Bu gün:


FutbolPress.Az | Qırmızıdan qaraya, Qaradan göyə!

Qırmızıdan qaraya, Qaradan göyə!


oxunma sayı: 1539 Paylaş:

FutbolPress
faridordiyev@gmail.com
Bir şəhər, 3 rəng, ikisi fərqli, biri eyni. Bəlkə də onları cəmi bu iki şey biləşdirir: Milan və qara rəng.

Var olduqları istənilən dövrdə hər matç bir tamaşa, bir hadisə və futbolu anlada biləcəyimiz bütün özəllikləri ilə özəl olub. Turnir cədvəli, komandaların maddi vəziyyəti, zədəli və cəzalılar və bu kimi başqa amillər belə heç vaxt “Derby della Madonnina”ya kölgə salmayıb, marağı azaltmayıb. “Mehriban düşmən”lər üçün bu matçlar hər zaman mövsümün əsas oyunu kimi xarakterizə olunub.

Bu derbilərdə nələr izləmədik ki. Ronaldo-Maldini qarşıdurması, Şevçenko-Zanetti “döyüşü”, Kaka-Stankoviç dueli son illərin mənzərəsidir. İzləmədiyimiz derbilər də olmuşdu. “Milan derbisi”ndə tarixən olan rəqabət, qarşılıqlı düşmən münasibəti daha çox 50-80-cı illərdə qabarıq şəkildə görünüb. O zamanlar “neradzurri”ni çiyinlərində daşıyan Sandro Matsola və  “rossoneri”nin “qızıl oğlan”ı Canni Rivera tək meydanda və meydandan kənarda mübarizə aparmırdılar. Təsəvvür edin, o vaxtlar İtaliya millisinin hücum xəttinin əsas iki ulduzu olan Matsola və Rivera birlikdə oyunlara çıxmaqdan belə imtina etmişdilər. Birinci hissədə biri, ikinci hissədə isə digəri meydançaya çıxardı. İndi belə bir hadisə izləmək mümkündürmü? Bunu izləməyi heç təsəvvür də edə bilmirik. Futbolçularla bərabər, azarkeşlərin də mübarizəsidir bu. Məhz illərlə bu mübarizə, bu düşmənçilik, bu rəqabət bir şəhərin adını futbolun tarixinə yazmağa gətirib çıxarmışdı. Milan şəhər olaraq son 2-3 ildə ən çətin dövrünü yaşayır. Təbii ki, hər iki klubun eniş dövrü olub. Amma biri eniş dövrünü yaşayanda digəri bir növ onu sığortalayardı. Bu gün isə hər iki klubun açıq-aşkar  problemləri xirtdəyə qədərdir. Maddi, infrastruktur, heyət, futbol fəlsəfəsi və s. Problemlər çoxdur və hələ bu problemlərin həlli üçün vaxt lazımdı. Amma heç bir problem “Derby della Madonnina”nın nüfuzunu, marağını, əhəmiyyətini əlindən ala bilməz. Tarix bizə çox az belə oyunlar izləmək imkanı yaradır, bu imkandan mütləq yararlanın...

Yazarın bütün yazıları

oxunma sayı: 1539 | Paylaş: