')

Bu gün:


FutbolPress.Az | Rahat yat, senyor Tito. Qoy torpaq sənə ən yumşaq yorğan olsun! (YAZI)

Rahat yat, senyor Tito. Qoy torpaq sənə ən yumşaq yorğan olsun! (YAZI)


oxunma sayı: 863 Paylaş:

FutbolPressAmansız "xərçəng" özlərini heç nə ilə şübhələndirməyən insanları həyatdan aparmaqda davam edir. Bu dəhşətli diaqnoz haqqında hökm hər kəs üçün çıxarıla bilər... Bu, həyatın qanunudur. Kimlərsə bu hökmün öhdəsindən gələ bilir, kimlərsə ömrünün sonuna kimi acı nəticələrini yaşayır, çoxları isə bu hökmün birbaşa qurbanı olur. Həyat bu hökmün sonuncu bəndini o insanlara aid edir ki, onlar uğura aparan pilləkənın ilk pilləsinə qalxıblar. Bəli, həyatın qanunu Tito Vilanovaya da hökmün son bəndini aid etdi, "xərçəng" ilk pillədəcə onun ayağından yapışdı və aşağı dartdı.

Oyunçu kimi xüsusi uğurlara nail ola bilməyən Tito Vilanovaya Xosep Qvradiolanın baş məşqçisi olduğu "Böyük Barselona"nın böyük bir hissəsi olmaq nəsib olmuşdu. Elə hissə ki, o, öncə Qvardiola ilə "Barselona B"də, sonra isə nəhəng "Katalan Armadası"nda baş məşqçi köməkçisi işlədi. Qvardiola öz silahdaşı Tito ilə ən aşağı yerlərdən ən hündür zirvələrə qalxdı. Bəli, ən hündür zirvələri birlikdə, əl-ələ fəth etdilər. Elə ilk mövsümdəcə iştirak etdiyi bütün turnirlərin qalibi olan "barsaman"lar, birgə karyerasının sonunda ümumilikdə 14 titul qazandılar. Bunu kim bacardı? - Qvardiola. Pep kimlə bunu bacardı? - Məhz Tito Vilanova ilə.



Sözsüz, nə İspaniyada, nə Avropada rəqib tanımayan ideal "Barselona" həm Qvardiolanın, həm də Vilanovanın birgə qurduğu böyük bir ordu idi. Bu iki insanı çiyin-çiyinə görəndə hər kəsin onların yerində olmağı gəlirdi. Kim bilir, bəlkə də "Special One" ləqəbini doğrultmuş Joze Mourinyonun özü belə. Yoxsa, Don Joze "El Klasiko" zamanı baş məşqçinin Qvardiola olmasına baxmayaraq heç nədən Titonun gözünə barmaq soxmazdı.



Bəzən isə belə olur - ən lazımlı bütün işləri müavin görür, şöhrəti isə rəis qazanır. Ola bilər bu dəfə də eyni hal yaşandı. Amma Vilanova heç vaxt şikayətlənmədi, öz şansını gözlədi və şans gəldi. Güman ki, bu şans Qvardiolanın komandadan gedişdən sonra onunla planlaşdırılan və gözlənilən idi. Axı Pep "Barselona"nın "sükanı"nı özünün ən vəfalı dostu və silahdaşından başqa kimə tapşıra bilərdi?

Vilanova "Barselona"ya baş məşqçi təyin olundu. Onun əsas vəzifəsi Qvardiola ilə son üç ildə əldə olunmuş komanda ruhunu saxlamaq idi. Təyinat aldığı ilk mövsümdə ondan böyük titullar qazanmaq, iştirak etdiyi bütün turnirlərin qalibi olmaq tələb olunmurdu. Bunu hər kəs bilirdi, hətta Tito və Qvardiolanın özləri də. Bəlkə də o, mövsümün bütün titullarını qazana bilərdi, bəlkə də qazanmağa layiq idi, bəlkə də elə qazandığı bir La Liqa kuboku ilə bütün titulları qazanmış oldu. Yalnız onu deyə bilərəm ki, bunların "bəlkə"siz olması üçün xəstəlik Titoya imkan vermədi.



Titonun sağlamlığı ilə problemləri balacalıqdan mövcud idi. Lakin o, daim bunu rədd edirdi və hər dəfə həkimə gedəndə ağradığı yeri bərk-bərk sıxıb öz-özünə söyləyirdi - "bəlkə orda balaca bir dəmir ilişib?" O bəzən komandanın "sükanı arxası"nda olmurdu, müayinələrdən keçmək üçün səfərlər edirdi, geri qayıdırdı. Hər dəfə geri qayıdanda isə o, daha çox ruhdan düşmüş "Barselona"ya məşq keçirdi. Bir dəfə müayinə olunmaq üçün gedəndə əməliyyat olunmuşdu Tito. Həmin vaxt bütün "Barselona" dünyası "animo Tito" söyləyirdi, hər kəs onun sağaldığını, xərçəng şişlərinin yox olduğunu düşünürdü və inanırdı. Bir qədər sonra isə bu mülahizələrə son qoyulan və hər kəsi silkələyəcək xəbər yayıldı - Titoda yeni xərçəng şişi yaranıb, o, bir daha əməliyyat olunmalıdır. Amma Tito işini atmırdı, məşq bazasına gəlirdi, komandanı növbəti oyunlarına hazırlayırdı, arada isə kimyəvi terapiya və əməliyyat adı ilə ABŞ-a uçurdu, razılaşmadan yalnız müayinə olunub, geri qayıdırdı. Tito xəstəliyin komandasına zərəri olmaması üçün qəhrəmancasına çalışırdı. Təsəvvürümüzə belə gətirə bilmərik ki, o, gecələr evdə xəstəliyi ilə baş-başa olanda nə düşünürdü? O ancaq ürəyinin səsinə qulaq asa-asa başa düşürdü ki, işlər pisdir, "Barsa"nın taleyi təhlükədədir. Bəli, dəqiq deyə bilərəm, onu öz həyatından daha çox "Barsa"nın oyunları, klubun taleyi maraqlandırdı. Bunu sezmək o qədər çətin deyildi, sadəcə Titonun üzünə diqqətlə baxmaq kifayət edirdi.



Mövsümün sonuna yaxın Tito öz hakimiyyətini köməkçisi Xordi Rouraya təhvil verdi, özü isə reabilitasiya üçün iki aylıq ABŞ-a getdi. Amma o qayıtdı. Qayıtdı ki, mövsümün yeganə titulunun qazanma sevincini doğma Kataloniya ilə paylaşsın. Həmin gecə 100 min azarkeşin alqış sədaları ilə Tito meydanın mərkəzinə La Liga kubokunu başı üzərinə qaldırdı. Bəli, o, bu çempionluq ilə Qvardiolanın gedişindən sonra dillər əzbəri olmuş "Dünyanın ən ideal komandası çökdü" cümləsinin doğru olmadığını sübut etdi və "Barsa" çökmədi, yaşadı. Yaşadı, yaşadı və yaşadı. Məhz Tito sayəsində yaşadı.



Komandanı növbəti mövsümə hazırlamaq ona qismət olmadı, xəstəlik yenə baş qaldırdı və Titonun önünü kəsdi. O isə bəlkə də həyatın ən cəsarətli addımını atdı. Geridə qoyduğu mövsümdən də az komandanın yanında olacağını anlayan Tito baş məşqçilik postundan imtina etdi. Bu xəbər isə hər kəs üçün şok oldu. Rəhbərlik isə Titoya müalicəsi sona çatana kimi əmək haqqının saxlanılması ilə yanaşı vəzifə də təklif etdi. Amma o "Kamp Nou"ya heç vaxt qayıtmadı. Özünün düşündüyü mikroskopun belə seçə bilmədiyi kiçik "dəmir" onun parlaq karyerasını alt-üst etdi, sağlamlığına isə böyük zərbə vurdu. Nə təriflənən ABŞ səhiyyəsi, nə də böyük pullar ona kömək olmadı. Hətta ona bir il yaşamaq belə qismət olmadı.

2014-cü ilin aprel ayı. Bütün "Barselona" azarkeşləri üçün ən ağır ay... Bu kabuslu ayda ard-arda üç oyun məğlub olub, hər 3 cəbhədə titullara əlvida deyən "cules" üçün son zərbə həyatın Titoya oxuduğu "xərçəng" hökmü oldu. Uğursuz ayın 25-ci günü "Hospital Quiron" xəstəxanasında yerli vaxtla saat 16:32-də ömrünün 45-ci yazında Tito bu dünyaya gözlərini əbədi yumdu.

Rahat yat, senyor Tito. Qoy torpaq sənə ən yumşaq yorğan olsun! 

Şəfi ŞƏFİYEV / 26 aprel, 2014-cü il























oxunma sayı: 863 | Paylaş:




?>