')

Bu gün:


FutbolPress.Az | "Komandanın prezidenti məşqə gəlib deyirdi ki, filan oyunu satmışıq" - "Bakılı"nın futbolçusu

"Komandanın prezidenti məşqə gəlib deyirdi ki, filan oyunu satmışıq" - "Bakılı"nın futbolçusu


oxunma sayı: 1367 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, AFFA oyun alqı-satqısında şübhəli bilinən 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimi futboldan uzaqlaşdırıb.

Siyahıda adı olan futbolçular buna kəskin reaksiya göstərirlər. Etiraz edənlərdən, əlaqəsi olmadığını deyənlərdən biri “Bakılı”nın futbolçusu Bəhram Bəhramzadədir.

“Futbolpress”ə açıqlamasında o, danışılmış oyunlarla heç bir əlaqəsinin olmadığını, deyilənlərin şər-böhtan olduğunu bildirdi.

“Dünən hamı zəng eləyib deyirdi ki, adın oyun alqı-satqısında şübhəlilər arasında çıxıb. Birinci inanmadım, sonra saytlara baxanda gördüm ki, adım var. Bilmirəm nə eləyim. Qalmışıq çıxılmaz vəziyyətdə. Belə şeylə mənim heç bir əlaqəm yoxdur. Ola da bilməz. 15 ildi futbol oynayıram, “Ağsu”da, “Zaqatala”da oynamışam, hər yerdə də tanıyırlar. “Bakılı”ya ona görə gəldim ki, qışa qədər heç olmasa formamı saxlayım, sonra daha yaxşı kluba keçim. Cəmi 5 oyunda meydana çıxmışam. Çoxdandı da oynamıram. Mən necə oyun sata bilərəm axı? Hansısa oyunu satmaq mənim nəyimə lazımdır? Hamısı şər böhtandı. Belə iş görmək şərəfsizlikdi. Heç vaxt buna qol qoymaram”.

Həmsöhbətimiz əsas oyun alıb-satanların qıraqda qaldığını bildirdi. Onun sözlərinə görə, ən çox danışılmış oyunlara gedənlər “Bakılı”nın prezidenti Misir Əbilov, onun oğlu, komandanın vitse-prezidenti Səttar Əbilovdur: “Artıq bir aydır ki, “Bakılı”dan ayrılmışam. Komandanın prezidenti Misir Əbilov, onun oğlu Səttar Əbilov məşqlərə gəlib deyirdi ki, filan oyunu satmışıq. Uşaqlarda günah görmürəm, məcbur çıxıb oynayırlar. Amma mən orda qala bilməzdim. Belə söhbətlərə görə də dalaşıb çıxdım klubdan. İndi də deyirlər oyun satmısan, futboldan uzaqlaşdırırlar. Oyun satanın böyüyü Misir Əbilovun özüdü. Onu da, oğlunu da hamı yaxşı tanıyır, necə adam olduqlarını bilirlər. Amma çəkilib qalıblar bir qıraqda. Olan da futbolçuya olur”.

Futbolçu bu siyahıda adının hallanmasını klubdan dalaşıb çıxdığına görə ondan əvəz almaq istəyənlərin işi ola biləcəyini düşünür: “Dediyim kimi, belə çirkin söhbətlərə dözmədim, klubdan dalaşıb çıxdım. İndi də, yəqin mənim adımı ona görə veriblər ki, məndən əvəz alsınlar, adımı ləkələsinlər”.

O, siyahıda adı olan “Bakılı”nın digər futbolçusu Xəzər Qəribovun da belə işdə əlinin olmasına inanmadığını dedi: “Başqasının yerinə danışa bilmərəm, amma inanmıram ki, Xəzər belə iş tutsun. Onu da şərləyirlər. Bu gün Xəzərlə də danışdım. O da mənim kimi çıxılmaz vəziyyətdə qalıb”.

Bəhramzadə məsələ ilə bağlı bu gün PFL prezidenti Ramin Musayevlə danışdığını, həqiqətlərin üzə çıxması üçün hər şeyi etmək istədiyini bildirdi:

“Bu gün getdim AFFA-ya, Mikayıl Nərimanoğlu (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi - red) ilə, Ramin Musayevlə görüşdüm. Mənə dedilər ki, araşdıracağıq. Əgər araşdırmaq istəyirlərsə, buyursunlar mənim telefonuma da baxsınlar. Bütün zənglərimi, əlaqələrimi yoxlasınlar oyunlarımın videolarına baxsınlar. İstəyirəm ki, hər şey üzə çıxsın. Mənim belə məsələlərlə əlaqəmin olmadığını hamı başa düşsün”.


oxunma sayı: 1367 | Paylaş:





?>