')

Bu gün:


FutbolPress.Az | “Fəxr edirəm ki, canımı vətən, bayraq, dövlət və millətimçün risk altına atmışam” (MÜSAHİBƏ)

“Fəxr edirəm ki, canımı vətən, bayraq, dövlət və millətimçün risk altına atmışam” (MÜSAHİBƏ)


oxunma sayı: 1547 Paylaş:

FutbolPress15-17 fevralda Kikboksinq üzrə Azərbaycan çempionatı keçiriləcək.  Ölkəmizdə həmişə  populyar idman növlərindən biri olan kikboksun inkişafı və beynəlxalq nəticələrin yaxşılaşması istiqamətində önəmli addımlar atılıb.
Yarışqabağı həmsöhbətimiz Azərbaycan Kikboksinq Federasiyasının Gənclər və yeniyetmələrdən ibarət yığmasının, “Neftçi” İK-nın kikboksinq bölməsinin baş məşqçisi   Ehram Məcidovdur. Onunla qarşıdakı yarış və ümumi perspektivlər barədə müzakirələr apardıq.


-  Tələbələrinizin qarşıdakı  sınağa hazırlığı haNsı səviyyədədir?

-  Biz, “Neftçi” İdman Klubu olaraq, har dəfə  Azarbaycan çempionatına yüksək səviyyədə hazırlaşırıq. Artıq  aktivimizdə  10 Azarbaycan kuboku var. Bu mükafatları komanda şəklində Respublika çempionatında yüksək nəticə göstərərək qazanmışıq.
Ötən ilin noyabrında  Serbiyanın paytaxtı Belqradda keçirilən WAKO  dünya çempionatında  iştirak elədik. “Neftçi” İK-nın rəhbəri  Sadıq Sadıqovun nəzarəti və göstərişi ilə  klubumuz ölkə çempionatına hazırlaşmağa başladı. Qeyd edim ki, arada vaxt çox qısadır. Bu müddətdə idmançının istirahəti, bərpası və yeni yarışa hazırlığı üçün doğru proqram seçilməsi vacib şərtdir. Hər bir detalı incəliyinə qədər tətbiq eləməyə çalışmışıq.  Klubumuz mənim məşqçiliyimlə hazırlaşır. Onu dəqiq deyə bilərəm ki, idmançılarımız 2016-cı ildə keçiriləcək bütün yarışlara tam hazırdır; həm fiziki, həm psixoloji.

- Belqradda WAKO versiyası üzrə Dünya çempionatında iştirak eləmiş idmançılardan ölkə çempionatına qatılan olacaqmı?

- Biz Respublika çempionatına yüksək səviyyədə və tam heyətlə hazırlaşırıq. Elə mən özüm də ənənəvi olaraq Azərbaycan çempionatına qatılmışam. Məqsədim məndən sonrakı nəslə öz təcrübəmi ötürmək, bölüşmək, paylaşmaq olub.
Ümumiyyətlə, döyüş qabiliyyəti yüksək səviyyədə olan idmançı ölkə çempionatında iştirak eləməlidi, özündən sonra gələn idmançıyla təcrübəsini bölüşməlidir. Ancaq heç bir səbəb göstərmədən bu yarışda iştirak eləməyənlər də var. Onlar hesab edirlər ki, hazırlıq səviyyələri ölkə çempionatının səviyyəsindən yüksəkdir.  Saxta dünya çempionluqları ilə öyünməyə ehtiyac yoxdur. Hər bir idmançı üçün əvvəlcə ölkə çempionatı kimi bir sınaqdan keçməlidir.
Bu il tələbələrimdən Dünya çempionatının mükafatçısı, Heydər Əliyev kubokunun sahibi, dəfərlə respublika çempionu Rauf Gərayzadənin əsgərlik vaxtı çatdı. Mən  onu vətənin müdafiəsinə birbaşa zaldan yola saldım.  Qalan bütün dünya, Avropa, ölkə mükafatçıları qarşıdakı yarışa qatılacaq.

-  Devalvasiya prosesi hər sahəyə olduğu kimi, kikboksinq federasiyasına da təsirsiz ötüşmədi. Sizdən bir təcrübəli məşqçi kimi bu təsirin detallarını öyrənmək istərdik.

- Mən dünyada gedən prosesləri imkanım qədər izləyirəm. Dövlət siyasətiylə məşğul olan yaxın dostlardan da maraqlanıram. Devalvasya elə prosesdir ki, burda heç kimi qınamaq olmur. Bu prosesin konkret kikboksinqimizə, federasiyaya təsiri barədə onu deyə bilərəm ki, əvvəl necəydisə, indi də təxminən o cürdür. Yəni devalvasiyanın təsiri o qədər deyil, işlər plan üzrə gedir.  Hər il Gənclər və İdman nazirliyindan federasiyaya ayrılan cüzi məbləğdə maliyyəni  AKF prezidenti  Adil Əliyevin doğru idman siyasəti nəticəsində səmərəli istifadə edirik.  Bu maliyyədən böyüklər, gənclər və yeniyetmələr arasında, ildə iki dəfə olmaqla, Respublika çempionatı keçiririk. Dunya  və Avropa çempionatlarında iştirak edirik. 
Keçən il Dünya və Avropa çempionatlarında idmançı və məşqçi kimi qazandığım naliyyətlərə görə İdman nazirliyi tərəfindən mükafatlandırıldım.  Əməkdar idman ustası adına layiq görülmüşəm. Qaldı ki, devalvasiyanın ailə şəraitimə təsiri, şükür olsun, aldığım maaşla bir aydan digərinə keçə bilirik. İnşallah, bu çətin günlər xalqımızın üstündən keçib gedər.

-  Ölkə çempionatında bölgələrin işirakı hansı səviyyədədir?

- Demək olar ki, hər il bölgə klublarının ölkə çempionatında iştirakı artır. Bundan başqa, bölgələrdə kikboksinqin populyarlıq qazanması üçün müxtəlif yarışlar keçiririk. Məncə, bu növün inkişafı, ölkə səviyyəsində yayılması üçün dövlət tərəfindən də qayğı göstərilsə, yaxşı olar. Vətənin müdafiəsi uğrunda bizə fiziki hazırlığı yüksək səviyyədə olan idmançılar - əsgərlər lazımdır. Məncə, əlbəyaxa döyüş növlərində qayğı ikiqat artırılmalıdır. Çünki biz müharibədə gedib ermənilərlə bir-bir güləşməyəcəyik, biz onları ayaq üstə, bir ayaq və bir əl zərbəsiylə yerə sərmək qabiliyyətinə  olmalıyıq.

-  Sizin dərnəkdə bu çempionatda iştirak edəcək idmançılar arasında neçə çempion tituala olan idmançı var və hansılardır?

- Manim tələbələrim arasında dünya və Avropa çempionlarınan Ramiz Məmmədov, Anar Məmmədov, Çingiz Əhmədzadə, Qiyas Şahmərdanov, Elmir Süleymanov, Ehtiram Rzayev, Nəcməddin  Məmmədov va başqa yüksək hazırlıq keçmiş böyüklər arasında 30-dan çox idmançı ölkə çempionatında iştirak edəcək.

-  Belqraddakı dünya çempionatında siz də iştirak edirdiniz və erməni idmançıya qalib gəldiniz, mükafat qazandız. Bundan sonrakı yarışlara da qatılmaq fikriniz varmı?

- Mənim ayağım üç dəfə dünya çempionatlarında sınıb. Dəfələrlə qabırğadan, əl, ayaq barmaqlarımda sınıqlar olub. Canımda çox ağrılar var. Bunun da əziyyətini çəkirəm. Ancaq heç peşman deyiləm. Fəxr edirəm ki, canımı vətən, bayraq, dövlət və millətimçün risk altına atmışam.  Çəkdiyim ağrılara görə də dövlətdən qayğı görürəm.
4 il fasilədən sonra qatıldığım WAKO Dünya çempionatında qazandığım qələbələrə baxmayaraq, bədənimdə yenə ağrılar var. 
Ancaq bu il də, inşallah, Avropa çempionatında iştirak eləmək istəyirəm. Bilirsiz ki, ağır çəkidə mübarizə aparıram və bu çəkidə Azərbaycan üzrə yeganə dünya çempionuyam. Ağır çəki dərəcəsində (+94) yarımfinalda erməni idmançıyla qarşılaşmağım həm hakimlərin, həm də Dünya Kikboksinq Federasiyasının diqqətində idi. İnşallah, qarşıdakı əhəmiyyətli yarışda da bayrağımızı yüksəklərə qaldırmaq nəsibimiz olar.

“FutbolPress”











oxunma sayı: 1547 | Paylaş:




?>