Bu gün:


FutbolPress.Az | Riçard Almeyda: "Mission Complete!" (YAZI)

Riçard Almeyda: "Mission Complete!" (YAZI)


oxunma sayı: 723 Paylaş:

FutbolPressMilliləşdirmə Azərbaycan futbolunda heç vaxt günəmdən düşməyən məsələdir.  Bu, 1992-ci ildən indiyə qədər  davam edir. Milliləşdirilənlərin bir hissəsi sırf yığma komandada oynamaq üçün “azərbaycanlı”laşdırılıb, digər qismi isə ölkə futbolunda böyük pulların dövr etdiyi zamanlarda klubların legioner limitinə qarşı tapdığı və həmin limiti tətbiq edən federasiyanın göz yumduğu “çarə” formasında milli pasport alanlardır.

İndiyə qədər milli komandada 46 legioner oynayıb...

Bu günə qədər Azərbaycanın əsas millisində oynayan qeyri-azərbaycanlıların sayı 46-dır. Onlardan 27-si 10 oyunluq həddə çatmayıb. Aşağı yaş qruplarında 1, 2, 5 oyun keçirənlər isə 10-larladır. Hansı ki, sonradan normal karyeraları olmayıb və hazırda, ümumiyyətlə, futbol oynayıb-oynamadıqları məlum deyil.

Ümumilikdə milliləşənlər arasında Rusiya, Ukrayna, Almaniya, latviya, Gürcüstan, Serbiya, Moldova, Nigeriya, Türkiyə, Braziliya təmsilçiləri üstünlük təşkil edir. Eyni zamanda 1-dən artıq ölkəyə bağlılığı olanlar da var.

Cəmi 9 xal...

Azərbaycanda milliləşdirmə prosesinin özünü doğrultmadığı gün kimi aydındır. Buna seçmə mərhələlərdə maksimum 9 xalın toplanması ən yaxşı sübutdur. Əgər bu qədər futbolçu gətirilirdisə, ən azı bir dəfə “üçlüy”ə düşmək lazım idi. Digər tərəfdən legionerlərin heç birinin milli komandanın tarixində dərin iz buraxa bilməməsi növbəti göstəricidir. Ancaq proses davam edir və belə görünür ki, hələ uzun müddət də bunun şahidi olacağıq. Ki...

Riçard Almeyda və Ozancan Kökcü...

Son günlər braziliyalı Riçard Almeydanın milliləşdirilməsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovun  açıqlaması və “Feyenord”un aşağı yaş qruplarında çıxış edən türkiyəli Ozancan Kökcünün U-21 millisinə cəlb edilməsi məsələni yenidən aktuallaşdırıb. Kökcünün milliləşdirilməsi, bəlkə də, artıq öyrəşdiyimiz hadisədir. Çünki əsas millidə də, aşağı yaş qruplarında da, qadın komandalarında da Türkiyədən olan, Azərbaycanla heç bir bağlılığı olmayan futbolçuların oynaması adiləşib. Riçard Almeyda ilə vəziyyət isə fərqlidir.

Sonuncu braziliyalı milli komandada 2012-ci ildə oynamışdı...

Çünki sonuncu milliləşdirilən braziliyalı Fabio Luis Ramim olub ki, onun da milli komandada axırıncı oyunu 5 il əvvələ təsadüf edir.

Bir vaxtlar “sambaçı”ların milliyə cəlb edilməsi heyətdə oynatmağa oyunçu tapılmaması (!) ilə bağlı idi. İndiki halda, yığmanın dünya çempionatının seçmə mərhələsində 4 oyunda 7 xal toplayaraq tarixinin rekorduna yaxın olduğu məqamda Almeydanın milliləşdirilməsinə konkret ehtiyac, səbəb, ya da hər nə deyirsinizsə, tapmaq çətindir. Xüsusilə, həmin mövqedə oynamağa layiqliyi şübhə doğurmayan, millidə yaradıcılığın problem olduğu dönəmdə kifayət qədər yaradıcı keyfiyyətlərə malik, çempionatın ilk “üçlüy”ündə qərarlaşan komandaların üzvləri, hətta kapitanları kimi oynayan, klublarının heyətində qitəmiqyaslı yarışlarda uğurlu çıxış edən və digər özəllikləri sadalana bilinəcək, konkret futbolçular – Rəşad Sadiqov, Nizami Hacıyevin kənarda qaldığı zamanlarda bu, daha da çətinləşir. Məsələ konkret adlarda deyil. Ancaq “həmin mövqedə oynamağa oyunçu yoxdur” bəhanəsinin absurdluğunu sübut etmək üçün ad çəkməyə ehtiyac var. Almeydanın onlardan fenomenal fərqi, böyük üstünlüyü yoxdur. Ki olsa, Azərbaycanda oynamazdı, oynasa... ardını tamamlamaq o qədər də çətin olmamalıdır...

Eyi vaxtda əsas millidə 11 legioner...

İndiki halda Almeyda milliyə cəlb edilsə, eyni vaxtda yığmaya çağırılan 11-ci legioner futbolçu olacaq. Bir futbol komandası qədər...

Əsas millimizin dünya çempionatının seçmə mərhələsindəki son oyunu – Şimali İrlandiyaya qarşı heyətə cəlb edilən milliləşdirilənlərə nəzər salaq:

Bədavi Hüseynov – Bəlkə də, bu qəbildən olan futbolçular arasında ən yaxşısıdır. Bədavi həm milli komandada, həm də çıxış etdiyi “Qarabağ”da əsas fiqurlardandır.

Arif Daşdəmirov – Yığmaya layiq olmadığı ortadadır. Son oyunda da ən zəiflərdən biri idi. Mətbuatın tənqid atəşinə tutduğu fubolçu nə “Qarabağ”da, nə də milli komandada əsas heyət üzvünə çevrilmək potensialına sahibdir.

Pavel Paşayev – Ukrayna “Stal”ında çıxış edən futbolçunun milliyə çağırılması üçün səbəb tapmaq müşkül işdir. Necə oynaması barədə təsəvvürlər azdır. Ancaq pis futbolçu olsa, Ukraynanın aşağı yaş qruplarının hamısında və əsas millisində oynamazdı. Əks məntiqlə, yaxşı futbolçu olsa, Ukraynanın aşağı yaş qrup yığmalarının hamısında və əsas millidə belə oynamış birini bu ölkə niyə əldən buraxsın?! Azərbaycan millisində cəmi bir oyunda meydana çıxıb. Yəqin təkcə ona görə hələ də açıqlanan heyətlərdə adı olur ki, “belə bir futbolçu milliləşdirmişdik, baxın, o hələ də çağırılır, lazımdır bizə” demək mümkün olsun. Yeri gəlmişkən, Paşayevin “Stal” karyerası artıq başa çatıb. Sol cinah müdafiəçisi yaxın günlərdə Bakı “Neftçi”sinə qoşulacaq.

Məhəmməd Mirzəbəyov – Yüksək potensialı olan futbolçu deyil. Millinin əsas heyətinin əvəzedilməzi olacaq səviyyəsi də yoxdur. Əsasən San-Marino ilə oyunun sonlarında kameralara düşən qeyri-etik jesti ilə yadda qalıb.

Dmitri Nazarov – Klub karyerası bərbad olan futbolçu millidə pis oynamır. Sabiq qazaxıstanlının yığmada 5 qolu da var. Hətta çıxış etdiyi Almaniyanın “Aue” klubundakı oyunu barədə bu ölkənin mətbuatında çıxan yazılarda da futbolçunun sanki bütün fikrini Azərbaycan millisinə yönəltdiyi yazılmışdı. 2016-cı ilin yekunları ilə bağlı “Ersgerbirge Aue”də ən pis futbolçu adlandırılıb. Nazarov sanki milli komanda üçün edə biləcəyi hər şeyi edib.

Eddi Silvestre Paskual İsrafilov – Öz adı ilə daha çox cizgi film qəhrəmanlarını xatırladan (Eddi, Silvestre) bu beynəlmiləl futbolçunu gülməli şəkildə “İsrafilovlaşdır”mışıq. La Liqada özünə yer tapa bilməyən Eddi Sequndaya yuvarlanıb. Futbolçu İspaniya mətbuatında öz oyunundan daha çox, porno qalmaqalı ilə “gündəmə gəlir”. Hazırda “Kadiz”də mövcudluğunu qorumağa çalışır. Həmin klubdan ayrılacağını deyirlər.

Emin Mahmudov – Əslən Saatlıdan olan futbolçu Rusiyanın aşağı yaş qrup komandalarının hamısında oynayıb. Hazırda çıxış etdiyi Portuqaliya “Boavişta”sında əvvəllər heyətə düşməkdə çətinlik çəksə də, sonradan hətta əsas heyətdə oynayıb qol da vurdu. “Saturn”un yetirməsi millidə 2 oyun keçirib. Şimali İrlandiyaya qarşı daha çox oynamağa imkan tapan yarımmüdafiəçinin xeyrinin olacağını gözləmək olar.

Ruslan Qurbanov – Onu da Rusiyadan tapmışıq. Mahmudovdan fərqli olaraq Qurbanov bu ölkənin heç bir yığmasında oynamayıb. “Qəbələ”də uğurlu mövsüm keçirir. Avropa Liqasının qrup mərhələsində 2 qol vurmağa imkan tapan hücumçu millinin heyətində cari seçmə mərhələdə San-Marinoya qarşı qələbə qolunun müəllifi olub. Ölkə xaricində oynamağa can atır.

Ramil Şeydayev – Milliləşdirilməsi böyük səs-küy yaratmışdı. Sonradan AFFA onu “Zenit”in B komandasından Türkiyə “Trabzonspor”una göndərdi. Şeydayev yığma komandada 3 oyun keçirib və qol vurmaq üçün ayağında düşən real imkanlardan istifadə edə bilməməsi ilə yadda qalıb. Türkiyə klubunda işləri yolunda getməyən gənc hücumçunun I Liqanın autsayderi “Samsunspor”a icarə veriləcəyi barədə söz-söhbət dolaşır. Bu rəsmiləşəcəyi təqdirdə rusların onun haqqında nələr danışacağını təsəvvür etmək çətin deyil. Şimallılar Ramilin Azərbaycan millisini seçməklə karyerasını məhv etdiyini düşünürlər.

Dəniz Yılmaz – Tez-tez klub dəyişən Yılmaz milli komandada debüt şansını son oyunda qazandı. 45 dəqiqə meydanda olan hücumçu keyfiyyətsiz görünmədi. “Bizim də “Bavariya”da oynamış futbolçumuz var”dan artıq olub-olmayacağını zaman göstərəcək.

Riçard Almeyda (?) –  Mission complete! Bir qədər əvvəl də qeyd etdiyimiz kimi əgər bu baş versə - AFFA-nın baş katibi açıqladığı üçün baş vermiş hesab etmək olar -, Almeyda eyni vaxtda milli komandaya çağırılan 11-ci futbolçu olacaq. Bununla da missiya tamamlanacaq. Millinin təlim-məşq toplanışları zamanı Robert Prosineçki bölüşdürüb bizimkilərlə “dünya ulduzları”nı rəqib kimi yoxlaya bilər - "Полное!"...

Eyni proses aşağı yaş qrup komandalarında da gedir...


Milliləşdirmə prosesi təkcə əsas milli komandada aparılmır. Bu gün aşağı yaş qrup komandalarında çoxlu  Sertanlar, Tolqalar, Onurlar var. Təkcə U-17-nin son açıqlanan heyətlərinin birində Türkiyənin “Altınordu” komandasının Azərbaycana heç bir aidiyyatı olmayan 5 futbolçusunun adı var. Bu artıq istedadlı fubolçuların  aşkarlanması deyil, səbəb və məqsəd tapmağın sağlam məntiqə sığmadığı qeyri-adi bir şeydir. Əgər, həqiqətən də, onların milliyə çağırılmasında əlaqədar şəxslərin gördüyü, bizim bilmədiyimiz hansısa əsas varsa, onda konkret həmin 5 yeniyetmənin azı biri yüksək səviyyəli futbolçu olmalıdır. İndiki halda, buna inanmaq asan deyil.

Klublara isə legioner sayında limit qoyulub...

... və daxili çempionatda klubların əsas heyətində yaşı 21-ə qədər  olan azı bir futbolçunun oynadılması tələb edilir...

Yerli futbolçuların daxili çempionatda oynadılması üçün bu qədər qayda tətbiq edilirsə, niyə milli komandalarda bu qədər  legioner oynayır? Ya da tərsinə... Onsuz da millidə 11 legioner oynayacaqsa, niyə klublara maksimum 6 nəfər oynatmaq icazəsi verilir?

Bəlkə, milliyə də limit tətbiq edilsin?!

Faiq Tahirov


oxunma sayı: 723 | Paylaş: