')

Bu gün:


FutbolPress.Az | “Neftçi” yenə rüşvət verir  (¿) (KİÇİK QEYD)

“Neftçi” yenə rüşvət verir  (¿) (KİÇİK QEYD)


oxunma sayı: 700 Paylaş:

FutbolPressBir müddət əvvəl “Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin də adından dərc edilən bəyanatda bütün idman mediası rüşvətdə ittiham edilmişdi. Bundan əvvəlki rəhbərliyin dövründə xeyli idman KİV-nə “reklam pulu” adı ilə verilən pullara belə "diaqnoz" qoyulmuşdu...

Belə qeyri-ciddi iddianın səbəbi kimi təhlillərdə əsas məqam bu göstərildi: panika.

“Neftçi” “Qəbələ”yə 0:8 hesabıyla uduzmuşdu. Lağlağı, isterika obyektinə çevrilmişdi. Uzun çəkən uğursuzluqlar qarşısında rəhbərliyin bəhanə fantaziyası bitmiş, nəticədə əks-hücuma keçib, belə bir ehtiyatsızlığa yol vermişdilər. 

Elə oldu ki, pis nəticələrə görə baş məşqçi Vəli Qasımovla yanaşı Elnur Məmmədov da vəzifəsindən göndərildi. Yeni reklam müqavilələri məsələsi bir müddət yubandı, açıq qaldı…

Yeni əldə elədiyimiz məlumata görə artıq reklamlar bərpa edilib. Sadəcə, yeni heç bir ad yoxdur…

Adların klub tərəfindən açıqlanmaması bizə də əsas vermir bunu etməyə. Ancaq mövzu bu deyil.

Yenə eyni adlarla davam etməyin adı nədir?

Yəni “Neftçi” haqda ortada hansı media layihəsi icra olunur ki, biz görümürük?

Yanlış, daha doğrusu, qərəzli anlaşılma olmasın, biz redaksiya olaraq, “Niyə bizə rekam təklif edilməyib” mövqeyindən çıxış edərək bu mövzuya toxunmamışıq. Onsuz "FutbolPress"in fəaliyyəti aydın formada ortadadır, hələ klub tərəfindən şikayətə səbəb olan nəsə yazılmayıb, dəqiqləşdirilməmiş ən kiçik informasiya belə verilməyib saytımızda.  Biz açıqlıq, əffaflıq tərəfdarıyıq. Qarşı tərəf özü iddia eləyir ki, hər şey açıq, şəffaf olmalıdır. Elə isə bizimçün, idman mediası üçün qapalı qalan, lokal dairələrdə qəbul edilən bu qərarların izahını ala bilərikmi?

Bu haqda da araşdırmalar aparmışıq. Jurnalistin şəxsi danışıqlara getdiyi haqda bilgilər verilir. Bu, nə qədər doğru hərəkətdir? Bir KİV bir klubla danışığa gedib, ondan “reklam pulu” istəyərmi? istəyərsə, klubun buna getməsi nə qədər doğrudur?

Hətta həmin “jurnalist” SOCAR-dakı kluba təsir imkanı olan şəxs(lər)lə danışığa gedirsə, bunun media adına aşağılama davranışı olduğunu iddia eləmək olar.

Reklam - təklif olunan prosesdir, istənən, tapşırıqla gerçəkləşdirilən yox. Peşəkarlıq tələblərinin pozulduğu bu prosesdə klubun hansı əsaslarla reklam təklif etdiyini bilmək çox təbii tələbdir.

Əgər SOCAR-dan klubun mühasibatlığına göstəriş gedirsə ki, filan idman KİV-nə “reklam pulu” verin, mümkünsə, Müşahidə Şurasındakı çox hörmətli şəxslər buna aydınlıq gətirsin…

Sizcə, şəffaflıq tərəfdarı olan “Neftçi” bununla ədalət pozmurmu? Obyektiv rəqabət mühitinə xələl gətirmirmi?

Biz yenə ədalətli rəqabət mühiti təklif edirik. Gizli danışıqlara girib, maliyyələşdirmələrin yığışdırılmasının tərəfdarıyıq. Bunu təklif edirik və gözləyirik. İnanırıq ki, bu haqda suallar ritorik qalmayacaq. Əks halda,  maliyyələşdirdiyiniz, süni şəkildə imkanını genişləndirdiyiniz bəzi redaksiyaların pozğun  rəqabət mühiti yaratmağının baiskarı siz olacaqsınız. 

Elçin Cəlilov

P.S.  Son abzasdakı qeyd artıq təkcə "Neftçi"yə aid deyil. Bir neçə ay əvvəl Klublar Komitəsinin AFFA yanında Media Komitəsi ilə görüşündə bütün klub rəhbərlərinə bir xatırlatma, təklif etdik: gizli maliyyələşdirmələri dayandırın, buna cəhd eləməyin. Açıq rəqabət mühiti olsun. Yoxsa idman mediası heç vaxt inkişaf etməyəcək, siz də daim qeyri-peşəkar yanaşmalardan narazı olacaqsız.
Bizim təklifimizə razı olan, müsbət reaksiya verən, hətta tərifləyən bəzi klublar təəssüf ki, "şəxsi danışıqlara" gedib, bəzi KİV-lərə "reklam pulu" ötürür. Məsələn, "Neftçi"dən başqa daha bir ad çəkirik - "İnter".
Qaydanı pozanların qayda, səhman tələb eləməsi mümkün olmayacaq. Tələb edəcəyi an elədikləri qoyulacaq ortaya... Çünki bəzi klublar hətta "femida cildinə" girib, ədalət hayqırırlar, özləri haqda yazılanların haqlı-haqsız olmasından asılı olmayaraq, medianı suçlayırlar. Halbuki ədalətin pozulmasına rəvac verənlər özləridi. Şantajçı KİV-ləri maliyyələşdirib, fəaliyyət göstərməsinə rəvac verirlər. İttiham edəndə də bütün KİV-i qatırlar buna. Biz - şəxsi danışıqlara getməyənlər, peşəkarlıq tələblərini daim qoruyanlar artıq belə hallara qarşı adekvat davranmağın vaxtının çatdığını düşünürük. 
Şəffaflıq, ədalət tələb edən əvvəlcə özü bu tələblərə əməl etməlidir...


oxunma sayı: 700 | Paylaş:




?>