')

Bu gün:


FutbolPress.Az | Cavid Hüseynov günahkardırmı? (SORĞU)

Cavid Hüseynov günahkardırmı? (SORĞU)


oxunma sayı: 1757 Paylaş:

FutbolPressDünən Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda  Hüseynova hökm oxunub. Hökmə əsasən, futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmü birmənalı qarşılamayanların sayı az deyil. Cəmiyyətdə bu haqda fikir müxtəlifliyi var. Hökm və ümumiyyətlə, mövzu ətrafında  media əhlinin mövqeyini öyrəndik.  

Məsələ ilə bağlı həmkarlamıza müraciət etdik. Onlardan məhkəmənin qərarını  şərh etmələrini istədik.

Elnur Məmmədli ("CBC Sport"):  "İstənilən idmançının, futbolçunun dəmir barmaqlıqlar arasında olması yaxşı hal deyil. Cavid Hüseynovun bu cinayəti bilib gizlədib-gizlətməməsi də ayrıca mövzudur. Yəni bunu heç kim dəqiq bilmir. Adi bir tənqidə görə, bir neçə ailə bədbəxt oldu, gözü yaşlı qaldı. Məsələnin kökünə fikir vermək lazımdır: hər şey savadsızlıqdan, cahillikdən irəli gəlir. Sosial şəbəkələrdə bir qədər ehtiyatlı olmaq lazımdır. Əslində, bəzən biz şərhçilər haqqında da xoşagəlməz fikirlər yazırlar. Ancaq başa düşmək lazımdır ki, hər azarkeşlə, tamaşaçı ilə mübahisə etməyə dəyməz. Sadəcə, üstündən keçib getməlisən. Bu, təkcə Cavid Hüseynovun qohumlarının cinayəti və yaxud jurnalistin ölümü hadisəsi deyil, cəmiyyətimizin anormallığını, tənqidə sabrli yanaşmamasının göstəricisidir. Yaxşı ki, bizdə futbol fanatlığı və bu idman növü Türkiyədəki kimi inkişaf etməyib. Yoxsa həftədə bir ölüm olardı. İnanıram ki, Cavid Hüseynov amnistiyaya düşəcək və yaxın vaxtlarda evində, doğmalarının yanında olacaq. Ancaq bu hadisə digər idmançılara, futbolçulara da bir örnək olmalıdır".

Pərvin Kazımoğlu ("Fanat.az"): "Mən ilk gündən Rasim Əliyevin ölümünə görə əsas günahkarın Cavid Hüseynov olduğunu düşünmüşəm. Düzdür, Cavid həmkarımızın döyülməsində birbaşa iştirakçı olmayıb. Amma jurnalistin üstünə gedənlər onun qohumları və ya qohumlarının dostları olub. Öz fikrini, düşüncəsini ifadə edən jurnalistlə mübahisəyə məhz Cavid özü başlamışdı. Bu da qohumlarının məsələyə müdaxiləsi  və bir insanın ölümü ilə nəticələndi. Ola bilər ki, Cavid onlara "gedin, Rasimi başa salın" deməyib. Amma istənilən halda, bu vəziyyəti özü yaradıb və bir insanın həyatına son qoyulmasına səbəb olub. 1-2 oyunda qol vurmuşdu deyə, özünü qəhrəman sayırdı, heç kimin onunla bağlı fikir bildirməyə haqqının olmadığını düşünürdü. Nəticəsi də belə oldu.
Məhkəmənin qərarına gəlincə, 4 ili ədalətli cəza hesab etmirəm. Ortada öldürülmüş, günahsız bir insan var. Elə cəza verilməli idi ki, Caviddən sonrakılara da dərs olsun. Anlasınlar ki, bütün probemləri, anlaşılmazlıqları qol gücü ilə həll etmək, küçə təfəkkürü ilə yaşamaq olmaz. Cavid günahkar olsa da, olmasa da, bu məsələdə çox insanın canı yandı. Rasimin həyatı, Cavidin karyerası bitdi, bir neçə gənc ömürlərinin bir hissəsini həbsxanada keçirməli olacaq. Bu qədər ailə gözüyaşlı qalacaq. Ümid edək ki, bu hadisə digər idmançılarımıza da dərs olacaq".

Araz Əhmədov ("Sportfm.az"): "Uzun müddətdir bu proses gedir. Ciddi istintaq araşdırmaları aparılıb, sonda yekun qərar verilib. Cəzası olan çəkməlidir. Bu qərar jurnalistin fikir və söz azadlığına hörmət etməyən hər kəs üçün örnək olmalıdır".

Aydın Bağırov ("Qol.az"): "Ona pis oluram ki, gənc həmkarımız kiminsə məsuliyyətsizliyi ucbatından öldürülüb. Digər tərəfdən Azərbaycanın ən yaxşı futbolçularından biri karyerasının ən pik vaxtında həbsxanaya düşüb. Bu da ölkə futbolunun istedadlardan birinin itirməsinə səbəb olur. Elə bir çətin durumda qalmışıq ki, bilmirsən nə deyəsən. Qərar da məhkəmə tərəfindən verilib. Mən hüquqşünas deyiləm və belə situasiya ilə heç zaman qarşılaşmamışam. Bu halda hansı qərar qəbul edilir, bilmirəm. Burada həyatını itirən Rasim Əliyev və Cavid Hüseynov öz başına insanların yekəxanalıqları ucbatından qurban getdilər".

İlkin Fikrətoğlu (ATV): "Mənə elə gəlir ki, Cavid Hüseynovla bağlı ədalətsiz qərar verildi. Bilirik ki, o, Rasim Əliyevin öldürülməsində yox, cinayəti bilib xəbər verməməkdə ittiham olunur. Lakin bununla bağlı istintaq heç bir fakt ortaya qoymadı. Bu adamın bibisi oğlu ilə danışmasını - telefonla danışığını istintaq asan şəkildə tapa bilərdi və ictimaiyyətə tam açıqlayardı ki, Cavid Hüseynov məhz bu səbəblərdən həbs olunub. Amma bunların heç biri olmadı və heç nədən qərar çıxarıldı. Düzdür, cinayəti törədənlər cəzalarını aldılar. Bu, onların günahları idi və layiqli şəkildə cəzalandılar. Bu qərarı alqışlamaq lazımdır. Cavid Hüseynovun məsələsində isə məhkəmə, prokurorluq, ümumiyyətlə istintaq - ədalətsiz qərar verdilər. Əgər cəza verilirsə, sübut da ortaya qoyulmalıdır. Məsələnin bu qədər ictimailəşməsi, böyük rezonans doğurması məhkəməni, hakimi böyük təzyiq qarşısında qoydu. Onlar bütün təzyiqlərdən qorxaraq, tənqidlərdən yaxasını qurtarmaq üçün gözlərini yumaraq, bir insan həyatının üstündən xətt çəkdilər. Bu, çox ədalətsiz qərardır. Mən Cavidi cinayətdə günahkar bilmirəm. Özüm də jurnalistəm. İndiyə qədər Cavid haqqında onlarla, yüzlərlə, minlərlə tənqidi yazılar yazıldığının şahidi olmuşam, özüm də yazmışam. Bu müddətdə o, heç kimi nə "razborkaya" çağırıb, nə kiməsə "xox gəlib". Cavidin indiyə kimi kiminlə problemi olub, kimə zəng edib bir fikir bildirib ki? Başqa futbolçular, idmançılar ediblər, amma Cavid Hüseynov barədə bir artıq-əskik söz-söhbət eşitməmişəm. Mən inanmıram ki, Cavid Rasim Əliyevin üstünə qohumunu göndərsin. Onlar arasında olan problem "facebook" yazışması idi və qohumunun axmaqlığı, cahilliyi ucbatından həm Rasim Əliyevin öldürüldü, həm də onun yanında gedən, heç məsələnin mahiyyətini anlamayan 4-5 nəfərin gələcəyi məhv oldu. Hərəsi 8-10-12 il həbs cəzası aldılar. Cavid Hüseynovun isə karyerası demək olar ki, bitdi.
Burada ən böyük məsuliyyət hakimlərin üzərinə düşür. Bu adam 12 saat xəstəxanada olub, müsahibə verib, danışıb. Adam olur ki, ölümcül qəzaya düşür, yara alır, amma həkimlər onu xilas edir. Tibb işçiləri necə məsuliyyətsiz, təcrübəsiz olublar ki, 12 saat ərzində bu xəstəyə heçnə etməyiblər. Cinayətkarcasına səhlənkarlıq ediblər, amma məhkəmədə həkimlərin adın belə tutan yoxdur. Heç soruşan da olmadı ki, hansı həkimdir burada cavabdeh. Bu da daha bir ədalətsizlik. Burada həkim daha çox cəza almalıdır, Cavid Hüseynov yox".

Saleh Arslan ("Korner.az"): "Təbbi, üzücü bir qərar oldu. Heç istəməzdim ki, başına belə bir iş gəlsin. Hər halda, ədalət məhkəməsindən daha az cəza gözləyirdim. Ümid edirəm ki, apellyasiya məhkəməsinə şikayət ediləcək və cəza minimum həddə qədər yüngülləşdiriləcək. Cavid Azərbaycan üçün faydalı futbolçu idi və onun həbsdə yox, meydanlarda olması lazımdır".

İlqar Tağıyev ("Het-trik News"): "Təəssüflənirəm ki, belə ağır cəza aldı. Azərbaycanın ən istedadlı futbolçularından biri idi. Həm yığmaya, həm də komandasına çox xeyir verə biləcək gücdə idi. Təəssüf ki, karyerası məhv oldu. Kimisə günahlandıra bilmərəm ki, düzgün qərardır, ya yox. Məhkəmə ali qurumdur. Onların verdiyi qərara hörmətlə yanaşmaq lazımdır. Səhv, ya düz qərar verdiklərinə mən qarışa bilmərəm. Bu qərara müdaxilə etməyimizə haqqımız yoxdur. Onlar işi daha yaxşı bilirlər. Kaş ki, minumum və ya heç cəza olmayaydı. O zaman udan Azərbaycan futbolu olardı".

Natiq Muxtarlı ("Komanda.az"): "Düzü, Cavid Hüseynova cəza veriləcəyini gözləyirdim, ancaq bu qədər də ağır yox. Cavid Hüseynov hər nə qədər "jurnalistin ölümündə günahım yoxdur" desə də, əslində günahının olduğu bəlli idi. Ancaq məhkəmə prokurorun tələb etdiyi müddətdə həbs qərarı verməklə, üstəlik heç bir yüngülləşdirici halı nəzərə almamaqla, bu işə siyasi çalar qatdı. Demək, Cavid Hüseynovun belə ağır cəzaya məruz qalmasına oliqarxlar arasında gedən intriqa da təsir etdi.
Cavid jurnalistin ölümündə məsuliyyət daşıyırdı, amma birbaşa cinayət iştirakçısı deyildi. Özü də buna görə Cavid cəmiyyətin də böyük qınağına tuş gəldi. Amma bir neçə il əvvəl Araz Abdullayev avtomobillə bir günahsız insanı öldürmüş, digərini isə ağır yaralamışdı. O, bircə gün də həbsdə yatmadı. Bu ikili standart oliqarxlar arasında gedən mübarizənin göstəricisidi. Bu məsələlərdə qanun şah deyil, hansı oliqarx güclüdürsə, şah da odur. Güclünün "adamı" həbsdə yata bilməz. Günahı nə olursa-olsun".

Rüstəm Piriyev ("Extratime.az"): "Təbii ki, Azərbaycan milli yığmasının futbolçusu həbs olunması məni çox üzdü. Necə də olsa, Cavid bizim futbolda istedadına və fiziki göstəricilərinə görə fərqlənən, özünə hörmət qazanan oyunçulardandır.  4 illik həbs cəzasını həddindən artıq  ağır qərar hesab edirəm. Digər tərəfdən, bu cəza yerli futbolçuların son vaxtlar ölkə idman mətbuatına və jurnalistlərinə yuxarıdan aşağı baxdığının bariz nümunədir. Onun Kipr səfərindən sonra "Mənim hərəkətimi dəstəkləməyən jurnalistlərə qanlarını yoxlatmasını təklif edirəm" deməsi artıq Cavid Hüseynov adlı futbolçumuzu itirdiyimizi göstərdi. Ədəbsiz jest edərək həm özünün, həm də komandasının imicinə xələl gətirən oyunçu gec-tez cəzasını almalı idi. Çox təəssüf ki, nə "Qəbələ", nə də UEFA buna önəm vermədi və Cavid qarşısıalınmaz, günahsız və haqlı olduğunu hiss etdi.
Təbii ki, bir azərbaycanlı futbolçunun həbsdə olmasına çox üzülürəm. Nə qədər ağır olsa da, artıq heç kəs Rasimi geri qaytara bilməz. Bir ailə bədbəxt oldu, indi isə digər - uşaqlı, analı, böyüklü-kiçikli ailə başsız qaldı. Bilmək olmur, bəlkə də Cavidin vəkili apellyasiya verib, qərarı dəyişdirə biləcək. Vəziyyət dəyişməsə, ölkə futbolu bir istedadını daha itirəcək. Təbii ki, Cavid cəzasız qalmamalı idi, lakin 4 il həddindən artıq ağır cəzadır. Fikirləşirəm ki, daha 1 il həbs cəzası verib, onu azadlığa buraxmaq olardı".

İlkin
"FutbolPress"


oxunma sayı: 1757 | Paylaş:




?>