')

Bu gün:


FutbolPress.Az | "B" komandasından Çempionlar Liqası kubokuna: Luis Enrike &   Zinəddin Zidan

"B" komandasından Çempionlar Liqası kubokuna: Luis Enrike & Zinəddin Zidan


oxunma sayı: 444 Paylaş:

FutbolPressSabah baş tutacaq “El Klasiko”, həm də,  mövsümə olduqca fərqli nəticələrlə başlayan Zindəddin Zidan və Luis Enrikenin dueli kimi əhəmiyyətlidir. Fransalı mütəxəssisin komandada işləri planlaşdırdığı kimi getsə də, onun "Barselona"dakı həmkarı haqda bunları demək olmaz. Hər şeydən əvvəl ona görə ki, Luis Enrikenin komandası 13 turdan sonra çempionluq yarışında əsas rəqibindən 6 xal geri düşüb.

Ancaq onlar mövsümə fərqli başlasalar da, məşqçilik karyeraları oxşarlıqlarla zəngindir.

Başlayaq ondan ki, hər ikisi məşqçiliyə hazırda çalışdırdıqları komandaların rezerv heyətlərində işləməklə başlayıb. Luis Enrike “Barselona B”də 2008-2011-ci illər arasında fəaliyyət göstərib. O, “Roma”ya keçənə qədər komandanı Sequndaya yüksəltməyi də bacarmışdı. Zinəddin Zidan isə yalnız bir mövsüm fəaliyyət göstərdiyi “Real Madrid Kastilya”nı 6-cı etmişdi. Bundan sonra onun əsas komandaya yolu açıldı və bir müddət köməkçi məşqçi kimi çalışdıqdan sonra komandada əsas söz sahibi oldu.

Maraqlıdır ki, hər iki məşqçi özündən əvvəlki çalışdırıcının olduqca uğursuz nəticələrindən sonra komandanı qəbul edərək, bir çoxlarına görə, gözlənilmədən ciddi uğura imza atıb.

2014-cü ildə Luis Enrikenin "Roma" fəaliyyətindən sonra “Selta”da yaxşı komanda formalaşdırması “Barselona” rəhbərliyinin diqqətindən yayınmadı. Beləliklə, Martinonun titulsuz mövsümündən sonra bu mübahisə mövzusu ola biləcək təyinat gerçəkləşdi. Enrike ilk ilindəcə özünü doğrultdu. "Barselona" 2015-in mayında artıq bütün titulların sahibi idi.

2016-cı ilin yanvarında daha çox “Liverpul”dakı karyerası ilə tanınan Rafael Benitezin əvəzinə Florentino Perez “kral klubu”nun əfsanəvi futbolçusu Zinəddin Zidanı komandanın “sükanı arxası”na keçirdi. Buna qədər yalnız "Real Madrid Kastilya"da işləmiş və əsas komandada köməkçi məşqçi olmuş mütəxəssisin təyinatı nə qədər gözlənilməz olsa da, nəticə verməsi özünü çox gözlətmədi. Mövsümün sonunda komanda həmşəhərlilərinə qalib gələrək tarixində 11-ci dəfə Çempionlar Liqasının qalibi oldu.

Dünya futbolundakı ən yaxşı hücum triolarına sahib olmaq da bu cütlüyün ortaq nöqtəsidir: “BBC” və “MSN”. Qaret Beyl, Kərim Benzama və Kristiano Ronaldo Zidan üçün, Messi, Suares, Neymar isə Enrike üçün əvəzedilməzdir. Bu baxımdan "El Klasiko"da Beylin olmaması futbol adına yalnız təəssüf doğura bilər.

Son olaraq, onların hər ikisi komandaları üçün idol kimidir. Əgər Enrike xüsusuilə “Barselona”dakı ilk mövsümündə etdiyi “trebl”lə diqqət mərkəzinə gəlirsə, Zidan məşqçilik bacarıqlarından əlavə, həm də futbolçu kimi Madrid “Real”ının əfsanəsidir.


oxunma sayı: 444 | Paylaş:




?>