')

Bu gün:


FutbolPress.Az | Dronqonun gəlişi

Dronqonun gəlişi


oxunma sayı: 1385 Paylaş:

FutbolPress
qismet1986@gmail.com
Pivə sezonu üçün çoxseriyalı lakkırtı 

Birinci seriya
. Artur Konan Doylun goruna ithaf olunur.

Metro elə təzəcə yerindən tərpənib iynətək dəmir gövdəsini tunelin qaranlıq damarına saplamışdı ki, narahat və utancaq bir əl düz başımın üstündəki tutacaqdan yapışdı. Beş stansiyadı tərbiyəli ev uşaqları kimi başımı aşağı salıb “subway surfer”də level dalınca level keçsəm də, "zaryadka"mın gələcəyini düşünüb virtual qəpiklər dünyasına əlvida dedim. Başımı qaldırıb gördüm ki, tutacaqdan yapışan əlin sahibi iri koka-kola gözlərini qırpıb sağa-sola boylanan, kibrit çöpünə qohum arıqlıqda hicablı bir xanımdı. Tez milli-mənəvi dəyərlərimizə layiq dünya səviyyəli bir hərəkət eləyib yerimi xanıma verdim. Ayağa durandan bir dəqiqə sonra, gözlərim xanımın biləyinə sataşdı. Utandığımdan baxıb-baxmamaq arasında tərəddüd etsəm də, içimi yeyən maraq qurdunun acgözlüyünə məğlub olub, qonaqları vaxtından əvvəl gələn ev sahibi tələsikliyi ilə xanımın biləyinə bir də baxdım. Anlamışdım, biləyinə salavat cihazı taxmışdı. Bu cihazların balaca düyməsini tez-tez sıxmalısan, rəqəmlər ferrari spidometri kimi artır və sən çoxlu savab qazanırsan. Əsas odur ki, düyməni özün sıxasan, başqası sıxsa, sayılmır.

Növbəti stansiyada insanların yorğun ayaqlarının arasından içəri dürtülən dilənçi uşaq dəqiqəbaşı güzgüdə özünə baxan, nəm salfetlə əlini silən aşırı gigiyenik qadının yubkasını dartıb pul istəyəndə, xanım əfəndi teatral bir ədayla “fuu” eləyib “əl çək” – dedi. Uşaq qışqıra-qışqıra qadını söyməyə başladı, tutub kənara çəkdilər. Vasvası təmizkarlıqdakı madmazel deyinməyə başlayanda, əlizənbilli kənd arvadlarından birinin sosial ədalət damarı tutdu: “Az nə çığırırsan uşağın üstünə?! Əppəyi yoxdu da, neynəsin, ölsün?! Gözünü də süzmə elə, sən bilirsən mən kimin qızıyam – Qara Möhlətin!”
Madam ki, metrodakıların hətta atasının adını bilmək şərəfinə nail oldunuz, onda özümü təqdim etməyin vaxtıdı. Mən bu hekayənin qəhrəmanıyam, amma özümü dədə-baba qaydası ilə təqdim etmək istəmirəm. O vaxt işə düzələndə uşaqlar mənim üçün bir CV doldurmuşdular, deyirəm elə burda da karıma gələr. Buyurun:

CV-mə əlavə etmədiyim vacib bir məqam var ki, onu da deyib, keçmək istəyirəm metro ilə hara və nə üçün getdiyimi, başıma nələr gəldiyini anlatmağa. CV-mdə yazmamışam, heç kimə deməyin: hobbim meyxana  əzbərləməkdi. Özümdən asılı deyil, beynimdə daim əvvəlcədən deyilmiş qafiyələrə meyxana qoşuram. Məsələn, birdən ayılıram ki, bayaqdan mənə nəsə deyən adama qulaq asmağa çalışsam da, beynimdə ayrı bir pəncərə açıb qafiyə axtarıram.


Ad, soyad Ruslan Rast
Doğum tarixi 01.04.84
Əlaqə
 
Bakı, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsi 66.
Tel.: Yoxdur
Mob. tel. :  051 345 15 45
E-mail: ruslan-rast@rambler.ru
Təhsil 2001-2005: Kooperasiya Universiteti, Dünya iqtisadiyyatı və kommersiya fakultəsi, bakalavr.
İş stajı “Milli Fikir” jurnalında şef redaktor
Dillər Azərbaycan – əla
Türk – yaxşı
Rus – normal
İngilis – zəif
Kompüter bilgiləri Word, excel, power point, internet.

***
Gözəl və mehriban Bakının küçələrinə aramsız yağan narın yağış adamı kafelərə tərəf sürükləyir, yeməklər gələnə qədər paltolu-paltolu əlli qram gillətməyə  təhrik edirdi. Bunu metrodan çölə çıxan kimi hiss eləyən bəndəniz, “Neftçi” futbol klubunda baş verən qəribə hadisələrlə bağlı araşdırma yazımı yazmaq üçün inamlı addımlarla irəliləsəm də, arabir fikrimi dəyişib rastıma çıxan ilk xəngəlxanaya girmək, əlli qram içəri atıb sonra yemək gələnə qədər dadlı bir siqaret çəkmək istəyi ilə yanıb-qovrulurdum. Üz tutduğum ünvana çatmağıma 4-5 küçə qalmış qəfil ayıldım ki, yenə ürəyimdə məşhur qafiyələrdən birinə meyxana qoşuram.
 
Məndə olan ton necədü, yaxçıdu?
Əldə mikrafon necədü, yaxçıdu?
 
Şəhrimizdə səydərəş də, dəli də var,
Gicbəsər də, boşboğaz da, zəli də var,
Burda çujoy qüvvələrin əli də var,
Hamsı da masson, necədü, yaxçıdu?
Əldə mikrafon necədü, yaxçıdu?
 
Məhlədə bir zor civi var – Aykadı,
Üzdən mələk, daldan balalaykadı,
O gün mənim bir şəklimi laykladı,
Yazdı ki, “pardon”, necədü, yaxçıdu?
Əldə mikrafon necədü, yaxçıdu?

Ardı var...


Yazarın bütün yazıları

oxunma sayı: 1385 | Paylaş:





?>