Avropa Liqası: yarımfinalçılar bilindi
Paylaş:
Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Baş tutacaq 4 qarşılaşmadan sonra bütün yarımfinalçılar bilinib.
İtaliyada "Fiorentina" öz meydanında Kiyev "Dinamo"sunu qəbul edib. Kiyevdə 1:1 hesablı bərabərlik qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcəkdi. Görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb və yarımfinala adlayıb. "Bənövşəyilər"in qollarını 43-cü dəqiqədə Gomez, 90+4-də Vargas Vurub. Ukraynalılar matçın 40-cı dəqiqəsində azlıqda qalıb. Lens simulyasiyaya görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.
İtaliyanın digər təmsilçisi "Napoli" evdə "Volfsburq"la qarşılaşıb. Səfərdə rəqibinə 1:4 hesabı ilə qalib gələn Neapol klubunun artıq yarımfinala adladığını düşünmək olardı. "Canavarlar"ın evdəki məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmürdü. Bu, belə də olub. İtaliyadakı matç 2:2 hesablı bərabərliklə bitib. Meydan sahibləri 50 və 65-ci dəqiqələrdə müvafiq olaraq Kallehov və Mertensin qolları ilə önə keçsələr də, almanlar hesaba tarazlıq gətirə biliblər. 72-ci dəqiqədə Kloze, iki dəqiqə sonra isə Perişiç fərqlənib. İki oyunun nəticəsinə görə 6:3 hesabı ilə qalib gələn Refael Benitesin komandası yarımfinala adlayıb.
Rusiyada "Zenit" turnirin son qalibi "Sevilya" üz-üzə gəlib. Səfərdə rəqibinə 2:1 hesabı ilə uduzan Peterburq təmsilçisi ən azı bir qol vurub mərhələ adlamaq niyyətində idi. Əndəlusiyalılara isə istənilən hesablı heç-heçə də kifayət edəcəkdi. Görüş qonaqların hücumları ilə başlayıb. Bunun da məntiqi nəticəsi kimi "Sevilya" Bakkanın 6-cı dəqiqədə vurduğu qolla önə keçib. İkinci yarıda isə meydan sahibləri tam üstün futbol nümayiş etdirib və matçda dönüş yarada bilib. 48-ci dəqiqədə Rondon, 72-də isə Halk fərqlənib. Lakin "Zenit" üstünlüyünü 85-ci dəqiqədə əldən verib. Rusiyalıların növbəti mərhələ ümidlərini Qameyro puç edib.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" evdə "Brügge" ilə qarşılaşıb. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan Ukrayna təmsilçisi yarımfinala adlamaq üçün bu görüşdə qalib gəlməli idi. "Brügge"yə isə növbəti mərhələyə vəsiqəni təmin eləməkçün məhsuldar heç-heçə də sərf eləyirdi. Cəmi bir qol qeydə alınan matçda Dnepropetrovsk təmsilçisi minimal hesablı qələbə qazanaraq, yarımfinala adlayıb. Meydan sahiblərini qələbə qolunu 82-ci dəqiqədə Şakov vurub.
Avropa Liqası. 1/4 final. Cavab matçları
24 aprel
00:05 "Dnepr" (Ukrayna) - "Brügge" (Belçika) - 1:0
Qol: Şakov, 82 (1:0)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Kiyev. Olimpiya stadionu.
İlk oyun - 0:0
00:05 "Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Gomez, 43 (1:0), Vargas, 90+4 (2:0)
Qırmızı vərəqə: Lens, 40 ("Dinamo")
Baş hakim: Yonas Eriksson (İsveç)
Florensiya. "Artemio Franki" stadionu
İlk oyun - 1:1
00:05 "Napoli" (İtaliya) - "Volfsburq" (Almaniya) - 2:2
Qol: Kallehon, 50 (1:0), Mertens, 65 (2:0), Kloze, 72 (2:1), Perişiç, 74 (2:2)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Neapol. "San Paolo" stadionu
İlk oyun - 4:1
00:05 "Zenit" (Rusiya) - "Sevilya" (İspaniya) - 2:2
Qol: Bakka, 6-pen (0:1), Rondon, 48 (1:1), Halk, 72 (2:1), Qameyro, 85 (2:2)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Sankt-Peterburq. "Petrovski" stadionu
İlk oyun: 1:2
| Paylaş: