')

Bu gün:


FutbolPress.Az | İlkin Vaqifoğlu: "Bütün cəhdlər Xaqani Məmmədovu sudan quru çıxarmağa hesablanıb" (MÜSAHİBƏ)

İlkin Vaqifoğlu: "Bütün cəhdlər Xaqani Məmmədovu sudan quru çıxarmağa hesablanıb" (MÜSAHİBƏ)


oxunma sayı: 1454 Paylaş:

FutbolPressKeçən həftə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rüşvət qalmaqalında iştirakını iddia eləyən videomaterial dərc olunmuşdu. Materialla ətraflı tanış olmaq istəyənlərçün link
İfşanın müəllifi İlkin Vaqifoğlu ilə danışdıq:

- "Heç-heçəyə 15 dənə verirlər. Qonaqlar" - video ifşasını rəhbərlik elədiyiniz sportinfo.az saytı elədi. Üstündən həftədən çox keçib. Durum nə yerdədi?

- Durum o yerdədi ki, bir qrup bizi peşman etməkdən ötrü dəridən-qabıqdan çıxır. Gözlədiyimiz kimi, sayta təzyiqlər artıb. Futbol ictimaiyyətinin sadə təbəqəsi bizə dəstəkdi. İnanırsız, hara gedirik, hansı məclisin qonağı oluruq, orda bu videodan söhbət düşür. İndi mənə dedilər ki, yaydığımız rüşvət videosunun izlənmə sayı 112 mini keçib. Mən AFFA-nı və PFL-i başa düşürəm, bu fakt onların əleyhinə işlədi. Ancaq bilməzdim ki, Ramin Musayev və AFFA-nın bəzi vəzifəli şəxsləri şəxsi maraqlarını ölkə futbolunun ümumi maraqlarından bu dərəcədə üstün tutarlar. Bu gün bunun şahidiyik. Musayev AFFA-nın birinci şəxsi ilə görüşərək, yalandan deyib ki, çəkiliş montaj olunub, Xaqani elə hərəkət etməyib, guya Əliyar Ağayevin avrokubokların qrup mərhələsinə təyinat almasını gözümüz götürmədiyindən, videonu yaymışıq. Deyəsən, inandıra bilib. Ona görə də Rövnəq Abdullayevin öz göstərişi ilə yaradılan komissiyaya olayda iştirak edənlərlə bağlı ciddi ölçü götürülməməsini tapşırdığı iddia olunur. Yəni komissiyanın araşdırma müddəti üçün 60 gün götürməsi bununla bağlıdı. Biz buna yenə inanmaq istəmirik. Əslində fakt çox açıqdı. Montajdan söhbət gedə bilməz. İstəsələr,  bir günün içində dəqiqləşdirərlər. Asim Xudiyev birbaşa, Ramiz Əsədov dolayısı ilə etiraf edib ki, bəli, belə bir hadisə baş verib. Burda bütün cəhdlər Xaqani Məmmədovu sudan quru çıxarmağa hesablanıb. Əsasən də Ramin Musayev tərəfindən. PFL prezidenti haqsız olduğunu, öz adamının çirkaba bulaşmasını bildiyi halda, haqq-ədalətə qarşı prinsip aparır. Hakimlər Komitəsi onun son əsas «kozır»ıidi və hesab edir ki, Məmmədov ifşa olunsa, evi yıxılacaq. Heç kimə sirr deyil ki, hakimlər Musayevin əlində alətdi və çempionatın gedişinə, klublara birbaşa onların vasitəsilə təzyiq-təsir edir. Odu ki, AFFA-nın bəzi məmurları ilə birləşərək, bizə qarşı altdan-altdan hücuma keçib. Məndəki informasiya belədi ki, digər hakimlərə yüngülvari töhmət elan olunacaq, Xaqanin özü isə bu video-sübuta görə vəzifədən alınmayacaq. Onu bir müddət sonra, başqa bir «səbəb»lə, məsələn, «səhhəti ilə əlaqədar» sədrlikdən almağı planlaşdırırlar. Ola bilsin, heç bunu da etməsinlər.

- Hakimlər Komitəsi struktur təsnifatına görə katibliyə tabedir, nəyə görə PFL prezidenti qurum sədrinin zərər görməməsində maraqlı olmalıdır, görəsən? Başqa cür desək, Musayevdən başqa bu işi "burmaq" istədiyini düşündüyünüz vəzifəli yoxdurmu, sizcə?

- Məni üzən həm də medianın olaya münasibətidi. Bu videonu Sportinfo.az yayıb deyə, əksər saytlar istinad mədəniyyətinə tüpürdü. Bunu paxıllıq, həsəd və qısqanclıq da adlandırmaq olar. Yəqin ki, mənə görə. Bu videonu mən yox, misalçün, «x» bir jurnalist yaysaydı, elliklə tökülüb dağ başına qaldırmışdılar. Mən bunu istəmirəm, ummuram, gözləmirəm də. Sadəcə, fakta obyektiv yanaşılmasını, dəyərləndirilməsini istəyirəm. Əziyyətimizi yerə vurmayanlara burdan öz təşəkkürümü bildirirəm, sağ olsunlar. 

- Bunun montaj olduğu iddiaları da var...

- Bəzisi deyir ki, montajdı. Əgər ortada saxtakarlıq olsaydı, PFL və Xaqani Məmmədov 6 ay öncə bunu aləmə car çəkmişdilər. İndinin özündə də 5 dəqiqənin içində ekspert rəyi ala bilərdilər. Məsələni ona görə uzadırlar ki, effekti itsin videonun, yaddan çıxsın. Bilən və bilməyən də iddia edir ki, videonu bizə Anar Salmanov ötürüb, özü də Əliyara görə. Sifarişlə işləyən bəzi veriliş aparıcıları deyir ki, bu videonun Əliyarın təyinat almasıyla eyni vaxta düşməsi bizə pis təsir etdi, bu, təxribatdı, qəsdən ediblər ki, Xaqani Məmmədovu gözdən salmaq məqsədi daşıyır.

- “Sifarişlə işləyən  veriliş” bir ittihamdır, həm də ağır ittiham. Məncə, sübut olunmamış bir iddianı səsləndirə bilərsiz, bu, sizin şəxsi mövqeyinizdir, ancaq tribuna bizimdir, etiraz haqqımız da var...

- Mənim şəxsi fikrimdir, bəli. Çünki dediyim kimidir. Belə əndirabadi mövqe sərgiləyənlərədir sualım - bəs Xaqani və o hakimlərin Azərbaycanı dünyada biabır etməsi sizə pis etmir? Niyə bundan danışmırsız? Videonu lap küçədən tapmışam, bunun kimə nə dəxli var? Siz faktdan danışın, araşdırın, obyektiv qərar verilməsinə çalışın. Başqa vaxt deyirdilər ki, kimisə cəzalandırmaq, barəsində qəti fikir bildirmək üçün əlimizdə fakt yoxdu. Biz bu faktı aşkarladıq, yaxşı, bəs niyə indi həqiqəti söyləməkdən, hər kəsi öz adıyla çağırmaqdan qorxursuz? Eşşəyə gücləri çatmır, palanı döyəcləyirlər. Bu 23 ildə belə bir fakt ortalığa çıxmamışdı. Biz Azərbaycanı Avropada rüsvay edənlərin iç-üzünü açmışıq, indi budur haqqımız olan təşəkkür?

- AFFA-dan açıqlandı ki, işin araşdırılması üçün komissiya yaradılacaq. Sonra məlum oldu ki, 2 ay müddətdə bu haqda açıqlama veriləcək. Sizin saytda isə komissiyanın tərkibi yazılmışdı. O tərkibi bir daha xatırladardınız. İstərdim münasibətinizi öyrənim: komissiyanın tərkib hissəsi bu işin araşdırılmasına, dəqiqliklə ortaya çıxarılmasına uyğundurmu?

- Gün kimi aydındı ki, AFFA Hakimlər Komitəsi de-fakto PFL-ə tabedi. Mən bu məsələdə Ramin Musayevin onu hansı səbəblərdən müdafiə etməsinə ilk sualdaca geniş aydınlıq gətirdim. O, eyni zamanda qorxur ki, Xaqani getsə, sonradan çıxıb üzünə dura bilər, birgə gördükləri işləri etiraf edər. Musayev canlı şahidinin həmişə yanında, gözünün qabağında, əlinin altında olmasını istəyir, özündən uzaqlaşdırmağı qətiyyən ağlının ucundan keçirmir. Qaldı sualın ikinci hissəsinə, guya, Elxan Məmmədov bu işin rəsmilik qazanmasını istəyir ki? Hakimlər Komitəsi rəsmən katibliyə tabedi və UEFA cəza verməli olsa, əsas zərbə federasiyanın özünə dəyəcək. Ancaq onlar buna inanmır, yaxud yuxarıdan gələn tapşırıq əsasında buna inanmamağa çalışırlar. Bir şeyi dəqiq bilsinlər ki, komissiya faktı obyektiv araşdırmasa, biz əlimizdəki diskləri UEFA-ya göndərəcəyik. Necə ki, 6 ay öncə AFFA və PFL-ə göndərəndə bizə şübhəylə yanaşdılar, inanmırdılar ki, bu faktları əldə edə, yaya bilərik. Hərçənd biz bu gün də bu məsələnin UEFA səviyyəsinə qaldırmaq istəmirik. UEFA müraciət edəcəyimiz sonuncu instansiya olaraq qalmaqdadı. AFFA vəziyyəti qəlizləşdirməməli, sadə və ən düzgün həll yolundan imtina etməməlidi.

- Bəs AFFA-nın dediyi komissiyanın tərkibi haqda?

- AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlapqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu keomissiya yaradılan gün mətbuata açıqlamışdı ki, burda 5 nəfər yer alıb. Adlarını məxfi saxlasa da, öyrənmişdik ki, araşdırmaya rəhbərlik Elxan Məmmədova tapşırılıb. Sərxan Hacıyev, Rəmiş Malıyev, Tuyqun Nadirov və Rüstəm Rəhimov komissiyaya seçilib. Bundan 1 gün sonra baş katib bildirdi ki, komissiya 3 nəfərdən ibarətdi, araşdırma müddəti isə 60 gün. Nadirov və Rəhimovun prosesdən kənarlaşdırılması aldığımız informasiyanı doğrulayır. Günahkarları cəzadan yayındırmaq cəhdi olmasaydı, tərkib 3 nəfərə endirilməz, birbaşa AFFA rəhbərliyinə yaxın aid edilməyən 2 nəfər kənarda saxlanılmazdı. Biz öz köməyimizi təklif etmişik. Ölkə rəhbərliyi korrupsiya ilə ciddi mübarizə aparır. Sportinfo.az olaraq AFFA-nın apardığı prosesdən kənarda qalmaq istəmirik. Xaqani Məmmədov və Asim Xudiyevi sudan quru çıxarmaq qeyri-mümkündü. Hər ikisi öz nəfsinin əsiri olub. İstənilən halda gəlin komissiyanın çıxaracağı qərarı gözləyək. Bu gün bundan artıq nəsə desək, belə fikir yarana bilər ki, biz komissiyaya təzyiq edirik. Ən yaxşısı, axırıncı deməli olduğumuz sözü əvvəldə deməməkdi. Son vəziyyətə baxacağıq.

- Komissiyadan çıxarıldığını iddia etdiyinizşəxslərin AFFA-ya, konkret katibliyə yaxın olmaması mübahisəli mövzudur. Bu haqda da kifayət qədər ifşalar yazılıb. Xaqani Məmmədov  cəzalandırılarsa, sizcə, onun yerinə kim gətirilməlidir?

- Birincisi, baş katib Rüstəm Rəhimovun yaxınlarda yol verdiyi bir səhvi ona bağışlamayıb və onu özündən uzaqlaşdırıb. Mətbuatda yazılanlar öz yerində, mənim fikrimcə, əgər söbhət Tuyqun Nadirovdan gedirsə, onun sədri olduğu Klublar Komitəsi Elxan Məmmədovun nəzarətindəki Məşqçilər Komitəsindən fərqli, formal fəaliyyət göstərməyib. Klubların ümumi maraqlarını təmin edən mövqe və qərarlar ortaya qoyulub. İkincisi, Xaqani Məmmədovun yerinə kimin gəlib-gəlməməsi məni maraqlandırmır. Gərək hamımızı o maraqlandırsın ki, futbolumuz o və onun kimi natəmiz adamlardan təmizlənsin. Və buna da çalışmalıyıq. Hakimlik mətbuatın daimi mövzusudu, sədarətində kimin əyləşməsindən asılı olmayaraq, aktuallığını itirməyən sahədi. Xaqani hakimliyi elə zibilləməyib ki, növbəti 4-5 il ciddi problemlərsiz ötüşmək mümkün olsun. Odu ki, Premyer Liqaya əcnəbi hakimlərin dəvət edilməsini indiki məqamda ən düzgün çıxış yolu sayıram. Adətən, balıq başdan iylənir. Dərd burasındadı ki, Azərbaycan hakimliyinin başı da, ayağı da iylənib.

- Əziz həmkar, Məşqçilər Komitəsinin Klublar Komitəsindən zəif olduğunu iddia eləməyinlə razılaşmadım. Ümumiyyətlə, komitələşmə siyasətinə qarşı olanlardanam, ancaq müqayisə eləsək, komitələrdən ən bərbadı elə Nadirovun saxta sədr seçildiyi Klublar Komitəsidir. Həm də komitə yeni heç nə etməyib. PFL-ə müdaxilə məqsədiylə yaradılıb, sədr də Nadirov ona görə "seçdirilib" ki.. Bu haqda tutarlı arqumentlər toplamışıq, yazarıq. Mən sualı verməkdə məqsədim o idi ki, komitənin tərkibində hüquq-mühafizə orqanlarından təmsilçi mütləq olmalıydı. Rəhimov, yaxud Nadirov nəyi üzə çıxara bilər ki bir səs yazısıyla? Bir də, əgər bu məsələ həlini tapmasa, jurnalist olaraq hansı addımlar planlamısınız?

- Mən sizin fikirlərinizə hörmətlə yanaşıram. Eyni zamanda öz mövqeyimdə də qalıram. Ramin Musayevli PFL Azərbaycana lazım deyil. Futbolun inkişafını ləngidən əsas qurum elə PFL-di. Klublar Komitəsi daha real işlərlə məşğuldu, nəinki PFL. Əslində, KK bu qurumun görməli olduğu, amma 8 ildi görmədiyi işləri görür. Başqa faktları demirəm, Premyer Liqanın yayımına görə klublara ümumilikdə 700 min manat ödənilməsi Klublar Komitəsinin uğurudu. Mən qətiyyən Tuyqun Nadirovu müdafiə eləmirəm, səsvermədə kim öz namizədliyini irəli sürdü ki, təmiz seçki də olmadı? Klublar içində ən stajlı funksioner Yaşar Seyidovdu, o da çətin vaxtda rəhbərini satan və qoyub qaçan adamdı. Ən şanslı Nadirov idi və seçildi, daha saxtakarlıq niyə? Məşqçilər Komitəsindən bir uğurlu proyekt görmədik, bunlar ancaq xarici səfərlərə yollanmağı və qarın otarmağı bacarırlar. Bəli, biz AFFA-ya fikrimizi bildirmişik ki, komissiyanın işində yaxından iştirak etmək istəyirik. Həmçinin bildirmişik ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu məsələni nəzarətə götürməsi yaxşı olardı. Komissiya düzgün istiqamətdə çalışsa, problem bütün hallarda ortadan qalxacaq. Cənab prezidentə, həmçinin DİN və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub yazaraq xahiş edəcəyik ki, bu məsələ araşdırılsın. UEFA-ya gedib çıxmasını istəmirik.

- Hesab edirsənsə ki, KK lazımlıdır, yararlıdır - buna yalnız gülə bilərəm. Qurumun sədrinin idarə elədiyi klubun nə gündə olduğunu görmək bəs edir. Növbəti sualımsa belədir: Xaqani Məmmədov sizi məhkəməyə versə, bilirsinizmi ki, səs yazısı KİV qanunu ilə yetərli fakt sayılımır. Başqa detallar varmı sübut üçün? Məsələn, şahid, yaxud hansısa digər...

- Fakt da var, şahid də var. Biz videomaterial ətrafında danışırıqsa, məncə, başqa nəisə müzakirə eləyib, mübahisəyə yol açmayaq. Mən hesab edirəm ki, aidiyyatı bütün qurumlar bu ifşa ətrafında iş görməlidir. Məhkəmə məsələnin nə yerdə olduğuna aidiyyat gətirməldiir və bununçün kifayət qədər də faktlar var.

- Kuluarlarda bəzi söhbətlər gəzir. Bu videomaterialın mənbəyi, yəni redaksiyanıza təqdim edəni Anar Salmanovdur?

- Salmanov deyil.

- Ümumiyyətlə, videonu hakimliyə aid şəxs ötürübmü?

- Bu disk 6 ay əvvəl  başqa adamlarin əlində olub. Həm Musayevin, həm də Məmmədovun, həm də futbola aidiyyatı olmayan başqa adamların.

- Uğurlar sizə. İndi yalnız o qalır ki, komissiyanın araşdırmasını gözləyək.

FutbolPress


oxunma sayı: 1454 | Paylaş:




?>