')

Bu gün:


FutbolPress.Az | Azərbaycan üçün parlaq debüt və Kolumbiya təəssüratı (LAYİHƏ)

Azərbaycan üçün parlaq debüt və Kolumbiya təəssüratı (LAYİHƏ)


oxunma sayı: 1171 Paylaş:

FutbolPressKolumbiya.
Şakiranın, Karlos Valderramanın, Radamel Falkaonun, 1967-ci ildə yazdığı “Yüz ilin tənhalığı” romanı ilə sanki günümüzə ayna tutan Qabriel Qarsia Markezin vətəni olan bu ölkəni daha çox kriminal ünsürlərin hamilə buraxdığı yurd kimi tanıyır əksəriyyət. Niyə də haqlı olmasınlar. Bura çatdığımız gündən bizə ölkəsinin tanıtımını edən bələdçimiz ancaq Pablo Eskobarın yaradıcılığından, mariuxana və kokainin azad satışından, killerlərin kifayət qədər olduğundan az danışmayıb. Bu haqda sonra...

Sentyabrın 7-də, gecə saatlarında Bakı ilə vidalaşıb, hava gəmisinə minən zaman 25-26 saatlıq yol macərasını necə başa vuracağımı düşünürdüm. Elə komandanın əksər üzvləri həmfikirdi mənimlə. Çünki indiyə qədər birnəfəsə bu qədər yolda olmamışdım. Özüm olmasam da, futzal millimizin Kolumbiyaya gəlməsi vacib idi. Axı 4 ildənbir təşkil edilən dünya çempionatına bu dəfə Şakira yox, vətəni qucaq açmışdı. Dünyanın 24 ən güclüsü sırasında özünə yer etməklə bir neçə ilkə imza atmış futzal millimiz bunun davamını gətirmək üçün Medelyinə yollanmışdı. Xoşbəxtlikdən, uçuşlarımız uğurla həyata keçirildi. Yorucu hissəsi təbii ki 10 saatdan artıq dayanmadan Madriddən Medelyinə uçmaq oldu.

Hava limanında bizi qarşılayan bələdçi mentalitetimizi bilirmiş kimi, Medelyinin ilk təqdimatında şəhərin gecə həyatının daha maraqlı keçdiyini çatdırdı. Bəlkə də belə təqdimata səbəb məkana axşam saatlarında çatmağımız idi.

Medelyin - Eskobar
Medelyin - dağlarla “hasarlanmış” Kolumbiya üçün vacib iqtisadi əhəmiyyəti olan şəhərlərdəndi. Bu şəhəri dünyada məşhurlaşdıran həm də Pablo Eskobarın vətəni olmasıdı. Məşhur narkobaron burda doğulub, biznes şəbəkəsi qurub, hektarlarla ərazini insan “əzraili” olan mariuxana plantasiyasına çevirib. Hökümətə qarşı mübarizə aparan Eskobarın Medelyində sevildiyini də qeyd edək. Xüsusilə də əhalinin kasıb təbəqəsi onun həm qulu, həm də silahı olub.
Məşqə getdiyimiz yolun müəyyən hissəsində qırmızı kərpicdən tikilmiş, bir növ Bakıda köknə Alatavanı xatırladan evlər də ondan miras qalıb. Narkobaronun biznesi böyüdükdən, iddiası artıqdan sonra əhalinin əksər hissəsini öz tərəfinə çəkməyi məqsəd qoyub. Bu yolda onun işinə yarıyanlar isə evsiz-eşiksiz, səfalət içində yaşayan təbəqə olub. Onlara pulsuz evlər verməklə, maaş kəsməklə rəğbət qazanan Eskobar, həm də mariuxana plantasiyasında çalışacaq qüvvəni ətrafına cəmləyib.
Daim hakimiyyətlə mübarizə aparan zəngin hətta tərəfdarlarına silah paylamaqla onları stimullaşdırmaq üçün hər öldürdüyü polisə görə 3 min dollar “müküfat”da ayırıb. Üstəlik, həmin qatili öz himəyəsində saxlayacağına da söz veribmiş. Ümumiyyətlə, “qara dünya”nın patronlarından sayılan Pablo zaman-zaman silahlı döyüşlər də təşkil edirmiş. Təbii ki, sonda sağ qalan komanda mükafatı hesabına keçirirdi.
Motosikl sürməyi özü üçün hobbi seçən “patron”u tez-tez futbol oyunlarında da görmək olurmuş. Xüsusilə də “Altetiko Nasionala” komandasının oyunlarında ən rahat yerdə əyləşib, dəstək verirmiş.
Aydın məsələdir ki, 20 il öz dünyasında ağalıq edən, milyardlara sahib olan biri haqda 3-5 cümlə ilə təəssürat yaratmaq mümkün deyil. Amma şəhərin “vizit kartı”na baxmadan da keçmək korluğun əlaməti olsun gərək.

Şəhərin təbii gözəlliyi haqda ancaq xoş sözlər demək olar. Uzaq Bakıdan qaça-qaça gəldiyimiz Medelyində xeyli vaxtı görmədiyimiz, heç arzusunda olmadığımız zəlzələnin şahidi olduq. Düzü, bu yer titrəyişini Bakıdakılar Medelyində olan komandamızdan daha aydın hiss edib. Çüzi gücə sahib olan yer titrəyişindən əksəriyyətimiz Bakıdan gələn zənglərdən sonra hali olduq. Bəs Bakıdakılar hardan xəbərdar olub? Rusiya yığması ilə eyni şəhərdə qaldığımızdan onlar dərhal bəyanat yayıb, zəlzələ zamanı otel işçiləri tərəfindən təxliyə olunduqlarını qeyd ediblər. Zəlzələnin ertəsi gün leysanı müşayət etdik. Ekzotik təbiəti, bəxş etdiyi nemətləri ilə adamı valeh edən bu şəhərdə, sən demə, hər bazar günü marafon keçirilir. İki əks-istiqamətli hərəkət zolaqlarından biri nəqliyyata tamamilə qapadılır. Həmin hissə günün sonuna qədər velosipedçilərin və marafon qaçanların ixtiyarına verilir. İnsaf naminə qeyd edək ki, insanlar da bu tədbirdə fəal iştirak edirlər. Yaşlı cavandan, qadın kişidən, hətta uşaqlar belə onlardan geri qalmamağa çalışır. Nəticədə maraqlı, həm də bir qədər əyləncəli mənzərə ortaya çıxır. Yeri gəlmişkən, bu cür tədbirlərin təsiridir ki, yerli gənclərin əksəriyyəti marixuana, kokain kimi “zəhər”dən imtina ediblər.
Dünyanın əksər yerində olduğu kimi, burda da işsizlik problemdi. Bu üzdən bir qrup hələ də öldürməkdən vaz keçmirlər. Əsasən kənd təsərrüfatını inkişaf etdirən Kolumbiyada təsadüfi deyil ki, bu istiqamətdə əldə edilən məhsulların qiyməti kənardan daxil olan mallarla müqayisədə dəfələrlə ucuzdu. Elə satan da, alan kimi məmnunluğunu gizlətmir.
Gənclər...

Həftəsonları onların bir işi var – bara gedib, səhərə qədər əylənmək, rəqs etmək və içmək...

Dünya çempionatının təşkilatçılığına gəldikdə, yarış FIFA-nın bayrağı altında keçirilsə də, çatışmazlıqlar çox, lap çoxdu. UEFA-nın təşkil etdiyi Avropa çempionatı mundialdan dəfərlərlə xoş sözə layiqdi. Bunu Avropadan vəsiqə qazanan millilərin hamısı deyir.
Amma Kolumbiya insanının mülayimliyini və istiqanlılığını Avropanın heç bir ölkəsi ilə müqayisə etmək mümkün deyil. Düzdü, ancaq ispan dilində danışır və başa düşürlər. Haranısa xəbər alan zaman yerini izah edə bilmədiyinə görə, yolu dəyişıb, qonağını mənzil başına çatdırdıqdan sonra yoluna davam edir. Gülərüz, yardımsevər insanların məskəni olan, “meymun taksi”lərin (Bakıdakı “badımcan”ların həmkarları) şütüdüyü, motosiklların hakim kəsildiyi Medelyini Avropanın soyuqqanlı insanlarını gördükcə qonaqları tez-tez xatırlayacaq - bir də qazandığımız uğurlara görə.

DÇ-da debütdəcə qrup mərhələsindən 1/8 finala çıxan millimizin Tayland səddini aşacağına da əminik. Hətta bu əminliyi hər addımda alnına legioner damğası vurduğumuz braziliyalılarımız yaradıb – mükafatsız-filansız...

Edudan qısa sitat: “Dostum, puldan vacib məsələlər var. Bax (formasının döşündəki AFFA-nın loqosunu göstərir) birinci bunun üçün oynayacağıq. Bu bayraq, bu forma üçün ən yaxşısını edəcəyik. Mükafat oldu-olmadı, onu düşünmürük, düşünürük ki, Azərbaycanı sevdirək, layiq olduğu pilləyə qaldıraq. İnsanlarınız bu oyunu sevir, niyə də top ölkələr arasında olmayasınız...”.

Mahal Məmmədov
Medelyin, Kolumbiya

* Məqalə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb



oxunma sayı: 1171 | Paylaş:




?>