')

Bu gün:


FutbolPress.Az | Böyüdən arzular... (PRİTÇA)

Böyüdən arzular... (PRİTÇA)


oxunma sayı: 1313 Paylaş:

FutbolPressOrta məktəbdə oxuyurduq.. uşaq sayılardıq.
“Sabunçu kruqu” tərəfdə texnikumun stadionu yolun kənarındaydı. Biz 8-9 məhlə arasında ən aktiv futbol komandası sayıldığımızdan o stadionun “ev sahibi” kimiydik. Stadionun həndəvərindəki məhlələri, başqa rəqibləri, hətta bir dəfə Balaxanıdan gələn təcrübəli komandanı udmuşduq...

Oyunların birində top yol kənarındakı kanala düşdü. Məhəllə futbolu qaydalarına görə, yaşca ən balacası, ya da top onundu deyə oynatdığımız birini göndərmişdik kanala. Oyun dayanmışdı yəni. Birdən yolun şəhərin mərkəzinə gedən tərəfində böyük, “ikimərtəbə” adlandırdığımız avtobus dayandı. Diqqətimizi çəkən bu avtobusdan iri idman sumkalarıyla bir neçə nəfər düşdü və biz bu epizodu həm avtobusun böyüklüyünə, həm ondan düşənlərin əynindəki idman formalarına marağımızdan dolayı həsədlə izləyirdik. Birimiz getdi avtobusa tərəf. Gəldi, dedi ki, uşaqlar, “Qarabağ” komandasıdı, Monpelyedən gəliblər. 6 cavabsız qolla uduzmuşdular... 

Biz “France-98”dən cəmi 1 il sonra, əynimizdə Zamorano, Del Piero, Zidane və s. yazılan formalarda idik. Məndə Maykl Owen`in forması idi. Onun sevimli Argentinama vurduğu qoldan sonra bütün növ formalarını aldırmışdım atama.

Belə eyforiyada klubumuzun çox top buraxıb uduzması üzücü xəbər olsa da, adi şeylərdən idi. Futbolun möcüzəvi təsiri, hissiyyatı mat edəcək təsirinin opiumundaydıq... Əynimizdəki formaların adlarının verdiyi havada idik...

Bir az sonra “Şəmkir” olacaqdı.. Badri Kvarasxeliya, Viktor Kulikov cütlüyünün xarüqələr yaratdığı komandanın “Skonto” möhtəşəmliyinin şahidi olacaqdıq. O da yadımdadır... Latviya klubunu keçəndən sonra necə sevincli, necə motivasiyalıydıqsa, çıxdıq məhləyə, dedik, gedək, Balaxanıyla oynayaq. Dumanlı xatırlayıram, qənimimiz olan o komandanı məhvi-nəbud eləmişdik. 

Həyatda motivasiyanın verdiyi güc qədər ikinci güc yoxdur...

Zaman keçəcəkdi və Azərbaycan futbolunun keşməkeşli vaxtları olacaqdı. Sonra pul erası başlayacaqdı. Pulun gətirdiyi müştəbehlik olacaqdı. Qarğabazarı da yaranacaqdı...

Ancaq bu haqda heç kəlimə də kəsməyək. Bu dövrü buraxaq öz ixtiyarına...

Və Monpelyedə, Yablonetsdə və sairədə pərt olan “Qarabağ” Avropa liqalarında qələbəriylə bizi sevindərəcəkdi. “Qəbələ” “Lill”i udub, Avropa Liqasında mərhələ keçəcəkdi. “Lill”i, qardaş!.

Məhləmizdən bir az aralı  keçən, diametri böyük olan neft turbasının üstünə “France-98” mövzularının təsirində yazdığım “Marsel”, “Olimpik”, Petit,  Denilson, Ronaldo, Davor Şuker adlarının  üstünə “Lill”i də yazdığımı xatırlayıb, ovaxtkı zirvəni indi klubumuzun məğlub eləməsinin verdiyi nostaljidə hiss edəcəkdim özümü haçansa. Əvəzedilməz hiss... həzz.

Bir gün biz Azərbaycan klubunun “Lill”i udub mərhələ keçəcəyini təsəvvür eləsək də, reallıqda bu iddialara gülərdik. Həmişə gülək... 

Elçin Cəlilov


oxunma sayı: 1313 | Paylaş:




?>