')

Bu gün:


FutbolPress.Az | Dezinformasiyalar və klub saytları (LAYİHƏ)

Dezinformasiyalar və klub saytları (LAYİHƏ)


oxunma sayı: 940 Paylaş:

FutbolPressİnformasiya  və kommunikasiya texnologiyaları son 20 ildə astronomik dərəcədə inkişaf eləyib. Bu da  yeni vasitələrin öz sələflərini ya tamamilə defunksionallaşdırması, ya da onları məzmun dəyişikliyinə itməsiylə nəticələnib. İkinciyə misal kimi telefonların təkamülünü  göstərmək olar.

Həmin vasitələr geniş insan kütlələri tərəfindən əlçatan olduqca kommunikasiya məfhumunun özü də dəyişikliyə uğrayır. 200 il əvvəl hansısa xəbər nisbətən uzaq məsafədəkilərə insanın fiziki varlıq  (çapar vasitəsilə şifahi, yaxud yazılı) formasında qarşı tərəfə ötürülürdüsə, bunu daha sonra semafor mexanikası, daha sonra dalğa (elektrik, səs və s.) əvəz eləməyə başladı. Bu dinamika, məzmun etibarilə xəbər vermək – xəbər almaq arealını genişləndirdi. Son 20-30 ildə fərdi kompüterlərin kütləviləşməsi  ona gətirib çıxardı ki, informasiya ötürmək, yaxud qəbul eləmək, artıq nəsə xüsusi imtiyaz tələb eləmir. Minimal həyat standartına sahib  hər kəs istədiyi məsafəyə istədiyi qədər informasiya ötürə bilər, yaxud tərsinə, istədiyi uzaqlıqdakı mənbədən istəmədiyi qədər məlumat əldə eləyə bilər. Necə deyərlər, məkan daralır, zaman bükülür. Və bu dinamika artıq həyat standartına çevrilib.

Son 10-15 ildə az-maz inkişaf eləmiş dövlətlərin hamısında rəsmi qeydiyyatdan keçən bütün növ fəaliyyətlər üzrə (şirkət/təşkilat/qurum/birlik və s.) üçün zəruri şərtlərdən biri də veb sayta sahib olmalarıdı.

Təkcə bu?

Əlbəttə ki, yox. Sayt mütəmadi olaraq yenilənməli və orda həmin qurum haqda aidiyyatlı məlumatların hamısı əks olunmalıdı.

Bu, ona görə lazımlıdı ki, müəyyən təşkilat haqda məlumat  almaq istəyən kimsə, kiməsə zəng eləmək, kiminsə qəbuluna düşmək, məlumatvericinin əhvalına görə informasiyasız qalmaq kimi gərəksiz maneələrlə üzləşməsin.

Ölkəmizə, daha doğrusu, ölkə idmanına qayıdası olsaq, vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Çevrəni daha da məhdudlaşdırıb futbol klublarımızın saytlarına fokuslansaq, öz fəaliyyətimiz – jurnalizm üçün ordan xammal tapmaq ən yumşaq ifadəylə müşkül məsələdi.

Bütün dünyada lokal idman mediasının  əsas predmeti ölkə daxilindəki idman subyektləridi. Bura bütün idman cəmiyyətləri, klubları, onların idari, texniki  və digər heyət üzvləri  və s. daxildi. Kobud ümumiləşdirmə aparsaq, mediada əks olunan xəbərlərin təxminən 60-70 faizi bu subyektlərlə bağlıdı. Bu dərəcədə real informasiya tələbi varsa məntiqli olan da odu ki, eyni dərəcədə informasiya təklif olunsun. "Çörəkpulumuzu" bundan çıxarırıqsa deməli, bu, bizimçün həyati dərəcədə əhəmiyyətli məsələdi. Hamletin “Olum ya ölüm” (iki söz arasında faydamız toxunsun – bu tərcümə Cəfər Cabbarlıya aiddi) sualının bizdəki ekvivalenti budu -  olunurmu?

Olunmur demək ədalətsizlik olar – lakin sualı “hansı səviyyədə olunur”a dəyişsək, daha dəqiq nəticə əldə eləyə bilərik. Bununçünsə müqayisə lazımdı.

Avropanın öndəgələn klublarını qeyd eləməyə yəqin ki ehtiyac yoxdu, bildirək ki, (xüsusi olaraq monitorinq apardıqlarımızdan) “Çelsi”, “Man. Yunayted”, “Man. Siti”, “Liverpul”, “Barselona”, “Real” M., “Bavariya”, “Borussiya” D. kimi klubların veb saytlarında ən azı 10-12 xəbər subkateqoriyası var və bunların hamısı müntəzəm yenilənir. Gün ərzində təkcə əsas xəbər xəttində ən az 8-10 xəbər yerləşdirilir. Eyni şeyi türk klublarına da şamil eləmək olar – “Beşiktaş”, “Qalatasaray”, “Fənərbağça” və sairənin saytları da yuxarıdakılardan geri qalmır.

Nisbətən az reputasiyalı “Sankt Pauli” (Almaniya 2-ci Bundesliqa)  “Torkay Yunayted”, “Ekzeter Siti”, “Akkrinqton” “Çesterfild” (Hamısı İngiltərə 2-ci liqa (4-cü dərəcəli divizion) və s. klubların saytlarında da xəbərlər gündəlik yenilənir – orta hesabla əsas xəbər xəttinə hər gün 8-12 xəbər yerləşdirilir.

Nəzər alsaq ki, adıçəkilən klubların olduqları ölkələrdə yüzlərcə peşəkar idman/futbol komandaları var – belədə informasiya təklifində artıqlıqlar da yaranır. Bu yəqin ki, hər bir jurnalistin xəyal elədiyi mühitdi.

Bundan əlavə olaraq, əgər hansısa bir klub haqda 3-4 qəzet/sayt eyni məzmunlu xəbərlər yazıbsa, aidiyyatlı orqan bununla bağlı rəsmi saytda açıqlama verir.

Qayıdaq bizə

Yazının bu hissəsinə qədər (14:58) Premyer Liqa iştirakçılarının saytında 6 may tarixli cəmi iki xəbər vardı – biri “Qarabağ” - "Sumqayıt" matçına baş hakim Rövşən Rəcəbovun təyinatı ilə bağlıydı,  (hansı ki, bu da klub resurslu informasiya deyil), digər ikisi isə "Kəpəz"in saytında "Xəzər Lənkəran"la matç rəqəmlərin gözündə" və Ömər Paşayevin qarşılaşmaya təyinatı barədə məlumatdır. 

Halbuki, araşdırma apardığımız 8 yerli idman saytında Premyer Liqa klubları haqda 7 müxtəlif xəbər çıxıb (13:14) – bunların 4-ü ən az 4 saytda başqa formada verilib. Yalnız iki xəbər haqda birinci mənbədən (klub və oyunçu tərəfindən)  məlumat var. Onlar da, əlaqədar subyektlərlə (çox yəqin ki) telefon əlaqəsi saxlanıldıqdan sonra təkzib mahiyyətində verilib. Əlaqədar klubların saytındaysa bu haqda nə təsdiq, nə təkzib - heç bir münasibət yoxdu.

Klubun hansı oyunçuyla müqaviləsini yenilədiyini, hansı oyunçunu aldığını kiməsə zəng eləyərək öyrənmək absurddu – çünki  bu fəaliyyətin maliyyə genişlənməsi də var və klubun borcudu ki, bunu rəsmi qaydada açıqlasın. Bu isə saytda açıqlama vermək formasında olur. İllərdir bu istiqamət böyük bir boşluq formasındadır. 

Əlbəttə, hər kiçik şaiəyə rəsmi formada cavab vermək də rasional addım deyil  - lakin bunun da yolu var; hazırki vəziyyətdə bir çox Avropa klubu sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə hadisəyə münasibət bildirir. Məs: “Bildiririk ki, filan oyunçu klubumuzun maraq dairəsində deyil”, yaxud “Feşman məşqçiylə maraqlandığımız barədə çıxan xəbərlər əsassızdı” və s.

Digər tərəfdən, media işçiləri heç də məcbur deyillər ki, klub rəsmilərinin, yaxud futbolçuların telefon nömrələrini bilsinlər.

Ümumi götürsək, xəbər vermək barəsində üç klubun saytı nisbətən “əliaçıq” davranır: "Kəpəz, "“İnter” və “Qəbələ”. Lakin onların da fəaliyyəti arzuolunan səviyyədə deyil.

Bu məsələni qabartmağımızın əsas məqsədi budu ki, media ilə klublar arasında xəbər alış-verişi baxımından ikitərəfli münasibət var. Media, xəbər xammalı kimi, klubların verdiyi informasiyaya (açıq informasiya – imtiyazlı yox!) ehtiyac duyduğu kimi, klublar da maraqlı olduqları xəbərlərin yayılmasında vasitəçi olmağa razı olan mediaya möhtacdılar. Ən azından ona görə ki, klub saytlarının oxunma nisbəti  obyektiv göstəricilərə əsasən (Alexa vəs. kimi renkinq proqramları) idman mediasından əksər hallarda aşağıdı.


"FutbolPress"

* Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb


oxunma sayı: 940 | Paylaş:




?>