')

Bu gün:


FutbolPress.Az | Vaqif Sadıqov: "... Bu işi belə saxlamayacağıq" (AÇIQLAMA)

Vaqif Sadıqov: "... Bu işi belə saxlamayacağıq" (AÇIQLAMA)


oxunma sayı: 921 Paylaş:

FutbolPressAzərbaycanda danışılmış oyunlarla bağlı araşdırmalar davam edir. AFFA araşdırma prosesinin detallarını mətbuatdan gizli saxlamağa, bununla məşğul olan xüsusi komissiya üzvlərininin kimliyini açıqlamaqdan imtina etməyə çalışsa da, “FutbolPress” dünən təqdim etdiyi siyahı ilə bu komissiyanın tam tərkibini ictimaiyyətə çatdırdı.

Araşdırmaların gedişi ilə bağlı həmin komissiyasının üzvü, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikrini öyrənmək istədik. Vaqif bəy əvvəlcə inkar etsə də, daha sonra Məşqçilər Komitəsi olaraq bu prosesin içində olduqlarını, araşdırmalarda iştirak etdiklərini qəbul etdi və suallarımızı cavablandırdı.

Həmsöhbətimiz prosesin gedişatından razı olduğunu söylədi: “Bu barədə UEFA-dan həyəcan siqnalı gəlmişdi. AFFA da buna vaxtında, lazımi reaksiyanı göstərdi. Biz həqiqətlərin ortaya çıxması üçün çalışırıq. Məsələnin araşdırılması ilə xüsusi komissiya məşğul olur. UEFA-dan bizə konkret oyunlarda şübhəli epizodlar dəqiqəsinə qədər göndərilib. Fəaliyyətimizi də bunun əsasında təşkil edirik. Həmin epizodlara baxıb ilkin siyahını açıqlamışdıq. Sonradan orda dəyişiklik baş verdi. Bu da onun göstəricisidir ki, araşdırmalarımız öz nəticəsini verdi. Belədə danışılmış oyunlarda iştirak etməyənlər siyahıdan çıxarıldı. İndi həmin siyahıda adı olanlarla bağlı araşdırma aparırıq. Prosesin gedişindən asılı olaraq, ora yeniləri əlavə edilə, və ya kimlərinsə adı ordan çıxarıla bilər”.

Komitə sədri prosesin bu formatda aparılmasında belə aydınlıq gətirdi: “Məsələni AFFA araşdırır və belə də olmalıdır. Çünki hazırda bununla bağlı konkret qanun mövcud deyil. Həm də UEFA I Divizion oyunları ilə bağlı şübhələrini AFFA-ya göndərib. Əgər məsləhət olsa başqa yerə, başqa quruma göndərərdilər. Deməli, bunu biz araşdırmalı, həqiqəti ortaya çıxarmalıyıq. Prosesin bu formada getməsi şübhəliləri ortaya çıxarmağa kifayət edir. Əgər etməsəydi, biz konkret siyahılar tərtib edə bilməzdik. Ya da günahı olmayanların adı ilk siyahıdan çıxarılmazdı. Deməli, proses gedir ki, şübhəlilər siyahısı yenilənir, dəyişikliklər edilir. Təbii ki, araşdırmaların nəticələri başa çatdıqdan sonra bu işi belə saxlamayacağıq. Oyun alqı-satqısında iştirakı sübut edilənlərin cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına da müaciət ediləcək. Bununla bağlı konkret qanunun qəbul edilməsi isə yaxın zamana planda var”.

Sadıqov şübhəlilər siyahısının konkret şəxslərin iştirakı təsdiqlənməmiş açıqlanmasının onların peşə nüfuzuna xələl gətirməsi fikri ilə razılaşmadı. Bildirdi ki, bunu açıqlamağa haqları var: “Biz niyə də onların adını açıqlamayaq?! Niyə də yox?! Ölkə futbolunun bu bəladan təmizlənməsi üçün çalışırıq və kimi şübhəli biliriksə, onun da adını açıqlayırıq. Heç kim də buna etiraz edə bilməz. Adı açıqlayırıq və onu yarışlardan kənarlaşdırırıq. Bunun da məntiqi bundadır ki, həmin şəxs, həqiqətən də, iştirak edibsə, qoy artıq indidən futboldan kənar qalsın. Yox, əksidirsə, onsuz da araşdırmaların gedişində bu ortaya çıxacaq və şübhə üstündən qalxacaq. Belədə onun hansı ictimai nüfuzuna ləkə gələ bilər ki? Nəticədə adı təmizə çıxır”.

Müsahibimiz UEFA-nın Premyer Liqa klubları ilə bağlı hər hansı araşdırma tələbinin olmadığını dedi: “Sizə tam səmimi deyirəm ki, bu barədə heç bir şey yoxdur. Əgər nəsə olsaydı, mən bunu sizə açıqlayardım. Bir az əvvəl də dedim, ölkə futbolunun bu bəladan təmizlənməsi üçün əlimizdən gələni edirik. Bu baxımdan da fərqi yoxdur, I Divizion, ya Premyer Liqa, onların hansı ilə bağlı şübhə olsa, konkret tədbirlər görərdik”.


oxunma sayı: 921 | Paylaş:




?>