')

Bu gün:


FutbolPress.Az | “Qəbələ”dən gözlənilən nə idi, etdikləri nə... (TƏHLİL)

“Qəbələ”dən gözlənilən nə idi, etdikləri nə... (TƏHLİL)


oxunma sayı: 779 Paylaş:

FutbolPressAzərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Qəbələ” (1:1) matçı ətrafında qalmaqal, gərginlik səngimir. Daha doğrusu, matçın 74-cü dəqiqəsində qapıçı Aqil Məmmədovun Aleksey Qaya qarşı kobudluğuna görə  baş hakim Əliyar Ağayevin penalti verməməsi bölgə təmsilçisinin haqlı emosional davranışına səbəb olub.

İş o yerə gəlib çatdı ki, “qırmızı-qaralar” bəyanatla çıxış edib, hakim səhvləri ucbatnından çempionat və kubok yarışını tərk edə biləcəklərini açıqlayıb.

***               ***               ***

Məhz bu məqam bir qədər sürəti azaldıb, durub, dayanıb, düşünməyə, soyuq başla qiymət verməyə səbəb oldu. OK, anlaşıldı ki, Əliyar yanlış qərar verib. Əgər penalti versəydi, “Qəbələ” azı səfərdən 1:2 hesablı sərfəli nəticəylə dönərdi və s. Ancaq bir oyunda nöqsana görə klubun yarışlardan çəkiləcəyini iddia eləmək?

Bir az emosiya dozasının aşması olmadı ki sizcə?

Hər halda, biz ən təmkinli, alicənab idarəçiliyi ilə seçilən azsaylı klublardan olan “Qəbələ” haqda danışırıq və bu klubun birdən-birə belə hövlnak davranışı təəccüb yaratmaqdadır.

***               ***               ***

Sözügedən qarşılaşmadan sonra baş məşqçi Roman Qriqorçuk dedi ki, hakimlərin səhvi ucbatından biz bu mövsüm, azı, 15 xal itirmişik. Bu məqam hələ də tam anlaşılmaz qalıb. Bu, həmin Qriqorçukdur ki, Azərbaycanda işlədiyi ilyarımda hakimlik haqda bu qədər emosional danışmamışdı, hətta heç mənfi rəy bildirməmişdi. “Qəbələ”yə qarşı bundan da kobud hakim səhvləri olub – məsələn, “Kəpəz” səfərində Fariz Yusifovun uğursuz idarəçiliyi və s.

Niyə məhz indi?

Özü də belə aşırı emosiya ilə...

***               ***                ***

Bəli, “Qəbələ”də maddi durum qaydasında deyil - yox, sadəcə, əvvəlkitək geniş deyil. Bunu dəqiq bilməyinizi istəyirik. Ancaq maliyyə barədə geriləmə indinin işi deyil, bu, hələ mövsümün əvvəllərindən başlayan proses idi. Əgər gərginliyi yaradan səbəb bu olacaqdısa, onda partlama daha əvvəllər – bundan betər hakim səhvlərində olardı. Ən azı, ehtimal məntiqi bunu deyir.

Bu cür dolaşıq situasiya durumu real və dürüst dəyərləndirməyimizə mane olur.

Ancaq subyektiv mülahizələrimiz yox deyil, hətta bir neçə versiyadadır. Ən dolğun hesab elədiyimiz istiqaməti diqqətinizə çatdıraq.

***               ***               ***


Güman ki, Roman Qriqorçukun rəhbərlik qarşısında götürdüyü öhdəliklər nə çempionat, nə də kubokda doğrulmur. Həm də mövsümün sonuna cəmi 5 tur qalıb. Minimum 2-ci və ya 3-cü yer (ki bu, (3) o qədər inandırıcı deyil) söz verilib, ancaq bu yerləri tutmaq mümkün olmaya bilər.

Əgər kubok şansı da əldən çıxsa...

Aydın olurmu mənzərə təxminən sizə?

Baxın, ölkə çempionatında ən böyük məvacibin məhz Qriqorçukda olduğunu bilməlisiniz. Konkret rəqəm bildirə bilməsək də, onun Azərbaycan klublarını çalışdıran məşqçilər arasında ən yüksək məvacib aldığından xəbərdarıq. Hətta 23 xal gerisində qaldığı Qurban Qurbanovdan, 11 xal özündən irəli buraxdığı Adil Şükürovdan, problemləri başından aşan, indi-indi toparlanmaqda olan “İnter”in çalışdırıcısından və s.

Belədə klub rəhbərliyi haqlı olaraq, mövsüm sonunda ondan nəticələrin niyə planlaşdırılandan pis alındığını soracaq.

Biz Qriqorçukun xarakterinə, reaksiyalarına qismən bələdik deyə, onun irad qəbul eləməyi xoşlamadığını bilirik. Məhz gözlənən iradlar indidən onu gərginlik məngənəsinə salıb. Klub rəhbərliyinin ona verdiyi yüksək qiymət və dəyərin qarşılığını nəticələrdə qaytara bilməməsi ukraynalı çalışdırıcını əməlli-başlı əndişəyə qərq edib. 15 xalın "yeyilməsi" və s. mövzular da emosiyalarının təzahürü şəklində özünü büruzə verir. BU, onun, bəyanat verib, geri çəkilmək, dağılmaq ehtimal-hədəsini bildirməksə klubun təşvişi kimi anlaşıla bilər. Ən bahalı məşqçiylə mükafatlıq nəticə qazanmamaq camiədə gərginliyi pik həddə çatdıracaq...

Yəni hakimlərin üzərinə bu cür gediş də həm Qriqorçukdan, həm də klubdan qaynaqlanan, əsəb və emosiya partlayışından başqa bir şey deyil. Ancaq digər klublardakı kimi, burada naşı idarəçilər yoxdur, boyük ehtimal ki, situasiya tezliklə yoluna qoyulacaq. Durumun ümumi mənzərəsini sizə anlatmağa çalışdıq. Prosesləri izləyirik.



Elçin Cəlilov


oxunma sayı: 779 | Paylaş:




?>