')

Bu gün:


FutbolPress.Az | Sevgilimə məktub

Sevgilimə məktub


oxunma sayı: 17097 Paylaş:

(Ümid sonda ölür...)

Sənsizəm... Düzdü, sən heç zaman mənim olmamısan. Amma bir bilsən, səni əldə etməyi nə qədər arzulayıram. Bir bilsən, mənimlə olmağın üçün nə qədər dua etdiyimi...

Özümü dərk eləyəndən səni arzulamışam. Səni xəyal eləmişəm. Ah... bir müddət birgə olsaydıq, heç olmasa. Səninlə keçən günlərimin ardı-arası kəsilməsə, uzun davam etsə... Və böyük gün gəlsə... Bax, bu səhnəni ancaq başqalarında, ancaq televizyada görmüşəm. Belə bir şey mənimlə olsa, inan bunu atəşfəşanlıqla bayram eləyərdim.

Səni düşünəndə alınan həzzi, ehtirası başqa heç nədə, heç kimdə bu gözəllikdə duymaq olmur. Bu düşüncələr, xəyallar həqiqət olsa alacağım zövqün böyüklüyünü, dərəcəsini heç təsəvvür edə bilmirəm. Nə olar onda? Sən və mən bir yerdə... Doğrudanmı reallıqdan çox uzaqlaşdım? Doğrudanmı səninlə mən heç vaxt bir ola bilmərik? Doğrudanmı?... Yəni, bu həqiqəti qəbul edib oturmalıyam? Dərk etməliyəm ki səninlə heç vaxt qovuşmayacam?...

O yaşıl məkana səni almaq üçün neçə dəfə gəldiyimi bilirsənmi? Hər dəfə elə bilmişəm ki, bu dəfə birliyimiz başlayacaq. Bu ay, gələn ay, o biri ay dalbadal üç-dörd dəfə görüşəcəyik səninlə heç olmasa. Amma olmayıb. Hər dəfə o yaşıl məkandan əliboş qayıtmışam. Səni axırıncı dəfə gördüyüm gün, ay, hətta il tamamilə yadımdan çıxıb. Niyə görüşmüşdük, necə ayrıldıq... Heç nəyi xatırlamıram.

Hərdən başqalarıyla özümü ovutmağa çalışmışam. Başqasını sevmək istəmişəm. Bəzən sevmişəm də. Bəli, etiraf edirəm, sevmişəm başqasını. Hərdən yenə görüşürük onunla. Yenə bir yerdə oluruq. Sevincli oluram onunla. Nə edim axı, hər bir insan kimi mənim də o hisslərə, o birgəliyə ehtiyacım var. Bu ehtiyacımı ödəməliyəm... Bilirsənmi, o sənin adaşındı... Amma mənim deyil, özgəsinindi... Elə hala düşmüşəm ki, özgəsinin sevincinə sevinirəm çox vaxt. Bilmirəm, bağışlayacaqsanmı məni, amma mən hərdən səni bağışlamaq istəmirəm mən tərəfə baxmadığına görə. Gəlmirsən mənim yanıma. Bilirəm, sən özün gəlməməlisən, mən gətirməliyəm. Daha doğrusu, səni qazanmalıyam...

Bizim birləşməyimizə imkan verməzlər, hə? Səni məndən almaq istəyənlər bir yana, sapı özümüzdən olan "baltalar" öz maraqlarına görə iki sevgilini ayırırlar. Səni mənə verməyə çalışmırlar heç. Halbuki bu, onların borcudu. Ancaq səninlə mənim münasibətlərimdən faydalanaraq pul qazanırlar, çirkli pullar "yuyurlar", bizim hislərimizlə oynayaraq... Axı mən saf hislərlə istəyirəm səni. Heç bir başqa maraq olmadan.
Hə, onlar özləri ildə bir-iki dəfə səni mənə verirlər baş qatmaq üçün. Aldadırlar ki, daha sən mənim olacaqsan. Məni aldadırlar ki, guya artıq hər şey dəyişib, bizim birliyimiz güclənəcək. Səninlə daha tez-tez görşəcəyik, sevişəcəyik. Onlar aldadır məni. Səninlə qovuşmaq üçün sevgimi, hisslərimi, inamımı, pulumu ortaya qoyum deyə. Onlar bütün bunlardan istifadə edirlər. Alırlar hamısını məndən - sevgimi, hissimi, inamımı, pulumu. Pulu ciblərinə qoyurlar, qalan şeyləri də puç edirlər, gedir. Sadaladıqlarım get-gedə azalır. Günü gündən səninlə qovuşacağım gün uzaqlaşır məndən, sanki...

Onlar üçün hər şey puldu. Əclaflar iki sevgilinin münasibətləri üzərindən pul qazanmaq yolu tapıblar. Qazansınlar, cəhənnəmə! Oğurlasınlar pullarımı. Amma səni də mənə versinlər- Sən mənim haqqımsan axı... Mən də səni qucaqlamaq istəyirəm. Bağrıma basmaq, öpmək, var gücümlə saatlarla sənin adını qışqırmaq istəyirəm - "QƏLƏBƏ!" "Axır ki, Azərbaycan futbolu da QƏLƏBƏ qazandı" cümləsini fəxrlə işlətmək istəyirəm. Bu mənə qismət olacaqmı?... Kim bilir, bəlkə də... Bəlkə də qovuşacağıq nə vaxtsa... Ümid sonda ölür...
Son.

Yazarın bütün yazıları

oxunma sayı: 17097 | Paylaş:




?>