Həbsdən çıxan azarkeş: "Xəzər Lənkəran”a görə “4 divarda" ölməyə də hazıram" (MÜSAHİBƏ)
Paylaş:
2013-cü ilin avqustun 25-də "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən insidentlə bağlı saxlanılan və 3 il həbs cəzası alan "gəmiçilər"in azarkeşi Elman Tağıyevin vaxtından əvvəl azadlığa çıxdığını xəbər vermişdik.
"Eliko Lezginçik" ləqəbli fanat azadlıqda ilk müsahibəni "FutbolPress"ə verdi.
"Xəzər Lənkəran" sevgisi ilə alışıb-yanan "Eliko" bir sıra maraqlı məsələlərə toxundu:
- Həbsini necə xatırlayırsan?
- Matçın keçirilməsinə günlər qalmış hamı bilirdi ki, Lənkəranda qarşıdurma olacaq. Lakin belə hadisələrin baş verəcəyini gözləmirdim. Şəxsən özüm heç vaxt belə şeyə rast gəlməmişdim. Həmin gün stadion və ətrafı kinolardakı döyüş meydanlarını xatırladırdı. Oyundan bir saat sonra məni həbs elədilər. Həmin vaxt Göyşaban dairəsinin yaxınlığındakı Sütəmurdov körpüsündə idim. Heç bir səbəb olmadan bir neçə nəfər polis məni Post-Patrul Xidmətinin maşınına salıb, Lənkəran polis bilməsində apardı. Düzdü, səbəbini soruşdum. Dedilər ki, rəis bizə belə tapşırıb.
- Stadionda qarşıdurma olacağını hardan bilirdin?
- Həmin ilin mayın 28-i Azərbaycan Kubokunun final oyunu zamanı baş verənləri hər kəs yaxşı xatırlayırdı. Məlum məsələdən sonra hamı qisas hissi ilə alışıb-yanırdı. Hər yerdə, xüsusilə sosial şəbəkələrdə fanatlar arasında söhbətlər olurdu. Bütün bunlar göstərirdi ki, “Xəzər Lənkəran” stadionunda toqquşma olacaq.
- Polis bölməsində sənə nə dedilər? İlk gün təzyiq oldumu?
- Heç bir təzyiq olmadı. Ora düşdüyüm andan nələrin baş verəcəyini bildim. Sonra düşündüyüm kimi də oldu: cinayət işi açıldı, tanımadığım, heç bir əlaqəmin olmadığı adamlar qruplaşma yaradıb, məni şərlədilər. Təkcə məni yox, digər saxlanılan üç nəfəri də. Təqsirkarlar, “day-day”ı olanlar çöldə qaldı, biz həbs olunduq.
- Belə anlamaq olar ki, sizi əvvəldən "qaralamışdılar"...
- Bəli. Baş verən hadisələr bunu göstərir.
- Sənin ittihamnaməndə nə yazılmışdı? Qarşıdurma zamanı hansı hərəkətlər elədiyini qeyd olunmuşdu?
- Mənim ittihamnaməmdə əsgəri daşla vurub, qəsdən xəsarət yetirdiyimi yazmışdılar. Lakin həmin gün heç əsgərlə üz-üzə gəlməmişəm.
- Günahsız həbs olunmaq...
- Təbii ki, günahsız həbs olunmaq pisdi. Heç kim bunu istəməz. Lakin “Xəzər Lənkəran”a görə “4 divarda" ölməyə də hazıram. Bu həbsə görə həm sevindim, həm də kədərləndim. Lakin şər-bötan “Xəzər Lənkəran”a olan sevgim qarşısında heç nə edə bilmədi. Bu sevgi mənə hər şeyi unutdurdu.
- Səninlə birgə həbs olunan Elçin Abdullayev azadlığa çıxanda demişdi ki, azarkeşləri yuxarıdan gələn göstərişə əsasən həbs ediblər. Sən bu haqda nə deyə bilərsən?
- Reallıqla yaşayan və hadisələri diqqətdə saxlayan insanlar kimlərə görə həbs olunduğumuzu bilir. Kimlərinsə ortalıq yarışması bizim həbsimizlə nəticələndi. Bu, gün kimi aydın məsələdi.
- Necə düşünürsən, konkret hansı “dəstələr”in qarşıdurması səbəbindən həbs olundun?
- Bunu tam dəqiq deyə bilmərəm. Çox adamın burda barmağı ola bilər. Lakin hər yerdə azarkeş futbolun bəzəyidi. Anladım ki, bizdə belə deyilmiş. Bizdə hər şeyin bəzəyi adama şər və böhtan yaxmaqdı. Bunun da mahir bacaranları polislərdi.
- Həbsxanada səninlə necə davranırdılar?
- Hamı ilə necə, mənimlə də elə. Hər şey insanın özündən asılıdı. Tutulduğum gündən nə ədliyyə işçiləri, nə də DİN əməkdaşları mənə qarşı kobudluq elədilər. Əksinə, onlar mənə hər zaman hörmət ediblər.
- Ən çox yanına kimlər gəlirdi?
- Ən çox təbii ki, ailəm yanıma gəlirdi. Sonra “Green Gate 2” Azad Azarkeş Qrupunun üzvləri, komandadan Rahid Əmirquliyev və Kamran Abdullazadə gəlirdi. Həm də çoxlu dostlarım var, onlar da mənə baş çəkirdilər.
- Həbsdə olanda klubun dəstəyini hiss etdin?
- Bəli. Onlar daim əlaqə saxlayırdılar. Klubun mənim azadlığa çıxmağımda böyük rolu oldu.
- “Xəzər Lənkəran”a azarkeşlik eləməkdə davam edirsən?
- Bu klub mənim ölməz və əbədi sevgimdi. Həmişə “Xəzər Lənkəran”lı olaraq qalacağam.
- Bu il sevdiyin klub iddiasını itirdi. Bununla bağlı nə deyə bilərsən?
- Mən “Xəzər Lənkəran”ı kuboklar, çempionluqlar üçün sevmirəm. Sadəcə onun varlığı mənimçün bəsdi. Yaxşı gündə də, pis gündə də “Xəzər Lənkəran”ın yanındayam, o isə mənim ürəyimdədi. Ümid edirəm ki, komanda iddiasını bərpa edəcək.
- Səncə bu tənəzzülün səbəbi nədi?
- Bu cür hallar hər bir klubda ola bilər. Tənəzzül varsa, demək hardasa səhvlər buraxılıb. Həmin səhvləri üzə çıxarmaq, onları düzəltmək lazımdı. İnanıram ki, növbəti mövsümdən güclü “Xəzər Lənkəran” görəcəyik.
- “Xəzər Lənkəran”ın oyunlarına gedəcəksən?
- Düzdü, hazırda bəzi işlərim var. Amma qismət olsa, yenidən “Fırtınalar meydanı”ında olacam. Bunu çox istəyirəm.
- Azadlıqdasan. Yaxın zamana planların, işlәrin nәdir?
- Hələ təzə çıxmışam. Bəzi planlarım var. Nələrin olacağını zaman göstərəcək. İnanıram ki, hər şey yaxşı olacaq.
Şəfi ŞƏFİYEV
| Paylaş: