')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" ətrafında üç sual (YAZI)

"Qarabağ" ətrafında üç sual (YAZI)


oxunma sayı: 3318 Paylaş:

FutbolPressQurban Qurbanova sabit komanda yaratdığı üçün təşəkkür düşür. “Qarabağ” rəhbərliyi də keşməkeşli zamanlarda Qurbanovun arxasında durmasına görə təşəkkür payını haqq edir.

Bunlar ilk mərhələ idi. Bir neçə il bu cür gedişat özünü doğrultdu, göstərdi ki, növbəti səviyyəyə adlamaq olar. Ən azı, bu korpus etibarlı işlə sabitlik yarada bilir, ona görə də, daha çox xərcə düşüb, “level” artırması eləmək lazımdır...

Futbol ölkəsi kimi tanınmayan Azərbaycanda artıq daim ÇL-in qrupuna düşməsi tələb ediləcək həddə bir komanda əmələ gəlibsə, bu işdə əməyi keçənlərə əhsən düşür.

Ancaq...

Görürükmü, “Qarabağ” ÇL-in pley-off mərhələsinədək gəlib, burda dayanmaqla sizi təngə, özünü zara gətirib. Qurbanovun rəqib qolundan sonrakı halını görəydiz... Üstəlik, özünüzü o yerdə təsəvvür etsəniz...

Hər şey onu göstərir ki, komandanın arzulanan hədəfə çatması üçün əsas meyar – transferlər yetərincə və yaxşı deyil.

Bu gün Qurbanovun əvəzetmələrdə səhvini müzakirə edəndə, etiraf eləmək lazımdır ki,  əvəzetməyçün manevrlərinin az olması  da qabardılması vacib  ünsürdür.

Üç dəfə bu mərhələdə dayanmaq artıq bizə əzbərlədib ki, deməli, səviyyəli futbolçu almalısan. Məsələn, nominal hücumçu mütləq almalısan, müdafiənin cinahları üçün, mərkəzçün... Bu mövqelərdə 3-4-cü mərhələlərə tab gətirəcək, nəfəs çatdıracaq fiqurlarımız yox idi/yoxdur.

Oyunsonrası mətbuat konfransında Qurbanovdan bu detala aydınlıq gətirməsini istədik. Qurbanovun cavabı belə oldu: “Əlbəttə, istəyirik ki, yaxşı oyunçular alaq. Bu, hər yanda belədir, hər il heç olmasa, iki futbolçu alır komandalar. Ancaq bəzən elə olur ki, oyunçu adına görə alınsa da, istəniləni vermir. Belə məqamlarda diqqətli olmaq lazımdır. Bunu biz görmüşük, ona görə də istəsək də, addım atmaq asan deyil. Qaldı ki, istəməyə, bəli, istəyirdik. Bəzən olmur. Bəzən olmaması səndən asılı olmur”.

Bu cavabdan sonra oxlar klub rəhbərliyinə yönəlməlidir. Bunadək hər dəfə bu tip suallara da oxşar cavablar verəndə, adətən, durumu Qurbanovun konservativliyinə bağlayırdıq, ehtiyatlı danışması, oyunçu seçimində kaprizlərini əsas gətirirdik və s. Ancaq bu dəfə məsələ elə deyil/elə görünmür.

“Qarabağ” pley-off mərhələsi istəyir? ÇL-in qrupuna düşmək arzusundadı? Onda heyətində ən azı adıçəkilən mərhələlərdə üzləşdiyi rəqiblərin heyəti qədər qiymətli futbolçular olmalıdır. İdmanda hər şeyin həm də öz qiyməti var. Özü də dəqiq qiyməti. Sən ucuz ətlə şorbanı iki-üç dəfə... sonra getməz/"bəxt gətirmədi" arqumentindən yapışmalı olacaqsan...

Dani Kintana, Riçar Almeyda, Bədavi Hüseynovun, veteranlığı rəsmiləşmək üzrə olan Rəşad Sadıqovun çiyinlərində hara qədər gedəcək bu yük?

Məhz bu il klubun transferlər məsələsində dəbərməyi lazım idi.

Çünki bu komandanın artıq daim 3-cü mərhələdə ilişməsi bunu labüd edirdi. Şablon bir durum idi və bunu “oxumaq” çox asan idi. Niyə olmadı?

Klub rəhbərliyi mövsüm sonunda demişdi ki, istənilən qədər büdcə ayrılacaq. OK, onda istənilən büdcəyə Vüqar Nadirov alındı?

Fikrimcə, Qurbanov, əslində Vüqar transferiylə ətrafa gizli bir mesaj atdı – pul yoxdur/ayrılmır. Normalda bir məşqçi ÇL-in qrupunu hədəfləyirsə, Nadirov niyə qaytarsın ki komandaya?

Qurban Qurbanovun əvəzetmələrdə yanlışlığı qabardılır. Məsələn, Əfrandan sonra heç bir oyunçunu salmasaydı, bәlkә daha yaxşı olardı. Çünki dinamika “Qarabağ” tərəfə keçmişdi və bu cür gedişat növbəti  qola yaxınlaşdırırdı. Sadəcə, hər şey Riçardın əvəzetmə istəməsindən sonra olub.  Futbolda bir şablon deyim var: heç bir məşqçi səhv eləmək istəməz. Adam maksimumu düşünüb, addım atıb; nəticə maksimum olacaqdı deyə bir şey yoxdur.

Riçard Almeyda özü əvəzlənməsini istəyibmiş. Bunu oyunsonrası mətbuat konfransında Qurbanov dedi. Ağrıyırmış. 8-10 dəqiqə dözə də bilərdi və s. Ancaq o an futbolçu səndən əvəzlənməsini istəyirsə, sənin də fikrində hesabın sürüşkən olması qorxusu varsa, belədə bu addımı atıb, müdafiəyə çəkilərsən. Təəssüf ki, elə dönüş nöqtəsi də orda oldu. Bəs niyə praktikasız Əl Caduyi ilə Elvin buraxılır sualı yaranır. Fikir verin, Dani və Riçard kimi “civələri” çıxardandan sonra Qurbanov onların yerini şablonla Rahid, yaxud Coşqun kimi dayaq yarımmüdafiəçiləriylə doldurmalıydı, elə olmadı. Əl Caduyi ilə Elvin niyə?

Çünki rəqib bütün həmlələrini cinahlardan edirdi. Belədə, formada olmasa belə, çevik, güclü Caduyini saldı ki, cinahda inisiativ “Qarabağ”a keçsin. Elvini buraxmaqda məqsəd isə birbaşa rəqibin asmaları vaxtı Bədavi ilə birlikdə onun hündür boyundan yararlanmaq idi. Elə oldu ki, buraxılan qol elə Elvinin səhvindən oldu. Daha dәqiqi, hәr üç mәrkәz müdafiәçinin yanlışının "bәhrәsi" oldu. Mәrkәzdә çoxluq rabitәni zәiflәtmişdi. Biz buna nominal Elvinin səhvi kimi baxırıqsa, rəqibin ustalığı kimi də baxa bilərik. Yəni komandalar arasındakı klass fərqi gec-tez hansısa detalda özünü büruzə verməliydi, bu da burda oldu...

Yenə gəlirik sanballı transferlər məsələsinə. Rəqibin oyunu cinahlardan qurması taktikasına alternativ davranan Qurbanovun meydana saldığı fiqurlara acıqlı, əsəbi yanaşma təbii ki, haqlıdır. Daha yaxşı futbolçular ola bilərdi əldə və sən məşqçi kimi daha fərqli üslub seçə bilərdin, manevr imkanların bol olardı. Məsələn, cinah hücunlarının qurulmaması üçün elə meydanın rəqibə aid hissəsində pressinq tətbiq etməklə. Üç mərkəz müdafiəçi yox, üç dayaq yarımmüdafiəçisi ilə bunu etmək olardı və s. versiyalar.

Qurbanov Yunuszadəni oyuna daxil edəndən sonra Rəşada irəli sıçramağı göstəriş verdi. Belə gedişləri o,  əvvəllər də bir neçə oyunda edib və uğurlu alınıb. Necə deyərlər, beşli müdafiə adda elə idi, əslində, Sadıqov hücumlarda mərkəzdən də irəli gedirdi. Çarəsiz addıma da bənzəyirdi bu...

(Məcburi) əvəzetmələrdən sonra oyunun anidən dəyişməyi və digər bütün amillər göstərir ki, “Qarabağ” transferlərdə dəbərməməsinin badına getdi.

"Qarabağ" ətrafında üç sual var: Qurbanov seçim etməkə çətinlik çəkir, yaxud transferlər eləməkdə maraqlı deyil, yoxsa transferlərin olmamasına səbəb maliyyə məsələsidi?

Hər halda, ən vacib sual zənciri budur...

Elçin Cəlilov


oxunma sayı: 3318 | Paylaş:




?>