')

Bu gün:


FutbolPress.Az | Azərbaycan ən çox irəliləyənlər arasında, Türkiyə və Rusiya gerilədi (REYTİNQ)

Azərbaycan ən çox irəliləyənlər arasında, Türkiyə və Rusiya gerilədi (REYTİNQ)


oxunma sayı: 593 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, FIFA milli komandaların yeni reytinq sıralamasını açıqlayıb.

Yeni siyahıda Azərbaycan millisi fantastik sıçrayışa nail olaraq aktivindəki xal sayını 404-ə çatdırıb və hazırda dünyanın ən güclü 88-ci kollektividi.

Millimiz ötən siyahı ilə müqayisədə 45 pillə irəliləyib. Bu isə, Monteneqrodan (49 pillə) sonra ən yaxşı nəticədi. Millimizlə yanaşı, Kurasau da eyni qədər irəliləməyə nail olub.

Ümumiyətlə, 45 pilləlik sıçrayış Azərbaycan millisinin tarixi ərzində ən yaxşı göstəricidi. Buna qədər ən ciddi irəliləyiş 24 pillə olmuşdu. 

88-ci yerdə qərarlaşan Azərbaycan yığmasını Bolqarıstan və Qazaxıstan milliləri izləyir. Honduras və Haiti isə, cüzi fərqlə millimizdən irəlidədi. Haiti Prosineçkinin yetirmələrindən cəmi 1 xal üstündü.

Millimizin DÇ 2018-in seçmə mərhələ rəqiblərinin də mövqelərində dəyişikliklər olub. 

Onların arasında ən yaxşı nəticə Almaniyaya məxsusdu. "Bundestim" Belçikanı qabaqlayaraq dünyanın ən güclü ikincı yığması olub.

Azərbaycan millisinin gələn ay qarşılaşacağı Şimali İrlandiya yığması da geriləyənlər arasındadı. Britaniyalılar 6 addım geriləyərək 36-cı olub.

Bakıda Azərbaycan millisinə məğlub olan (0:1) Norveç yığması isə daha çox - 11 pillə geriləyib. Skandinaviyalılar hazırda 81-cidi.

Ostravada xal aldığımız Çexiya 7 pilləlik geriləmə ilə 40-cı olub.

San-Marino isə 2-ci yüzlükdən də kənardadı. Cırtdan ölkə təmsilçiləri yalnız 8 komandanı qabaqlayır və 201-ci pillədədi.

Ümumiyyətlə, yeni reytinq sıralamasında ən çox geriləyən Kipr yığması olub. 52 pillə geriləyən kiprlilər siyahıda 136-cı yerə yuvarlanıb.

Geriləyənlər arasında azərbaycanlı futbol azarkeşlərinin yaxından maraqlandığı Türkiyə millisi də var. Ötən siyahı ilə müqayisədə 4 pillə geriləyən "ay-ulduzlular" 25-ci pillədə qərarlaşıb.

DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya millisi isə daha çox - 15 pillə geriləyib. Şimal qonşumuz hazırda siyahının 53-cüsüdü.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ciliyi Almaniyaya verib. Braziliya 3-cü yerə yüksəlib. Son Avropa çempionu Portuqaliya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya yenidən ilk 10-luğa daxil olub.

İlk 10-luq:

1 (1). Argentina – 1621
2 (3). Almaniya – 1465
3 (4). Braziliya – 1410
4 (2). Belçika – 1382
5 (4). Kolumbiya – 1361
6 (6). Çili – 1273
7 (8). Fransa – 1271
8 (7). Portuqaliya – 1231
9 (9). Uruqvay – 1175
10 (11). İspaniya – 1168


oxunma sayı: 593 | Paylaş:




?>