')

Bu gün:


FutbolPress.Az | LAYİHƏ: "FutbolPress"in işləyəcəyi mövzu  

LAYİHƏ: "FutbolPress"in işləyəcəyi mövzu 


oxunma sayı: 730 Paylaş:

FutbolPressİdman mediasında yayılan xəbərdən məlumunuzdur ki, aprelin 21-də AFFA yanında Media Komitəsi aprel-iyun aylarınaaid layihə müsabiqəqisinin qaliblərini elan elədi. 17 qalib layihə arasında "FutbolPress" də var. Fərdi jurnalist araşdırması istiqamətində seçdiyimiz mövzu nələri əhatə edəcək - layihə ilə aşağıda tanış ola bilərsiz. Bildirək ki, FP layihəni bir aya işləyib bitirəcəyini bildirsə də, elə saytımızın da təmsil olunduğu komitənin idarə heyətinin müzakirələrindən sonra bunun iki aya qaldırılması qərara alındı.

LAHİYƏNİN ADI:

TPL klublarının media və ictimaiyyətlə əlaqələri:
PR (public relations) prinsipləri


Problemin qoyuluşu və təsviri:

Müasir futbol pulla yaxın dostdur. Uğurlu klub modelinin ərsəyə gəlməsi üçün ən vacib predmetlərdən biri də təşkilatın keyfiyyətli  təbliğatıdır. Bunun üçün də zamanla fərqli ideyalar formalaşıb, uğurlu standartlar yaranıb.
Bəs Azərbaycan futbolunda bu proses hansı həddədir?
Avropanın iddialı/uğurlu klublarının büdcəsinin “şişməsində” PR manager sistemi əhəmiyyətli rola malikdir.
Bəs Azərbaycanda bu proses necə gedir?
İnkişaf eləmiş futbol ölkələrində PR menecment (Public relations – İctimaiyyətlə əlaqələr) şöbəsi, onun tərkibində isə ictimaiyyət və media ilə əlaqələndirici şöbə fəaliyyət göstərir. “Barselona”, “Bavariya”, “Mançester Yunayted”, “Milan”, “Real” (Madrid) kimi nəhəng klubların analoji şöbəsinin bəzən 50-dən çox işçisi olur. Məsələn, “Barselona”nın təkcə Media PR qrupu 20 nəfərdən ibarətdir. Onlar klubun bütün yaş qrupları üzrə videomateriallarının məşhur sosial şəbəkələrdə paylaşımını, mətbuatla əlaqələndiricilik funksiyasını yerinə yetirirlər. Böyük klublarda PR manager ən vacib fiqurlardandır. Media ilə əlaqələndirici/“mətbuat katibi” klub prezidentinin sözçüsüdür, birbaşa ona çıxışı olan şəxsdir.
Bəs Azərbaycan futbolunda?
Nəhəng klublardakı modelin mikro formasını burda tətbiq eləmək mümkündürmü? Bunun faydalılıq dərəcəsi nə qədər olar?
Azərbaycanda “PR manager” standartına uyğun şöbə neçə klubda var?
AFFA, PFL və TPL iştirakçısı olan klublarının (10) “mətbuat xidməti” media ilə münasibətlərdə yetəri məhsuldarlıq nümayiş etdirə bilirlərmi? Yaxud onlar medianın qurumlarla iş prinsipinin standartlarından nə qədər xəbərdardılar və buna nə dərəcədə nail olurlar?

Layihənin məqsədi və vəzifələri:

Məqsəd Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti anlayışının açılışını vermək, klubların və futbol qurumlarının bu standarta nə dəcərədə uyğunluğunu müəyyənləşdirməkdir.  Əksər klublarda departament olaraq yuxarıdakı adla açıqlansa da, əslində bu istiqamətdə kifayət qədər problemin olduğu məlumdur. Əksərində “mətbuat xidməti” yalnız “mətbuat katibi”ndən ibarətdir. Bu və bu kimi problemlərin araşdırılması əsasında beynəlxalq PR menecer standartına uyğunlaşma imkanlarının aşkarlanmasına çalışacağıq.

- PR menecer anlayışının futbolda yaranması və inkişafı tarixini araşdırmaq
- Bu sistemin Azərbaycan futbolunda tətbiqi və təşəkkülü haqda məlumatlar toplamaq
- AFFA, PFL və 10 TPL iştirakçısının rəsmi saytının proqram təminatının araşdırılması, fəaliyyət keyfiyyətinin müəyyənləşdirilməsi və təsnifatlandırma
- Media və ictimaiyyətlə əlaqələndiriclərin mövzu ətrafında müsahibəsi (Müəllif yazısı/istəyə bağlıdır)
- Klubların sosial şəbəkələrdəki rolu/yükü



Görüləcək işlər:

Layihə - mövzu ətrafında təhlili məqalələr, korrespondensiyalar, lazım olacağı təqdirdə, videoroliklərdən ibarət olacaq. Hazırlanacaq materialların layihə təşəbbüsçüsü – “FutbolPress”dən başqa, ən azı, bir idman və bir ictimai-siyasi KİV-də, ümumi istifadəçi sayı 50 mini keçən üç “facebook” səhifəmizdə də dərc olunacaq.

Fəaliyyət planı:

Layihə rəhbəri və redaksiya olaraq mövzunun araşdırılmasında birgə fəaliyyət göstəriləcək. Layihə müddətində (1 ay/ düzəliş: 2 ay) azı 4 məqalənin hazırlanması planlaşdırılır. Bundan başqa, müxtəlif media quruluşlarının təmsilçilərindən klub və qurum PR menecerləri barədə fikirləri öyrəniləcək və dərc ediləcək. Yekunda layihə müəllifinin köşə yazısında ümumi proses barədə müşahidələri qeyd olunacaq. İcra müddətinin sonunda PR menecerlərin (Oxu: mətbuat katiblərinin) iştirakı ilə dəyirmi masanın təşkili və mövzu ətrafında ortaya çıxmış mülahizələrin müzakirəsi. Müzakirələrdən çıxacaq nəticələrdə yenilik olacağı təqdirdə mətn halına salınıb, dərc edilməsi. 

Layihədən faydalanacaqlar:

Layihə spesifik xarakter daşıdığına görə bundan əsasən istinad edilən qurumlar və idmana aid KİV-lər faydalanacaq. Həmçinin ölkə futboluyla sıx maraqlananlar üçün də faydalı məqamların bol  olacağı qənaətindəyik.

Gözlənilən nəticələr:

- Layihədə istinad ediləcək qurumların PR işinin təşkilinə canlanmanın gəlişi
- Layihə imkan verəcək ki, “Azərbaycanda Futbolun İnkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan bəndlərdən biri – futbolun kütləviləşdirilməsi məsələsinə daha artıq diqqət ayrılsın. Futbolun kütləviləşməsi və futbolda kütləviləşmə problemlərində müəyyən təşəbbüslərin ortaya çıxması, hərəkətliliyin yaranması
- Araşdırmalar nəticəsində dəlillərlə ortaya qoyulacaq təsnifatlandırma ilə həm ictimaiyyət, həm də klublara məlum olacaq ki, indiyədək hansı futbol qurumu və ya klubu PR və media işində daha keyfiyyətli fəaliyyət göstərib.
- Layihənin ümumi nəticələrindən hazırlanacaq təkliflər paketi layihənin istinad edildiyi bütün qurumlara təqdim ediləcək. Bu da öz növbəsində onların gələcək fəaliyyətinin daha korrekt olmasına əsas vasitələrdən biri olacaq.


oxunma sayı: 730 | Paylaş:




?>