')

Bu gün:


FutbolPress.Az | Vaqif Sadıqov: "AFFA da istəyir ki, Premyer Liqada bölgələri təmsil edən klublar çox olsun" (MÜSAHİBƏ)

Vaqif Sadıqov: "AFFA da istəyir ki, Premyer Liqada bölgələri təmsil edən klublar çox olsun" (MÜSAHİBƏ)


oxunma sayı: 1346 Paylaş:

FutbolPressMəşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla Premyer Liqanın yeni formatı, U-18 millisinin yaradılması barədə söhbətləşdik.

"Qaydalar hamı üçün eynidir və klublar buna əməl etməlidir. Lisenziya üçün müraciət edən komandalar bütün şərtləri yerinə yetirə biləcək gücdədirlər. Onlar peşəkar klub olmaq və Premyer Liqada mübarizə aparmaq istəyirlərsə, bunları etməlidirlər. Çünki FİFA bu məsələrə ciddi nəzarət edir. Sabah meydana gələcək problemlərə görə, onlar bizi sərt şəkildə cəzalandıra bilər".

- AFFA-nın baş katibi Elxan Məmmədovla görüşünüz olmalı idi. Nələri müzakirə etdiniz?
- Əsas müzakirə 17 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatında yaxşı nəticə göstərən milli komandanın fəaliyyətini davam etdirməsi ilə bağlı oldu. Həmin oyunçuların daha da təkmilləşməsi üçün U-18 yığmasının yaradılması barədə danışdıq. Konkret qərar qəbul olunmasa da Təbriz Həsənovla başçılığı ilə belə bir komandanın fəaliyyətdə olmasını məqbul bildik.

- U-18 millisi gələn mövsüm I Divizionda mübarizə apara bilərmi?
- Apara bilər, amma konkret olaraq heç bir qərar qəbul edilməyib. Əsas planlarımızdan biri də budur ki, komanda burada çıxış etsin.

- Başqa hansı məsələləri müzakirə etdiniz?
- Əsasən milli komandalar barədə danışdıq. Məsləhət bildik ki, iyun ayında yeni yaradılmış U-15, U-17, U-18 və U-20 yığmaları üçün təlim-məşq toplanışı təşkil edək. Hazırlıq dövründə bu komandalar arasında mini turnir də keçirilsin. Avrokubokların püşkatmalarından sonra bu vaxtı müəyyən edəcəyik. Çalışacağıq ki, beynəlxalq turnirlərdə mübarizə aparan klublarımıza heç bir problem yaratmayaq.

- Məşqçilər Komitəsi olaraq AFFA və ya PFL-ə klubların yay hazırlığı üçün hər hansısa turnir keçirmək məsləhətini vermisinizmi?
- Əslində Premyer Liqada 8 komandanın mübarizə aparacağı bir dönəmdə imkan var ki, əlavə turnirlər keçirilsin. Amma mayın əvvəlində çempionat başa çatmalıdır. Bu səbəbdən bəlkə də vaxt olmayacaq. Çalışacağıq ki, boş zamanlar milli komandalar üçün səmərəli istifadə edilsin. Lakin bu, geniş müzakirə mövzusudur. Əvvəllər də demişik ki, millinin üzvü olan futbolçular nə qədər çox oyun keçirsələr, bir o qədər yaxşıdır.

- Milli komanda ilə birgə Avstriya toplanışında oldunuz. Hazırlıq matçlarını necə qiymətləndirərdiniz ?
- Planlı, milli səviyyədə toplanış keçirildi. Məqsədlər və hədəflər qabaqcadan bəlli idi. Prosineçki və onun məşqçilər qərargahı milliyə yeni futbolçular cəlb etmişdilər. Onları Andorra ilə matçda sınamağa çalışdılar. Makedoniya və Kanada ilə oyunlarda demək olar ki, əsas heyət və ona köməkçi qüvvələr müəyyənləşdirilirdi.

İlk görüşdə meydanda 5 yeni futbolçu var idi. Onlar özlərini yaxşı tərəfdən göstərdilər. Bu heyətlə ən azı Andorranı 1:0 hesabı ilə məğlub etmək olardı. Orada da bildirdim ki, bu cavanlarla gələcəyə ümidlə baxmaq olar.

Makedoniya ilə oyunda ümid bəsləyirdik ki, komandamız məzmunlu oyunla nəticə əldə edəcək. Heyf ki, ilk yarıda özünə bənzəməyən bir yığmanı izlədik. Onlar yorğun və istəksiz görsənirdilər. İkinci hissədə isə tamamilə fərqli oyun izlədik. Bu da onu göstərdi ki, yığmada pontensial var. Baxmayaraq ki, biz məğlub olduq.

Kanada ilə oyunda isə Prosineçkinin komandasında arzuladığımız xasiyyəti gördük. Komanda rəqibə müqavimət göstərdi, sona qədər mübarizə apardı. Ritmdən, tempdən düşməyən yığmamız çox yaxşı oyun sərgilədi. Bu qarşılaşma göstərdi ki, komanda rəsmi matçlara hazırlığı çox yaxşı və biz istəyən səviyyədə tamamladı.

- Avstriya toplanışı iqdisadiyyat baxımından sərfəli deyil. Gələcək illərdə daha yaxın və ucuz ölkələrə getmək məqsədyönlü deyilmi?
- Milli komanda üçün bütün lazimi şərait yaradılmalıdır. Bu məkan elə-belə seçilmir. Bir il bundan öncə də burada təlim-məşq toplanışı keçirdik və Norveçlə matçda müsbət nəticə əldə etdik. Demək olar ki, Avstriya özünü doğruldan məkandır. Ən vacib amil budur ki, millimiz orada 3 ciddi rəqiblə yoldaşlıq oyunu keçirə bildi. Hazırlıq prosesində peşəkarlıq tələb olunur. Seçmə mərhələ oyununa hazırlaşırdıq və bizə lazım olan milli komandalar orada məskunlaşmışdı. Bax bu, əsas amillərdən biri idi.

- Gələn mövsüm Premyer Liqada 8 komanda mübarizə aparacaq.
- Bunun məcburiyyətdən qəbul olunan bir problem olduğu bildirilib. Hamımız istəyirdik və müzakirələr etdik ki, 10 və ya 12 komanda Premyer Liqada mübarizə aparsın. Lakin bu komandaların çempionatda iştirak edə bilməsinin yolunu tapa bilmədik. Bəzi klubların üzləşdiyi maliyyə problemləri belə qərar qəbul etməyimizə səbəb oldu. PFL-ə tapşırıldı ki, növbəti il üçün Premyer Liqada komandaların sayı artırılması üçün işlər görülsün. Bunun üçün dövlətə müraciət olunacaq. Onların dəstəyi ilə komandalarının sayını da artıracaq, klubları peşəkar səviyyəyə çatdıracağıq. Yenə deyirəm bu problemlər müvəqqətidir. Bundan əvvəl də dediyim fikrin üstündə dayanıram. Bu gün bir addım geri atmaq, gələcək də iki addım irəliləməyimizə səbəb olacaq. Bundan sonra çempionatımızın da, milli komandamızın da gücü artacaq. Bu addım elə-belə atılmayıb. İcraiyyə Komitəsi iki dəfə toplantı keçirdi. Klublara vaxt verildi, komitə üzvləri öz aralarında müzakirələr etdərək bu qərarı qəbul etdilər.

- "Neftçala"nın baş məşqçisi Kamal Quliyev AFFA-nın lisenziya verməyəcəyi təqdirdə komandanın fəaliyyətini dayandıracağını bildirmişdi.
- Hesab edirəm ki, yaxşı nəticə göstərən komandanı dağıtmaq düzgün deyil. Lisenziya verilməsi üçün şərtləri yerinə yetirmək lazımdır. Bir komanda tələb olunanların hamısını edə bilirsə, niyə lisenziya verilməsin ki? Məşqçilər Komitəsi olaraq I Divizionda mübarizə aparan klubların hamısı ilə görüşmüşük. Orada bildirmişik ki, lisenziyanın verilməsini gözləmək yox, əldə etmək lazımdır. I Divizionda məqsədsiz oynamaq olmaz. Məşqçi kimi fəaliyyətə başlayanda da, komandaya futbolçu seçəndə də qabağına hədəf qoymalısan. Biz bunu qabaqcadan görürdük, görüşlər keçirirdik onlarla. Çalışırdıq ki, onlar əsl peşəkar klubu çevrilsinlər və Premyer Liqada mübarizə aparmağa layiq olsunlar. Buna ancaq sevinə bilərdik. AFFA da istəyir ki, Premyer Liqada bölgələri təmsil edən klublar çox olsun.

- Birinci iclasdan sonra saytımızda İcraiyyə Komitəsinə məsləhət xarakterli kiçik məqalə yerləşdirmişdik. Burada qonşu ölkələrə nisbətən Azərbaycanda lisenziya şərtlərinin daha ağır olduğunu qeyd etmişdik. Komitəyə təklif etmişdik ki, UEFA-nın tələb etdiyi əsas punkları - klubun bazasının, stadionun və maliyyənin dəstəyinin olması şərtlərini saxlamaqla digər tələblərdə güzəştə gedilsin. Bu məsələ sonuncu iclasda müzakirə olundumu?
- Şərtlərin çoxu UEFA-nın tələbidir və klublar bu şərtlərə cavab verməlidir. Bəli hansısa bir məsələlərdə komandalara güzəştə getmək olar. Bunu da keçən mövsüm "Rəvan"ın timsalında sınaqdan keçirdik, lakin heç bir uğur əldə olunmadı. Hesab edirəm ki, bu səbəbdən də lisenziyalaşdırmanın şərtləri müzakirə olunmadı. Bir daha qeyd edim ki, hər hansısa məsələlərdə klublara güzəştə getmək olar. Amma bir nəfər zamin durmalıdır ki, bu qədər müddətdə problemli məsələləri həll edəcəyik. Şərtlər hamı üçün eynidir və bütün klublar buna əməl etməlidir. Lisenziya almaq müraciət edən komandalar tələb edilən bütün şərtləri yerinə yetirə biləcək gücdədirlər. Onlar peşəkar klub olmaq və Premyer Liqada mübarizə aparmaq istəyirlərsə, bunları etməlidirlər.  Çünki FİFA bu məsələrə ciddi nəzarət edir. Sabah meydana gələcək problemlərə görə, onlar bizi sərt şəkildə cəzalandıra bilər".

- Əldə etdiyimiz məlumata görə, Əvəzedicilər Çempionatı ilə I Divizion klubları birləşdirilə bilər. Yeni yaradılan klubları da nəzərə alsaq, gələn mövsüm aşağı liqada sıxlıq yaranmayacaq ki?
- Hələlik bunun reallaşması mümkün deyil. Ümumiyyətlə belə bir müzakirə olunmayıb.  Bu, sırf Məşqçilər Komitəsinin layihəsidir, amma tamamilə fərqli formatda və mexanizmdə. Sizinlə razıyam ki, gələn mövsüm I Divizionda daha çox klub mübarizə aparacaq. İstəyirik ki, bunların çoxu bölgə klubları olsun. Həfəfimiz I Divizionda da rəqabətli çempionat yaratmaqdır. Belə olacağı təqdirdə 4 və ya 6 kluba Premyer Liqada iştirak etmək üçün lisenziya verilə bilər.

İLKİN


oxunma sayı: 1346 | Paylaş:




?>