')

Bu gün:


FutbolPress.Az | Çingiz Abdullayev: "Baş nazirin müavini mənə zəng edib deyir ki,..." (MÜSAHİBƏ)

Çingiz Abdullayev: "Baş nazirin müavini mənə zəng edib deyir ki,..." (MÜSAHİBƏ)


oxunma sayı: 1273 Paylaş:

FutbolPressBu gün Azərbaycan Kubokunun yarımfinalında "Neftçi" evdə "İnter"i 2:0 hesabı ilə məğlub etdi. "Bakcell Arena"da keçirilən matçın fasiləsində "ağ-qaralar"ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırdı. Klub rəhbəri bir sıra maraqlı məqamlara toxundu:


- Bugünkü iclasda hansı qərarlar qəbul olundu?
- Bir sıra məsələlər müzakirə olundu. “Neftçi”də Müşahidə Şurası yaradılandan sonra iki nəfəri işə götürmüşük. Bunlar Dmitri Kramarenko və Vəli Qasımovdu. Hamımızın tanıdığı əfsanəvi Sergey Kramarenkonun oğlu qapıçılar məktəbində çalışacaq. Dünyada ən tanınmış azərbaycanlı futbolçulardan biri Vəli Qasımov isə idman direktoru olacaq. Bu adamlar mənim qohumum və tanışım deyil. Onlar peşəkarlardı və istəyirik “Neftçi”də çalışsınlar. Hesab edirəm ki, onlar bu vəzifələrin öhdəsindən gələcəklər. Hələlik bununla bağlı qərar verilməyib. Ancaq biz Şurada ilkin razılığa gəlmişik. 

- Dmitri Kramarenko qapıçılar məktəbi layihəsində AFFA ilə əməkdaşlıq eləmək istəyirdi...
- Bu baxımdan heç bir problem olmayacaq. AFFA rəsmiləri və baş katib Elxan Məmmədov da burdadı. Biz “Neftçi”də qapıçılar üçün məktəb yaratmaq istəyirik və Kramarenko bizimlə işləyəcək. Təbii ki federasiya ilə də əməkdaşlıq edəcəyik.

- “Neftçi”yə gələnlər məlumdu, bəs gedənlər kimlər olacaq?
-  Gedənlər haqda danışa bilmərəm. Çünki mövsüm hələ davam edir. Bu məsələləri müzakirə etməliyik. Tezliklə bilinəcək. 

- Baş məşqçi məsələsi ətrafında söz-söhbətlər artıb...
- Bu mövzu gündəmdə deyil. Bunu məndən Lənkəranda da soruşdular. Mən bunu bilmirəm, siz harda bilirsiniz?

- Demək olar ki, bu mövsüm "Neftçi"nin yalnız kubok qazanmaq şansı qalıb. Əgər bu alınmazsa, Arif Əsədovla bağlı planda dəyişiklik gözlənilir?
- İstəyirəm kuboku qazanaq. Lənkəranda mənə sual verdilər ki, oyun 2:2 hesabla bitdi, siz necə bu oyunla kuboku qazanacaqsız? Orda biraz utandım, cavab verə bilmədim. İndi Bakıdayam, istəyirəm həmin jurnalistə cavab verim –  ay qardaş, siz heç yarımfinala çıxmamısız. Heç olmasa soruşanda biraz insafınız olsun da.

- Klubun İsmət Qayıbov stadionundakı bazasının durumu nə yerdədi?
- Hazırda maliyyə vəziyyəti ağırdı. Bu, təkcə SOCAR-da yox, hər yanda belədi. Bunu anlamaq olar, qarşıdan Avropa Oyunları gəlir. Amma inanıram ki, biz həmin bazanı tikib qurtaracağıq. Bugünkü baza bizi qane eləmir və edə də bilməz. “Neftçi” birinci komandadırsa, onun bazası da yaxşı olmalıdı. Məsələn, “Xəzər Lənkəran”ın bazasından xoşum gəldi. Orda demək olar ki, hər cür şərait var. 

- Futbolun inkişafında televiziya mühüm rol oynayır. Bizdə isə televiziya kanallarında daha çox şou proqramlar göstərilir. Sizin bunu dəyişməyə gücünüz çatacaqmı?
- Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm. Onlar 25 ildi torpaqlarımızı işğal edib, səngərdə gözləyirlər ki, gec-tez azərbaycanlıların insafı olmalı, gəlib torpaqları almalıdılar. Kanallarda isə heç nə yerində deyil. Bizdə ancaq səhərdən axşama musiqi çalınır, oynayırlar, yoğun arvadlar bişirib-yeyirlər.  Bir dəfə də olsun orda normal kitabın təbliğatını görməmişəm. Ancaq kimi şou-biznesi, restoranları reklam edirlər.Mən şadlıq evlərinin əleyhinə deyiləm, qoy olsun. Amma istəyirəm ki, normal şeyləri də təbliğ eləsinlər. Heç olmasa idmanı, futbolu reklam eləsinlər. Baş nazirin müavini mənə zəng edib deyir ki, necə olur, televiziyada "Neftçi"ni görə bilmirəm? Bilmədim ona nə deyim. Bu vəziyyəti dəyişməliyik.


oxunma sayı: 1273 | Paylaş:




?>