“Torbası tikilən” Biliç (YAZI)
Paylaş:
Əslində o, “Beşiktaş”a gələrkən klubda müəyyən canlanma yaranmışdı. Hər kəsin dilində bir söz var idi: “Beşiktaş” ruhuna uyğun məşqçini tapdı. Klub bunu deməklə ikili siyasət oynayırdı – həm azarkeşlərin təyziqinə məruz qalmamaq, həm də Fikrət Ormanın kreslosunu silkələnməməsini təmin etmək. Atılan bu addım öncədən planlaşdırılmışdı. Lakin rəhbərlik Slaven Biliçi gətirərkən fanat ordusunun onun arxasında bu cür dayanacağını düşünməmişdi. Öz xarakteri ilə artıq böyük bir kütləni arxasına alan, dediyi hər sözə görə azarkeşlərin alqışını qazanan Biliç mövsümün ortasından etibarən rəhbərliyin qarşısına şərtlər qoymağa başladı. Təbii ki, bu cür şərtlər külli miqdarda borcu olmasına baxmayaraq, daim yeyintili olan bir klub, onun rəhbərliyi üçün sərf etmirdi.
... Bu cür halların qarşısını almağın yalnız bir yolu qalırdı: xorvat məşqçinin “torbası tikmək”. Bəs Slaven Biliçin quyusunu kimlər necə qazdı?
- İdarə heyətində olan bir çox şəxs hər uğursuz nəticədən sonra problemi xorvat məşqçinin üzərinə atmağa başladı, “göndərək” deyə kampaniya başlatdılar. Ən pisi isə bu iyrənc oyuna klubun bəzi futbolçuları da qoşulması oldu;
- Komandada Biliçi sevənlər-sevməyənlər qrupları formalaşmasa da, xoşbəxt olanlar və olmayanlar atmosferi yarandı. Xüsusilə, oynamayan futbolçuların taktikadan və məşqçinin seçdiyi oyunçulardan şikayət etmələri gündən-günə çoxalmağa başladı;
- Nəticədə, hər şey Fikrət Ormanın istədiyi kimi yekunlaşdı və idarə heyəti Biliçin taleyini həll edəcək toplandıda qərar verdi: 500 min avroluq təzminatı gözdən çıxaran rəhbərlik xorvat məşqçi ilə yollarını ayrımağı qərara aldı.
12 mart: “Tottenhem”, “Liverpul” kimi klubları Avropa Liqasında məğlub edən “Beşiktaş”, kağız üzərində asan rəqib kimi görünən “Brügge”yə məğlubiyyət olunca hər şey dəyişdi. Fikrət Ormanın klub rəsmilərinin qaldığı otelə gəlişi və orda “kənd komandasına uduzduq” deməsi artıq nəyin baş verəcəyindən xəbər verirdi. Məhz bu anda bəzi klub rəsmiləri və futbolçuların əlinə fürsət düşdü. Əslində, Slaven Biliçin taleyi o gecə həll olunmuşdu. Bundan sonra uğursuz nəticələr və derbilərdə məğlubiyyət bir-birini əvəzləməyə başladı.
Sadəcə 10 gün içində Superliqanın zirvəsindən üçüncü pilləyə enən, çempionluq şanslarını itirən, hətta Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yalnız “Fənərbaxça”nın büdrəməsini gözləyən “Beşiktaş”da Biliçin gedəcəyi “Qalatasaray”la oyundan sonra daha da dəqiqləşdi. Oyundan sonra xorvat məşqçinin “çempion ola bilmədik və bu səbəblə burda qalacağıma inanmıram” deməsi azarkeşlər arasında böyük çaxnaşmaya səbəb oldu. İndi onlar Biliçin yox, klub rəhbərliyinin getməsini tələb edirlər.
Biliçin “Beşiktaş”la arasında olan bağların qopmasına təkcə uğursuzluq yox, eyni zamanda bəzi futbolçuların qrup yaratması da oldu. Düzdü, futbolçularda elə bir təəssürat yaranır ki, sanki onu sevməyən yoxdu. Lakin ehtiyyat oyunçular skamyasında daim əyləşənlərin xoşbəxt olmadıqları hər oyunda sezilirdi. Hələ liderliyi itirərkən Biliçin futbolçularına dediyi “kiminsə hər hansı problemi varsa, həll etməyə hazıram” sözlərə baxmayaraq, oyunçuları onunla yox, klub nümayəndələri ilə münasibət qurmağı üstün tutdular. Və bu da onun gedişini sürətləndirdi.
Bəs azarkeşlər arasında bu qədər sevilməsinə baxmayaraq, daim yerli mətbuat tərəfindən tənqid olunan Slaven Biliçin əsl problemi nədə idi? Xorvat məşqçi tribunalarda daim sevildi, enerjisi və xarakteri ilə hər zaman fərqləndi. Lakin onun “İnönü” atmosferindən uzaq qalması, hər həftə başqa bir şəhər və stadionda oynaması oyun amilinə böyük təsir göstərdi. Xüsusilə, böyük oyunlarda risk almayan oyun taktikasıvə derbilərdə qələbə qazana bilməməsi Biliçin sonunu gətirdi...
| Paylaş: