')

Bu gün:


FutbolPress.Az | “Neftçi” və “Bakı” “ömrümü çürütmüşdü” (MÜSAHİBƏ)

“Neftçi” və “Bakı” “ömrümü çürütmüşdü” (MÜSAHİBƏ)


oxunma sayı: 1882 Paylaş:

FutbolPressElçin Məmmədov Azərbaycan futbolunun “play-list”inə düşmüş adlardandı. Adı qalmaqallarda olurdu, efirdə ucadan, hətta bəzən qışqıraraq “ölkə futbolunun həqiqətlərindən” danışırdı, doğru yol söhbətləri edərdi və s.
Günlərin bir günü xəbər çıxdı ki, Məmmədov hakimlikdən qovulub. “Mən qovulmamışam, ərizəm var, araşdırın, görərsiniz – özüm getmişəm hakimlikdən, başqa işlərimlə uzlaşmırdı” desə də, qovulmuşdu.


Məmmədov ölkə futbolunun mətbəxini bilən adamlardandı. Həm danışan, açıqlayan, həm də  “danışmayan” – tərəf saxlayan, ağa qara deyən bir obrazdı və istənilən halda “materiallı” müsahibdi.

Çoxdandı səs-səmiri gəlmir. Əlaqə saxlayıb, söhbətləşməyə randevu aldıq.

Dövlət proqramı futbolumuzun inkişafına nail oldu… (?!)

2005-ci ildə Azərbaycanda futbolun inkişafı üçün Dövlət Proqramı qəbul olundu. Proqramdakı bəndlərdən xəbərdarsınız. Proqramda deyilən hər şey yerinə yetirilib.
Niyə təəccüblə baxırsız? 2000-lərdə ən böyük arzularımız nə idi – heç olmasa bir klubumuz 1-2 mərhələ adlasın. Ancaq proqramın nəticəsində görülən işlərlə üç klubumuz Avropa Liqasında qrup oynadı. Hətta final mərhələsinə adlamaq şansı yarandı, hakimlərin səhv qərarları qarşımızı kəsdi.
Proqram nəticəsində hakimliyimiz inkişaf elədi. Əliyar Ağayev artıq I kateqoriya hakimidi və müstəqillik dövründə belə nəticəmiz olmamışdı. 
Məşhur futbol ölkələrində futbolçularımız legioner həyatı yaşamağa başladı. Kamran Ağayevi, Emin Mahmudovu buna əsas nümunə kimi götərmək olar.

Dağılan klublar “qəbiristanlığı”…

“Xəzər Lənkəran” və “Bakı”nın dağılması sırf öz günahları ucbatından olub. Elə “Karvan”ın da. Hansı kluba təzyiq göstərilib? Heç birinin! Fikir yayındırırlar. Guya təzyiq vardı, bunlar da fəaliyyətini dayandırmağa məcbur olub. Bəs hazırda fəaliyyət göstərənlər niyə hansısa “təzyiq” uydurmasını bəhanə eləmir?  “Xəzər Lənkəran”ın illik 20 milyon büdcəsi vardı – bunu Mübariz Mənsimov rəsmən açıqlamışdı. O pullara nə edildi? Yalnız Lənkərandakı gözəl stadionu demək olar, ona da dövlət proqramı çərçivəsində dəstək verilmişdi. O torpaq sahəsini AFFA-nın dəstəyi ilə dövlət ayırmışdı klub üçün. Başqa nə elədi klub? Yalnız pul yeyintilərindən, biabırçı məğlubiyyətlərdən danışılırdı. Azarkeşlər əsəb xəstəsi olmuşdu.
“Bakı” da eləcə. Orda Mübariz Mənsimovun, burda isə Hafiz Məmmədovun qardaşı – klubları məhv elədilər. “Karvan”ın da dağılması öz günahları ucbatından oldu. Bu klubların idarəçiləri bircə şeyi düşünürdülər – necə mənimsəyim. Futbol bunu bağışlamır. Burda pul qazanmağın yollarını bilməsən, cəzalanacaqsan, məhv olacaqsan. Bu klubların idarəçiləri “pul yeməyin” yollarını kəşf edib, inkişaf etdirirdilər.
Azarkeşləri də min yolla aldadırdılar. Şirnikləndirici vədlər verirdilər. Ancaq gözümüzün qarşısında hansı hoqqalardan çıxırdılar. Futvbolçu transferlərindən tutmuş, başqa xərclərə qədər – hər şeydən  “yeyirdilər”.  Nə qədər olar… Görməmişlik sərhəd tanımırdı. Mən bu vəziyyətin yaranmasında Mübariz bəyi də, Hafiz bəyi də təqsirli bilirəm. Onlar son məqamda qəti müdaxilə eləməliydilər. Dövlət onlara şərait yaratmışdı, dəstək vermişdi, onlar da bu imkandan maksimum yararlana biləcək bir klub təşkil eləməliydilər.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov göndəriləcəkdi, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov göndərildi…

Başa düşmürəm, Xaqani Məmmədov niyə getməliydi? Nə səbəbə? Harda yazılıb ki, hakim səhvlərinə görə Hakimlər Komitəsinin sədri qovulmalıdı?!

- İcraiyyə Komitəsinin iclasında Gülağa Cabbarovun vəzifəsindən göndərilməsi xəbəri təəccüb yaratdı, hamı Məmmədovun göndəriləcəyini gözləyirdi.

Gülağa Cabbarovun müqaviləsi bitmişdi. HİK sədri assosiasiya ilə müqavilə əsasında çalışır. Sadəcə, müddət bitmişdi və komitə uzadılmasını məqbul bilmədi.

- Məmmədov, bura qədər yaxşı gəlirdik, indi başladınız rəsmiyyətə. Biz həqiqətləri danışmalıyıq, heç olmasa, onun həndəvərində fırlanaq. Bununçün də siz açıq danışmalısınız. Həmişəki kimi…

Gülağa Cabbarov HİK-nın iclasından 2 gün əvvəl şəxsi mənada bir səhv buraxmışdı, onun cəzasını çəkdi. Yazırdılar ki, guya oğlu Rauf Cabbarovun xeyrinə inspektorlara təzyiq edirmiş, yüksək bal yazdırırmış. Bu hallar olubsa belə, qovulmasına əsas səbəb qətiyyən bu, deyil.

- Xaqani Məmmədovun alternativi yoxdu bəs? Onun “daydayı” Ramin Musayevdi – düşünənlər sanki haqlı çıxırlar zamanla…

Mən görmürəm. O, həm də lazımlı adamdı. Kim kimin himayəçisidi, arxasında durub - bu haqda danışmaq qeyri-ciddilik olar. Özləri bilərlər.

- Sizin, Vüsal Əliyevin adı çəkilir, Tahir Süleymanovun da o posta əsas namizədlərdən olduğu yazılır tez-tez mediada…

Mən özümdən danışa bilərəm. Heç vaxt Hakimlər Komitəsinin sədri olmaram. Ailə biznesimiz var, onların idarə edilməsinə vaxt və enerjini gücbəla çatdırıram. Restoranlar, ferma və s. Bunlar asan iş deyil. Komitə sədri olan gərək başqa heç nədə diqqəti qalmasın, sırf bu işə köklənsin. Həm Xaqani Məmmədov bu işi layiqincə görür, qalıb da.

- Sizin arxanızca danışırdı. Ötənlərdə demişdi ki, Elçin Məmmədov kimdi ki, Antalya toplanışlarında hakimlərə dərs desin, o, sadəcə, kağız-kuğuz işində köməkçim idi. Belədə deyirdiniz ki, dostuq…

- İnanmıram ki, haqqımda elə desin. Ona qalsa, hakimlərin yayda Polşa toplanışına dəvət aldım və getdim. Antalyada gördüyüm işi orda da gördüm. Ona köməkçi demirlər, metodist deyirlər. Elə indiki Antalya toplanışına da dəvət almışdım. Ramin Musayev dedi ki, ayın 19-da gedək mənlə. Ancaq vaxtım yoxdur getməyə.

Müsahibimlə bu istiqamətdə çox sual-cavablaşdıq. Əhdindən, imanından və inamından geri dönmədi. Xaqani Məmmədova sadiqliyini göstərməyə çalışdı, haqqında pis fikir işlədəcəyinə inanmadığını sonadək müdafiə etdi. Tez-tez altqatda nələrsə “ötürməyə” çalışırdı, “bunu demək istəyirsənmi?” deyəndə, boynuna almırdı, gülüşürdük – növbəti sualadək…

“Azərbaycan futbolunun gələcəyi qaranlıqdı”

Milli komandanın seçmə mərhələdəki ilk 3 oyunda 7 xal yığması eyforiya yaratdı. Fikir verin, San-Marino ilə səfərdə çətinliklə qələbə qazandıq, Norveçlə evdə pis oynadıq, hakimin lehimizə səhvləri müzakirə edildi,  təsadüfi qələbə qazandıq, Çexiyadan isə birtəhər 1 xal qopara bildik. Komandanın əsl gücü Şimali İrlandiya səfərində göründü. Nə standart vəziyyətlərdə bacardıq, nə xətlərarası əlaqə normal idi, nə də oyun keyfiyyətindən söhbət eləmək olar. Bu heyətin maksimumu bu idi, bunu da etdi. Gələcək necə olacaq? İndiki aşağı yaşlıların oyununa baxsaq, demək olar ki, Azərbaycan futbolunun gələcəyi qaranlıqdı. Niyə? Çünki aşağı yaşlarına çempionatında peşəkarlıqdan əsər-əlamət yoxdu. Keçən il bir yaş qrupu üzrə çempionat 35 komanda ilə başladı, yekunda cəmi 14 komanda qalmışdı. Hər tur ən azı 2-3 oyun rəqiblər gəlmir, texniki məğlubiyyət verilir. Belə olmaz.
Uşaq futbolunun inkişafını istəyiriksə, ən əvvəl uşaq məşqçilərinə verilən lisenziyaların ciddiyyətini yoxlamalıyıq. Məşqçilərə nəzarət komitəsi yaradılmalıdı.
Liqalarda regionlaşdırma getməlidir. 8 region üzrə yarışların nəticəsində hər regionun 2 qalibi  ölkə çempionatına qatılmalıdır. 16 komanda arasında qalib olansa, məsələn, U-16 çempionatında qalib komanda məşqçiləriylə birlikdə Avropanın ciddi akademiyalarından birinə göndərilməlidir. Növbəti il də növbəti yaş qrupu eynilə. Biz beləcə həm uşaqların Avropa psixologiyasına öyrəşməyinə, həm də səviyyənin artmasına nail olarıq. 6-7 il sonra əsas yığma üçün yüksək keyfiyyətli oyunçular yetişdirmiş olacağıq. Yoxsa Kamran Ağayev kimi – bir neçə aydan sonra vətənə qayıtmaq istəyinə düşməz legioner gedənlərimiz.
Uşaq futboluna kifayət qədər  pul ayrılır. Bu puldan səmərəli istifadə eləmək vacibdir. Milliləşdirmə gedir ucdantutma. İndi də Riçard Almeyda söhbəti atılıb ortaya. Niyə biz hansısa braziliyalını, digər ölkə vətəndaşını milliləşdirməliyik? Niyə bu qədər pulun qarşılığında Almeydanın mövqeyində layiqli futbolçu yetişdirə bilməmişik?
Yaxşı, Almeyda milliləşdirildi, hər mövqeyə bir nəfər elə tapdıq, düz-qoş elədik, bəs sonra? Axı bu doğru iş deyil, bunun sonu yoxdu.

“Azərbaycanda cəmi iki peşəkar klub var”

“Neftçi” və “Bakı” “ömrümü çürütmüşdü”. Səhv qərar da olsa şikayətlənirdilər, düz qərar da. Bunların işi-gücü yalnız şikayət eləmək, hay-küy qaldırmaq idi. Səhv eləyəndə həmişə boynuma almışam, cəzam da verilib. Ancaq bu klublar nəinki mənə, heç bir hakimə sakit yanaşmırdı.
Azərbaycanda iki peşəkar klub var – “Qarabağ” və “Qəbələ”. Bu da nəticələrində özünü göstərir. Ən doğru  işləyən də məhz bu ikisidi.

- Azərbaycan futbolunda mafiya var?

Bəli, var. Bütün ölkələrin futbolunda mafiya olur. Prosesləri yönəltməkçün. Ancaq mafiyanın təsiri çox olan ölkələr var, az olan var, lap az olan var. Azərbaycan üçüncüsünə aiddir.

“Növbəti mövsüm Premyer Liqada  mütləq 12 komanda olmalıdı”

Azərbaycan futboluna dövlət tərəfindən açılan imkanlar, pul dəstəyi heç bir ölkədə olmayıb. Axmaq idarəçilərin ucbatından ölkədən onmilyonlarla pul axdı xaricə. 2018-ci ildə avroliqaların reqlamenti dəyişəcək. Yeni sistemə əsasən inkişaf eləmiş futbol ölkələrinə sərf eləyir. Belədə Azərbaycan klublarının son illərdə öyrəşdiyimiz kimi – qrup mərhələsinə, pley-offa yüksəlməsi mümkünsüz olacaq. Proses xeyli ağırlaşacaq. Ona görə yeganə sevindirici istiqamətimiz olan klubların avroliqalarda mərhələlər adlamasını təmin eləməkçün mütləq ölkə çempionatında islahatlar aparılmalıdı. 8 komandalı çempionat o ölkələrdədir ki, onların futbolda gəliri yoxdu, dövlətin də dəstəyi olmur. Azərbaycanda elə növbəti mövsümdən komanda sayı artırılmalıdı. Rəqabətə tab gətirəcək, azarkeş cəlb eləyə biləcək komandaların elitaya yüksəlməsinə şərait yaratmalıyıq. İstəyiriksə Avropa Liqasına, Çempionlar Liqasına vəsiqə qazanan komandamız 1-2 mərhələ adlasın, onda növbəti mövsüm Premyer Liqada mütləq 12 komanda olmalıdı. Ən pis halda sayı 10-a qaldırmaq vacibdir. I Divizionda elitaya buraxılmağa layiq 2-3 komanda var.
Yeni sistem fikirləşib, ölkə çempionatında rəqabətsizliyin artmasının qarşısını almalıyıq. Yoxsa olan-qalan bir-iki nəticədən də məhrum olacağıq.

- Ramin Musayev, yoxsa Elxan Məmmədov?

Hər ikisinə hörmətim böyükdür. İkisi də vəzifəsinin öhdəsindən gəlməyə çalışır və hesabat verdikləri yerdən onlara narazılığın bildirilməsinə razı olmazlar. Çox çalışırlar.

- Məsələ hörmət kontekstində müzakirə edilmir. Bilmək istədiyim, onlardan hansının ölkə futbolunda daha çəkili olmasını, təsir qüvvələrini və  s. öyrənim.

Bunu öyrənmək, qəti fikir bildirmək, sən də yaxşı bilirsən ki, mümkün deyil. Hər ikisinin var-gücüylə çalışdığını dəqiq deyə bilərəm.
Məsələn, Ramin Musayevin PFL prezidenti postundan göndəriləcəyi çox yazılıb. Bu, olmayacaq. Mümkün deyil. Gərək AFFA tam dəyişilsin. Bu, mənçün dəqiqdir. Klublar Komitəsi PFL-in dağıdılması üçün yaradılmamışdı, yanlış yazırsız bu şeyləri.

“Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçilməsi müşkül məsələdir”

Elxan Məmmədovun AFFA-nın baş katibi postuna təyin edilməsi çox doğru qərar olmuşdu. Bunu zaman göstərdi. Gənc, savadlı, ünsiyyət qabiliyyəti yüksək səviyyədə  olan, beynəlxalq əlaqələr qurmaqçün faydalı kadrdı. Baş katib yönəldicidi. Yəni komitələrin qərarlarının icraya yönəldilməsi, prosesə, nəzarət eləmək və s. Bu işin öhdəsindən də maksimum gəlir. Ancaq media biraz məsələləri şişirdir. Sanki Məmmədov hansısa posesləri idarə edir, hansısa klubları yönəldir, mənfəəti üçün müəyyən təsir dairələri var. Elə deyil. Hətta onun UEFA-da vəzifəyə seçiləcəyi o qədər arxayınlıqla yazılır ki… Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçilməsi müşkül məsələdir. Bunun bir çox səbəbləri var. Sadalamağımı lazım bilmirəm. Ümumi belə deyim ki, Avropada mühüm qurumların idarəçiliyində yer tutmaq seçkiylə həll olunacaq qədər asan proses deyil. Məsələ tək seçkidə deyil yəni. Deyək ki, Məmmədov yaxşı əlaqələr də qura bilər, hörmət də qazanar, ona UEFA-da mükafatlar da verilər, ancaq bunlar o demək deyil ki, İK-nın İdarə Heyətinə keçirilən seçkilərdən qalib olacaq.


Elçin Cəlilov



oxunma sayı: 1882 | Paylaş:




?>