Antirekordun davamlı müşahidəsi (YAZI)
Paylaş:
2015-ci ilin martından Müşahidə Şurası modelini tətbiq edən “Neftçi” o zamandan geriləyərək irəliləyir. Yeni hökumət modeliylə klubun imicinə yönəlik işlərin Azərbaycan futbol təsərrüfatının qaydalarına, mühitinə yad olduğu üçün, necə deyərlər. tətbiq edilənləri “tutuzdurmaq” mümkün olmadı.
Əsas məsələ komandanın nəticələrini yaxşılaşdırmaq idi ki, bu da əks effekt verdi. Pis olan odur ki, pis tendensiyanın qarşısını almaq mümkün olmur.
Müşahidə Şurası açıqlayır ki, işimiz müşahidə eləməkdir. Müşahidənin nəticəsi nə olur? İctimaiyyətə və klub sponsorlarına bilgilər çatdırmaq?
Bu müşahidələrin və hesabatların bu müddətdə faydalı olmamasını hara yazaq, hörmətli şura sədri Çingiz müəllim və onun həmkarları…
“Neftçi” 10 turdan sonra cəmi 6 xal toplaya bilib. Top fərqi: 7-24. 8 TPL iştirakçısı arasında 7-ci yer.
"Ağ-qaralar"ın müstəqillik dönəmindəki bütün oyunlardan sonra top fərqi, ən pis halda, -4 olub. O da ötən mövsüm (5 turdan sonra). Yəni elə MŞ dönəmində. -17 fərqi isə hələlik mütləq antirekorddu. Əsası qoyulandan israrla davam edən antirekord ötən mövsüm "Qəbələ" ilə 1-ci dövrənin oyununda yenilənmişdi. Həmin matçdan sonra saldo -10-a qalxmışdı. O vaxtdan arta-arta gedir: -10 -11 -12 -10 -12 -14 -17...
Bəli, "Neftçi" heç vaxt 10-cu turdan sonra sondan 2-ci olmamışdı. Heç vaxt bu qədər oyundan sonra cəmi 6 xalı olmamışdı.
Bunları müşahidə edib, hesabat verirsiniz, Çingiz müəllim?
*** *** ***
Müşahidə şurası yaranandan üç dəfə azarkeşlərlə ciddi insident yaşanıb və üçü də anormal formada həll olunub. Bu cür həll edildiyinə görə də tendensiya aradan qalxmayıb, növbəti dəfə xoşagəlməzlik yaşanıb və qarant yoxdur ki, belə davam edərsə, yenə hansısa insident yaşana bilər.
Şurada klubun ictimai nüfuzu, əlaqələri və s. bu tip məsələlərlə məşğul olması nəzərdə tutulan Bəhram Bağırzadənin fikri nədir? Yenə bəyanat yazıb, idman mediasını suçlamaq necə olardı, hmm? Burda çıxış yolunu necə müəyyənləşdirməli, hörmətli Bağırzadə?
2015-in martından bu yana müşahidələrinizlə geriyə gedən klubun problemlərinə müdaxilə edə bilmirsiniz. Bacarıqsızlığınızın zəfəridir, yoxsa iradənizdən kənar proseslərin tamaşaçısına çevrilmisiz?
Elçin Cəlilov
| Paylaş: