')

Bu gün:


FutbolPress.Az | Futbolumuz Dövlət Proqramından hansı effekti aldı? (SORĞU)

Futbolumuz Dövlət Proqramından hansı effekti aldı? (SORĞU)


oxunma sayı: 424 Paylaş:

FutbolPress- “SON 10 İLDƏ FUTBOLA AYRILAN MALİYYƏ RESURSLARINDAN DÜZGÜN İSTİFADƏ OLUNMAYIB”

- “BU 10 İLDƏ HEÇ BİR AZƏRBAYCANLI FUTBOLÇU AVROPANIN TOP-5 ÖLKƏ ÇEMPİONATLARINDA GÖRÜNMƏYİB”

- “SON 10 İLİN 6 İLİNİ BERTİ FOQTS KİMI VAXTI KEÇMİŞ, KİMSƏYƏ LAZIM OLMAYAN, MƏŞQÇİ KİMİ TÜKƏNMİŞ BİR TƏKƏBBÜRLÜ QOCAYA QURBAN ETDİK”

- “BU 10 İLDƏ GÖRÜLƏN İŞLƏR AVROPADA 1-2 İLƏ GÖRÜLÜR”



Bu ilin oktyabrında "2005 - 2015-ci illərdə Futbolun İnkişafına dair Dövət Proqramı"nın vaxtı bitir.

FutbolPress” geridə qalan 10 ildə Azərbaycan futbolunun hansı inkişafa nail olduğu haqda tanınmış jurnalistləri və köşə yazarları arasında sorğu keçirdi.

Sorğuda iştirak fərqli fikirlər səsləndirildi. Həmin fikirlərlə sizi tanış edirik:

Erkin İBRAHİMOV (azerfootball.com saytının yaradıcısı): “Futbolun İnkişafına dair Dövət Proqramı" hazırlanan zaman baş verən hadisələrin iştirakçısı olmuşam. Əslində bu haqda fikir yürütmək çox çətindi. Milli komandanın reytinq cədvəlinə baxsaq, bu proqramı uğursuz saymaq olar. Çünki həmin vaxt millimiz indikindən irəlidəydi. Bu 10 ildə millinin nəticələri ürəkaçan olmadı. Bu, həm də uğursuz məşqçi seçimləri ilə əlaqəlidi. Foqts dövrü bitdi, ən azından ümid edirəm ki, Prosineçki millidə uğur qazana biləcək. Aşağı yaş millilərə diqqət eləsək, görərik ki, yenə də nəzərə çarpan uğurlarımız yoxdu. Məsələn, Gürcüstan və ya Belarusla müqayisə biz geridəyik. U-21 bu işi bacarmayan bir adama - Bernard Lippertə tapşırılmışdı. O komandadakı uğursuzluqlara görə, məhz onu günahkar bilirəm. Çünki aşağı yaş qruplarının uğurları qazanması üçün həm potensial və maliyyə durumu çox yaxşı idi. Bunu həm də U-19 və U-17-yə də şamil eləmək olar. Klubların durumuna gəlincə də optimist deyiləm. Əslində klublarda vəziyyət millidən daha pisdi. Çünki yığma üçün seçim kasaddı. Nə qədər əslən azərbaycanlı olanlara passport versələr də, seçim azlığı aradan qalxmır. Amma klublarda seçim daha böyükdü. İl boyu futbolçular birgə olurlar, hər həftə oyun keçirirlər, klubların isə ildə iki dəfə ligioner almaq şansları olur. Lakin buna baxmayaraq uğursuz məşqçi seçimləri, strategiya yanlışlıqları və müəyyən ideologiyanın olmaması inkişafa mane olur. Məhz bu səbəbdən geridə qalan ildə cəmi iki dəfə  klublarımız Avropa Liqasının qrup mərhələsinə düşüb. Halbuki belə sponsorlar, belə şərait, belə imkanlarla Çempionlar Liqasında oynamalıydıq. Bu cəhətdan hazırda Çingiz Abdullayevin fikirlərini dəstəkləyirəm. Demək, son 10 ildə futbola ayrılan maliyyə resurslarından düzgün istifadə olunmayıb. Bu, daha çox özünü klublarda büruzə zerdi. Hərə rəhbər postlarını öz adamına, yaxınına, qohumuna və ya dostuna tapşırıb. İdarəçilik çox aşağı səviyyədədi. Bu da milli komandaya təsirsiz ötüşmür. Neqativlər bu qədər, indi pozitiv hallardan danışım. Məsələn, bu 10 ildə infrastruktur xeyli inkişaf elədi. Bir sıra yeni stadionlar tikildi. Amma yenə deyirəm, bu bazalar, qurğular öz-özünə nəticə vermir. Ona qalsa ən yaxşı stadionlar Qətərdə və digər “körfəz ölkələr”ində tikilir, amma orda futbol azca da olsa inkişaf eləməyib. Əsas həmin qurğuları idarə edəcək adamlar lazımdı, orda oynayacaq futbolçular gərəkdi. Bütün bunlara baxmayaraq Qəbələdə, Lənkəranda yeni stadionların inşası gözəl oldu. Əgər bu əyalətlərdə həmin qurğuları idarə edəcək insanlar olmasa da, ən azından torpaq özü yetişdirəcək. Sevindirici haldır ki, gənc futbolçu yetişdirən klubların sayı da artır. Təəssüfləndirici digər məqam odu ki, qərb zonasında futbolun inkişafı dayanıb. Şəmkir, Tovuz və Gəncədə futbolun olmaması faciədi. Dediyim yerlərdə futbolun inkişafı üçün müəyyən işlər görülsə də, bu, nəticə verməyib. Bunu daha peşəkarcasına eləmək olardı. Söhbət “Futbolun İnkişafına dair Dövət Proqramı"ndan gedirsə, kütləvilik nəzərə alınmalıdı. Qərb zonasında hər zaman futbol olub, ordan həmişə yaxşı oyunçular çıxıb. Öncə buna diqqət eləmək lazım idi. Dünyaya diqqət eləsək görərik ki, ən yaxşı futbolçular paytaxtdan yox, əyalətlərdən çıxıb. Bizdə də eynidir. Yəni Qərb zonasının insanlarında futbol geni var. Sadəcə bunu üzə çıxarmaq və inkişafa dəstək olmaq lazımdı. Gələn mövsümdən hökmən bu zonaların birində Premyer Liqa oyunları keçirilməlidi. Yeni Dövlət Proqramına məhz dediyim Qərb zonası məsələsi daxil edilməlidi”.

Rüstəm ƏFSƏRLİ (İdman yazarı): “Futbolun İnkişafına dair Dövət Proqramı"nın qəbulu ilə mənim idman jurnalistikasına gəlməyim təxminən eyni vaxta düşdü. Onda böyük ümidlər içindəydik, hətta buna eyforiya da deyərdim. Bizə elə gəlirdi ki, bu Proqram bir xilaskardır; gələcək və hamımız qurtulacağıq, Azərbaycan futbolu dünya səviyyəsinə qalxacaq. Sonra gördük ki, bu proqram ölkədə qəbul edilən onlarla digər proqramdan heç nə ilə fərqlənmir. Maliyyə ayrılır, müəyyən müddət iş gedir, amma hər şey sanki yarımçıq. Bir təməllilik yox idi bu 10 ildə görülən işlərdə. Bəli, "Bakı", "Xəzər Lənkəran" və "İnter" kimi klubları biz böyük ölçüdə məhz Dövlət Proqramına və ya bu sənədlə möhkəmləndirilən bir əmrə borcluyuq. Amma həmçinin yaranması ilə dağılması 3-4 il çəkən "MKT-Araz", "Karvan" və digərlərini də. Nəticədə az-çox standartlara cavab verən iki stadion boş qalıb. Belə misallar da çoxdur. Bu 10 ildə heç bir azərbaycanlı futbolçu Avropanın TOP-5 ölkə çempionatlarında görünməyib. Azərbaycan yığması heç bir turnirin final mərhələsinə iddia eləməyib. Yeganə qeyd olunası uğur “Neftçi” ilə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində oynamasıdır. Bəli, bu, xüsusilə də Azərbaycan futbolunun 10-12 il əvvəlki durumuna baxdıqda ciddi uğurdur. Amma gəlin 10-12 il əvvəlki Azərbaycanı da xatırlayaq. Nələr dəyişib? Ölkə nə qədər inkişaf eləyib? Və bunun fonunda futbolun irəliləyişi nə qədərdir? Futbol kütləviləşdimi? Niyə Premyer Liqada cəmi 4 bölgə təmsilçisi var (Sumqayıtı çıxsaq)? Niyə Gəncədə, Tovuzda, Mingəçevirdə futbol “dirilmədi”? Niyə hələ də mövsümü yarımçıq tərk etmə xəstəliyi “sağaldılmayıb”? Bu suallara cavab almaq üçün böyük səbrsizliklə Proqramla bağlı hesabatı gözləyirəm. Olacaqmı? Rəqəmlər məni maraqlandırmır. Çünki hesabatda görülən ən xırda işlər belə şişirdilib dağ başına qoyulacaq, ölkə ərazisində salınan meydançalardan geniş danışılacaq. Hərçənd, o meydançaların nə dərəcədə yararlı və faydalı olduğunu biz hamımız bilirik. Mənə məsələyə AFFA-nın yanaşma tərzi maraqlıdır. Bu proqram bizə nə verdi? Onun çərçivəsində nəyi eləyə bildik? Nəyi bacarmadıq? Əminəm ki, bacarmadıqlarımız və ya eləmədiklərimiz tərəzidə etdiklərimizdən ağır gələr. Hər nə qədər məmurlar əksini söyləməyə çalışsalar da. Hər şeyi qara rəngdə görmək istəmirəm. Amma hər şey çəhrayı görmək üçün də heç bir əsasım yoxdur”.

İbrahim CƏFƏROV (Futbolxeber.az saytının baş redaktoru): “Bu 10 il ərzində inkişaf oldu. Heç bir inkişaf olmadı desək, yalan olar. Amma hər şey əla adlındı da deyə bilmərik. Məhz bu proqramın sayəsində son illər klub futbolunda inkişaf gözə çarpır. Əvvəlcə “Neftçi”, ardınca “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəldi. İnfrastruktur baxımından da dövlət proqramı faydalı oldu deyə bilərik. Üstəlik, ölkəmizdə 2020-ci ildə Avropa Çempionatının oyunları keçiriləcək. Bu da böyük bir futbol bayramıdır. Bütün bunlarda Dövlət Proqramının rolunu danmaq olmaz. Amma çatlışmayan cəhətlər də var. Xüsusən də milli komanda baxımından. İndi bugünə kimi görülən işlərdin ardı gətirilməlidir”.

İlkin FİKRƏTOĞLU (ATV-nin aparıcısı): "Mən o proqramda nələrin əksini tapdığını bilmirəm. Ona görə qəti cavab vermək mənim üçün çətindir. Yəqin ki, Dövlər Proqramında təməl prinsiplərindən biri kimi uşaq futbolunun inkişafı qeyd olunub. Amma bu 10 ildə uşaq futbolunun inkişafı üçün görülən işləri yetərli saymıram. Bu sahədə ənənəvi problemlərimiz yenə qalmaqdadır: savadlı, səviyyəli məşqçi qıtlığı var, "lipalaşdırma" qalmaqdadır, üzərində illərlə əziyyət çəkilən uşaq 17-20 yaşa çatdıqdan sonra futboldan "yoxa çıxır" və s. Yalnız "Qəbələ" klubunda uşaq futbolu sahəsində görülən işləri təqdir etmək olar. Son 10 ildə klub futbolunda müəyyən canlanma, irəliləyiş yaşandı. Bunu da Dövlət Proqramı ilə əlaqələndirməzdim. Sadəcə, klubların maliyyə imkanları yaxşı idi, ötən illərlə müqayisədə səviyyəli legionerlər cəlb etdilər və az-çox bəhrəsini gördülər. Məsələn, "Qarabağ", "Neftçi", "Qəbələ". Pul qurtardısa hər şey də bitdi. Sanki olmayıbmış kimi. Məsələn, "Bakı" klubu. Yaxın gələcəkdə eyni perspektiv "İnter" və "Simurq"u da gözləyə bilər. Bunu onu göstərir ki, klub futbolundakı nisbi canlanmanı Dövlət Proqramının uğurlu icrası kimi təqdim etmək yanlışdır. Milli komandadan isə danışmağa dəyməz. Son 10 ilin 6 ilini Berti Foqts kimi vaxtı keçmiş, kimsəyə lazım olmayan, məşqçi kimi tükənmiş bir təkəbbürlü qocaya qurban etdik. Hər il milyona yaxın pulumuzu aldı, nəticədə milli komandanı FIFA reytinqində 138-ci yerdə bizə təhvil verib, qaçdı. Ümumiləşdirsəm, Dövlət Proqramı Azərbaycan futbolunda ciddi inkişafa səbəb olmadı”.

Mahir RÜSTƏMLİ ("Futbol+" qəzetinin baş redaktoru): “10 il tarix baxımından o qədər böyük zaman kəsiyi sayılmasa da, hər halda, az da deyil və müəyyən dəyişiklikləri gerçəkləşdirməyə yetər. Məncə, inqilabdan sonrakı maliyyə və emosional yüksəlişin ən xoş sonucları odu ki, artıq avrokuboklarda qapazaltı sayılmırıq (hesabat dövründə iki klub Avropa Liqasının qrupuna düşüb), bir neçə klub özünə normal infrastruktur qurub, faktiki bütün yaş qrupları üzrə çempionat, müxtəlif turnirlər keçirilir, aşağı yaşlı futbolçular tez-tez ölkə xaricinə çıxır, PRO və başqa kateqoriyaları daşıyan onlarla mütəxəssis yetişib, yığma sonuncu seçmə mərhələni 4-cü yerdə bitirib və s. Amma təəssüf ki, uğurlar futbola qoyulan pulla uzlaşmır, adekvat deyil. İlk növbədə futbolun kütləviliyinə, bu oyunun hər məhləyə ayaq açmasına, millətin əsas məşğuliyyətinə çevrilməsinə nail ola bilməmişik. Tribunalar yenə boşdu, çempionat oyunları lazımi maraq doğurmur, futbolun təbliği bərbad durumdadı, istər klublar, istərsə PFL və AFFA cəviyyəsində ciddi idarəçilik yanlışları var. Yalnız o halda ölkənin sabit inkişaf yoluna qədəm qoyduğunu deyə bilərik ki, hər il klublardan biri mötəbər turnirlərin qrupuna düşsün, bütün yaş qrupları üzrə yığmalar, xüsusən də əsas komanda dünya və Avropa çempionatlarının final mərhələsinə qatılsın, ölkə xaricində azərbaycanlı futbolçulara və məşqçilərə tələbat yaransın. Kəsəsi, hesabat dövründə müəyyən işlər görülüb, amma bütün bunlar "Azərbaycan futbol ölkəsidi" və ya "Azərbaycan futbolu uğurla inkişaf edir" deməyə əsas vermir”.

Fərid ORDIYEV (Köşə yazarı): “Azərbaycan futbolu geniş anlayışdır və çoxşaxəlidir. Klubların infrastrukturu və stadionların vəziyyəti yaxşılaşıb. Amma futbol, oyun, futbolçu mənasında heç bir ciddi irəliləyiş görmürəm. Azərbaycan futbolu - Bakı futbolu ilə əvəzlənsə, daha yaxşı olar. Xərclənən və ya xərclənməli olan pullar nəticəyə hesablanmadan xərclənib. Bu 10 ildə görülən işlər Avropada 1-2 ilə görülür. Süni salınan stadionları gözə soxmaq lazım deyil. Məhlələrdə 2x2m salınan meydançalar futbolun inkişaf göstəricisi ola bilməz. Real inkişaf - düzgün sistem, 10 ilin nəticəsində işləyən mexanizmi müzakirə etməliydik. Bu sorğunun aparılması artıq göstərir ki, 10 ildə ciddi heç nə əldə olunmayıb. Əldə olunsaydı, indi "Bundan sonrakı 5 ildə nələr üzərində işləməliyik" suallı soğru keçirilməli idi. 10 ildə futboldan küsənlər futbola gələnlərdən çoxdur!”


oxunma sayı: 424 | Paylaş:




?>