Canıyanmışlar
Paylaş:
Elə azarkeşlər var ki, içindəki enerjinin hamısını futbolun yolunda xərcləyir. Qəflət yuxusuna elə gedir ki, qayıtmağa çətinlik çəkir. Eşitməmiş olmazsınız, “Simurq” dağıla-dağıldadır. Yayılan məlumatlardan biri də odur ki, zaqatalalılardan ölkə başçısına müraciət eləyəni də var. Bilmirəm nəyi qoyub, nəyi axtarır. O qədər şeylər dağılıb ki... Üzümü tutub həmin şəxsə deyirəm ki, üzülməsin.
Əziz vətəndaşlar, son 10-12 il ərzində hər sahədə olduğu kimi, futbolda da canlanma baş verdi. Belə pis çıxmasın, valyuta axdı. Elə keçən dəfə qeyd eləmişdim ki, qazanan legionerlər oldu. Burkino-Fasodan tutmuş, Gürcüstana kimi hamını bəslədik. Hətta Azərbaycan yığmasında Ladaqa, Subaşiç, Qomeş kimi adamlar da qol vurdu. Bir dəfə Subaşiçin vurduğu qolla Bakıda Polşanı birinci hissədə 1-0 udurduq, şərhçi qayıtdı ki, bəs həmvətənlərimiz Nikolay Kopernikin həmvətənlərini məğlub edir. Gör ha.
Bəs bu qədər maliyyənin əvəzində niyə uğur qazanılmadı? Bu sualın çox asan bir cavabı var. Qeyri-peşəkarlıq. Hər gün saytları oxuyursuz. Gözlənilməz xəbərlərin mənbəyi adətən klubun daxilindəki müəyyən şəxs göstərilir. Təbii ki, ad çəkilmir. Mətbuatda bütün klublara aid belə izlər tapmaq olar. O cür adamların işlədiyi klubun kimə nə xeyri var?
Axır zamanlar “Qəbələ” futbol klubu yaxşı forma yığıb. Yəqin ki, Avropa liqasında azından iki mərhələ keçməyə gücləri çatacaq. Yəni hər şey çox da elə pis deyil və s.
| Paylaş: