')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" sadəcə klub deyil, həm də təbliğat üsuludur" (MÜSAHİBƏ)

"Qarabağ" sadəcə klub deyil, həm də təbliğat üsuludur" (MÜSAHİBƏ)


oxunma sayı: 603 Paylaş:

FutbolPressOnunla uzun zamandır ki, müsahibə etmək istəyirdim. Lakin sözcüsü olduğu komandaya hər şeydən çox vaxt ayırdığı üçün bu, mümkün olmurdu. Sonunda vaxt tapıb, görüşə bildik. Söhbət "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan gedir. Daşıdığı vəzifə böyük məsuliyyət tələb edir. Çünki "Qarabağ" daim diqqətdədir və uğurlar qazanır. Getdikcə klubun sevənləri artır, amma eyni zamanda sevməyənləri də çoxalır. Ona görə də öz uğurları ilə bizi sevindirən "Qarabağ"ın sözcüsü olmaq asan deyil. Belə məsuliyyətli vəzifənin daşıyıcısı ilə sizləri tanış etmək qərarına gəldik.

- Nurlan İbrahimov necə "Qarabağ"lı oldu?

- 2006-cı il idi. Mən həm tələbə idim, həm də "Futbol+" qəzetində işləyirdim. Mənə dedilər ki, "Qarabağ" klubu mənim kimi birini axtarır. Yəni, ingilis dilini bilən, futboldan anlayışı və yazı qabiliyyəti olan biri lazımdır. Mən də getdim, danışdıq. Bir-iki ay sonra dərsdə idim. Zəng gəldi və məni işə dəvət etdilər. Getdim və işə başladım. 6 ay sonra isə artıq mətbuat xidmətinin rəhbəri idim. 9 ildir ki, buradayam və heç də peşman deyiləm.

"Dərslərdən yaxşı qiymətin mükafatı futbola baxmaq idi"

- Məndə olan məlumata görə, sən özün də futbolçu ola bilərdin. Alınsaydı, indi səndən "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri kimi yox, futbolçusu kimi müsahibə alırdım...

- Mən uşaqlıq illərimdən futbol həvəskarıyam. Bu idman növünü çox sevirəm. Amma o illərdə futbol indiki kimi deyildi. Bunu bilirdim, amma yenə də futbolçu olmaq istəyirdim. Lakin seçim qarşısında qaldım və mən təhsili seçdim. Futbola olan sevgimi belə izah edə bilərəm. Atam məni futbola baxmağa qoymurdu. Axşam futbola baxa bilməm üçün gərək, ən azı həmin gün müəyyən sayda dərslərimdən 5 alaydım. Yaxşı qiymətin mükafatı futbola baxmaq idi. Heç yadımdan çıxmayan bir hadisə var. 1995-ci il idi. Bir gün sonra "Milan"-"PSJ" matçı olacaqdı. Bilirdim ki, atam baxmağa icazə verməyəcək. Məsələnin bir çarəsi var idi. Atama dedim ki, "Dörd dərsin dördündən də 5 alsam, futbola baxa bilərəm?" Atam razılaşdı. Çünki əmin idi ki, bu, mümkün olmayacaq. Çünki həmin vaxtlarda cəmi 4 dərs keçirdik. Bir gün ərzində 4 dərsdən də qiymət almaq mümkün deyildi. Mən isə bunu bacardım. Hər müəllimə ayrı bir kələk gəldim. Elə etdim ki, məni dərs danışmağa çağırsınlar. Çağırdılar və 4 dərsdən də 5 aldım. Aldığım 5-ləri atama göstərdim və axşam oturub, "Milan"-"PSJ" matçına baxdım. Bu məqam heç vaxt yadımdan çıxmayıb.

"Milan"da oynamaq istəyərdim"

- Əgər futbolçu olsaydın, indi hansı komandada top qovmaq istərdin?

- "Milan"da oynamaq istəyərdim. Çünki bu komandaya mənim tam ayrı bir simpatiyam var. Azərbaycanda isə "Kür-Nur"da oynayardım yəqin ki... Çünki mən Mingəçevirdə böyümüşəm. "Kür-Nur" da həmin şəhərin komandası idi.

- "Qarabağ" kimi bir klubun mətbuat xidmətinin rəhbəri olmaq necə bir hissdir? Çünki "Qarabağ" daimi diqqət mərkəzindədir və insanların gözündə bu klub sadəcə, futbol komandası deyil...

- Bəli, "Qarabağ" sadəcə futbol klubu deyil, həm də bir təbliğat üsuludur. Misal üçün erməni lobbisinin güclü olduğu Fransa kimi ölkələrdə biz olmuşuq. Hər komanda oyundan öncə rəqib komanda haqqında saytlarına məlumat yerləşdirir. Bizdə də elə oldu. Rəqib komanda özünün rəsmi saytında "Qarabağ"ın tarixi, torpaqlarımızın işğal edilməsi barədə məlumatlar dərc etdi. İndi qrupda rəqiblərimiz dünyaca tanınan klublardır. Onlar da həmçinin "Qarabağ"la bağlı informasiyaları rəsmi saytlarında yerləşdiriblər. Bundan yaxşı təbliğat ola bilərmi? Futbol kimi geniş kütləyə təsir edən ikinci bir sahə çətin tapılar. İdman ən böyük təbliğat növüdür. Ona görə də, "Qarabağ"ın uğur qazanması çox vacibdir. "Qarabağ" mənim üçün sadəcə iş yeri deyil. Mən artıq "Qarabağ"lıyam. İşimi sevirəm və burada çox rahatam. Klubun idealları, düşüncəsi mənə doğmadır. Ona görə də, özümü başqa bir yerdə təsəvvür edə bilmirəm.

- Oyunlardan öncə telefonun susurmu? Biletlə bağlı nə qədər adam zəng edir?

- Mənim nömrəmi ölkədə bilməyən adam yoxdur. Cəmiyyətin müxtəlif təbəqələrindən zənglər gəlir. Onların bəzilərinə dəvətnamə vermək bizim üçün xoşdur. Gəlsinlər, dəstəkləsinlər. Bir media orqanından 2 nəfər iş üçün gəlirsə, digər 2-3 nəfər oyuna baxmaq istəyir. Onlara da dəvətnamə veririk. Lakin bəzi adamlarda qəribə psixologiya var. Misal üçün, oyun Tofiq Bəhramov stadionunda olacaq. Bir nəfər də bu stadionun yaxınlığında yaşayır. Orada 2 manat verib bilet almır, gəlir Suraxanıdan pulsuz bilet götürməyə... Gəlib-getməyə daha çox xərci çıxır. Əvvəlkinə baxanda indi pulsuz bilet istəyənlər azalıb.

- Sənin Türkiyə klublarına qarşı münasibətin deyəsən, yaxşı deyil.

- Mənim onlara qarşı münasibətim normaldır. Mənim azərbaycanlıların iki Türkiyə komandasına və ya başqa bir xarici komandaya görə bir-biri ilə dalaşmaları xoşuma gəlmir. Biri digərini ittiham edir, söz atır. Hətta bəzən bu söz davası, yumruq davasına gedib, çıxır. Əslində bu, geniş bir müzakirə mövzusudur. Qısa olaraq deyim ki, gəlin öz komandalarımıza sahib çıxaq. Çünki bu klublar bizimdir. 

"Sevincimdən Qurbanı qucağıma alıb, qaldırdım"



- Qurban Qurbanovla münasibətiniz necədir?

- Mən "Qarabağ"a gələndə baş məşqçi Rasim Qara idi. 2008-ci il mövsümünün başlamasına bir həftə qalmış Rasim Qara gəlib dedi ki, "Mən gedirəm, "Xəzər Lənkəran"a... Ora daha yaxşıdır. "Xəzər Lənkəran"da çempion ola bilərəm". Bizi pis vəziyyətdə qoydu. Onun yerinə isə 6 ay müddətinə Qurban Qurbanov gətirildi. Maraqlı bir məsələ var ki, biz səfərdə "Xəzər Lənkəran"a qalib gəldik və Rasim Qara istefaya getdi. Qurban müəllim "Qarabağ"a gələndə söz-söhbətlər yarandı. Deyirdilər ki, "Qarabağ" iddialı komandadır, Qurban Qurbanov bacarmayacaq. Amma indi hamı yanıldığını anlayıb. Qurban Qurbanov ilk dəfə gələndə ondakı səmimiyyəti gördüm. İnsanlarla çox sadə və səmimi münasibət qururdu. Buna görə də, onu özümə yaxın hesab etmişəm. Hətta ilk ilində kuboku qazanıb, avrokubokda iştirak etmək üçün vəsiqə qazandıq. Sevincimdən Qurbanı qucağıma alıb, qaldırdım. Həmin an qolumdakı saat yerə düşüb, itdi. İlk oyunumuz Norveçdə "Rosenborg"a qarşı idi. Qurban Qurbanov Norveçdə oyundan sonra mənə bir saat alıb, hədiyyə etdi. Hələ də onu saxlayıram. 

Qurban müəllimin ən böyük üstünlüyü öyrənməyi sevəndi. Bundan utanmır. Daim yenilik axtarır, öyrənir. Başqa klublara, məsələn "Qalatasaray", "Barcelona", "Borusiya Dortmunt" kimi komandalara gedib, nəsə görüb, öyrənməyə çalışıb. Bizdə elə bir durum var ki, mən Qurban Qurbanovla bu günə kimi bir dəfə də olsun, futbolla bağlı heç nə danışmamışam. Çünki bizdə bir qanun var, hamı öz işini görməlidir. Oyundan sonra kimsə "Gərək bu futbolçunu oyuna salardı" kimi sözlərdən istifadə etmir. Kimin vəzifəsi nədirsə, onu icra edir. Uğur da belə qazanılır.

- Sənə "Neftçi" klubundan yaxşı təklif gəlsə, daha yüksək maaş və daha yaxşı şərait vəd etsələr, "Qarabağ"ı tərk edərsənmi?

- İnsan bir yerdə nə qədər çox işləyirsə, oraya daha çox bağlanır. Mən heç vaxt "Qarabağ"ı pula, maddiyata görə tərk etmərəm. Daha yaxşı təkliflər olub, yüksək maaşlar təklif edilib. Amma getməmişəm. Bura mənim doğma yerimdir.

- Futbolçularımızın danışıq formaları tez-tez tənqid edilir. Dəfələrlə şahidi olmuşuq ki, futbolçular jurnalistlərə müsahibələr verən zaman jarqon sözlərdən çox istifadə edirlər. Bəzən özlərini ifadə etməkdə belə, çətinlik çəkirlər. Səncə bu nədən irəli gəlir?

- Avropada futbolçu yetişdirən zaman onun təhsilinə çox diqqət verirlər. Çünki araşdırmalar sübut edib ki, savadlı oyunçu, savadsız oyunçudan daha tez qərar verə bilir. Bu da oyun zamanı futbolçu üçün çox vacibdir. Misal üçün Rəşad Sadıqov Azərbaycanda topla ən yaxşı oynamağı bacaran futbolçulardan biridir. Onun danışığında da intellektual səviyyəsi hiss edilir.

"Qarabağ" əldə etdiyi uğurlar sayəsində insanların sevgisini qazanıb"

-  Bir deyim çox müzakirə edildi - "Xalqın komandası"... "Qarabağ" və "Neftçi" arasında bu ada görə "söz davası” da yaranmışdı. Bu haqda nə deyə bilərsən?

- Türkiyədə 90-cı illərə kimi "Qalatasaray" azarkeş siyahısına görə 3-cü yerdə idi. Lakin "Cimbom" Türk dünyasının yeganə UEFA Kubokunu qazanandan sonra azarkeş sayı çoxaldı. Məsələ uğurla bağlıdır. Əvvəllər Azərbaycanın futbol klubu deyəndə ağılla ilk olaraq "Neftçi" gəlirdi. İndi isə vəziyyət dəyişib. "Qarabağ" əldə etdiyi uğurlar sayəsində insanların sevgisini qazanıb. Hazırda 7 fan klubumuz var. Xanım azarkeşlərimiz də var. İnsanlar pul verib, "Qarabağ"ın formasını alırlar. Azarkeşlər, ziyalılar, tanınmış şəxslər, jurnalistlər oyuna gəlib, foto çəkirlər, paylaşırlar və dəstək olurlar. Bununla yanaşı, "Qarabağ" duruşunu da qoruyub, saxlayıb. Hətta az öncə Ağdaşdan bir dostum zəng vurmuşdu ki, ayın 5-də olan oyunumuza 2 avtobus adamla baxmağa gələcəklər. Bu, adi bir şey deyil. Ötən il rayona getməli olmuşdum. "Qarabağ"-"Neftçi" matçı var idi. Oyuna baxmaq üçün yer axtarırdım. Dedilər ki, ancaq "Qalatasaray"lıların kafesində baxmaq olar. Kafeyə getdik. Kafenin hər yerində "Qalatasaray" bayraqları, formaları asılmışdı. Sadəcə, bir ədəd fərqli klubun yekə bayrağı var idi. O da "Qarabağ"... Səbəbini soruşanda kafe sahibi dedi ki, "Biz hamımız həm də "Qarabağ" azarkeşiyik. Bayrağı da pul yığıb, Bakıdan gətirtmişik. "Qarabağ" bizim fəxrimizdir". İndi bildiniz nəyə görə "Qarabağ" xalqın komandası adlanır? // musavat.com


oxunma sayı: 603 | Paylaş:




?>