatışmazlıq foto və videolarla bağlıdır ki, “Kəpəz” bunda adı çəkilən bütün rəqiblərindən geri qalır. “İnter” və “Sumqayıt”ın mətbuat xidmətləri isə multimedia imkanlarından istifadə edir.

Çempionatın autsayderi, hazırlığı Şüvəlanda keçirən AZAL-ın saytı isə “qış yuxusu”ndan hələ ayılmayb. Ümumiyyətlə, rəsmi saytda sonuncu xəbər yanvarın 17-si qoyulub. Nə bir transfer xəbəri var, nə bir açıqlama. Hazırlıq prosesini təkcə yanvarın 7-də yerləşdirən bir fotosessiyadan görmək mümkündür. Bir də yoxlama oyunu ilə bağlı daha əvvəl qeyd etdiyimiz yeganə xəbər yerləşdirilib. Klub saytının belə işləməsinin nəticəsində bütün qış fasiləsi zamanı bu komanda barədə dezinformasiyalar ölkə mediasından əksik olmadı.


Faiq Tahirov


Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi  çərçivəsində hazırlanıb.




oxunma sayı: 954 | Paylaş:




?>