')

Bu gün:


FutbolPress.Az | "Kaş Yazıçılar Birliyini ləğv edib, yerində "Yazıçı" futbol klubu yaradaydılar" (SORĞU)

"Kaş Yazıçılar Birliyini ləğv edib, yerində "Yazıçı" futbol klubu yaradaydılar" (SORĞU)


oxunma sayı: 1394 Paylaş:

FutbolPressİsa Qəmbər: “Mübariz Mənsimov, Abdulbari Gözəl, Sadıq Sadıqov klub prezidentləri ola bilər, Çingiz Abdullayev yox?”

Elnur Astanbəyli: “Kaş Çingiz Abdullayevin katibi olduğu Azərbaycan Yazıçılar Birliyini yerli-dibli ləğv edib yerində ”Yazıçı” futbol klubu yaradaydılar”.

Günel Mövlud: "Başa düşmədim, həmin adam Çingiz müəllimlə məzələnir, yoxsa futbolumuzla?"

Son günlər ölkənin bir nömrəli xəbəri Azərbaycan detektiv yazıçısı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Abdullayevin "Neftçi" rəhbərliyinə gətirilməsi oldu. İstər sosial şəbəkələrdə, istər mediada dünyaca məşhur yazıçının öz sahəsindən kənar yerə təyinatı - bu ekzotik mövzu haqda müxtəlif fikirlər səsləndirildi, müzakirələr açıldı.

Məsələ ilə bağlı tanınmış siyasətçiləri, qəhrənmanın qələm yoldaşları - yazıçılar və nasirlər arasında sorğu keçirdik. Onlar "FutbolPress"ə açıqlamalarında maraqlı fikirlər səsləndirdilər: 


İsa Qəmbər (ictimai-siyasi xadim, tarixçi, Müsavat Partiyasının sabiq başqanı): "Çingiz Abdullayevin təyinatını sensasiyaya çevirmək lazım deyil. Burda qeyri-adi heç nə yoxdu. “Neftçi”dəki yeni şəxslərə zaman vermək lazımdı. Müəyyən vaxtdan sonra nəticələri qiymətləndirsək, daha yaxşı olar. Mübariz Mənsimov, Abdulbari Gözəl, Sadıq Sadıqov klub prezident ola bilər, Çingiz Abdullayev yox? Hesab eləmirəm ki, adlarını çəkdiyim adamlar Çingiz bəydən daha yaxın idilər futbola".

Fazil Mustafa (Milli Məclisinin deputatı, fəlsəfə elmlər namizədi): "Maraqlı seçimdir. "Neftçi" indiyə qədər hansı janrda oynayırdı, açığı, anlamaq mümkün deyildi. Nə roman kimi roman, nə nağıl kimi nağıl janrında oynayırdılar. Daha çox faciə janrına uyğun gəlirdi. İndi müsbət tərəfi budur ki, bu komandanın oyun janrı artıq bəlli olacaq. Çingiz bəy komandanı detektiv janrında oynatsa, o zaman xeyli sürprizlərə hazır olmalıyıq. Çünki ədəbiyyatda ancaq detektiv janrı ilə dünyaya çıxa bildiyimiz kimi, futbolda da ancaq bu janrda nə isə edə bilərik. Bütün hallarda savadlı və dünyagörmüş adamların kənar sahələrdən olsa belə, bu postlara gətirilməsinin, məncə, faydası ola bilər. Çingiz Abdullayevə uğurlar arzulayıram". 

Aqil Abbas (Milli Məclisin deputatı, Yazıçılar Birliyinin üzvü): "Azərbaycan futbol klublarının prezidentlərindən kim bu sahə ilə məşğul olub ki? Heç kim! Oyunu futbolçular oynayır, məşqçi oynadır. Prezident isə komandanın təşkilati məsələlərinə rəhbərlik edir. Prezident məşqçi işinə qarışsa, o komanda heç nə qazana bilməyəcək. O, məşqçinin sözü ilə oturub-durmalıdı, məşqçi prezidentin yox. Rəhbərlik məşqçinin tələblərini yerinə yetirməlidi. Çingiz Abdullayev görkəmli yazıçı, gözəl ziyalıdı. Onun bu vəzifəyə təyin olunmasında təəccüblü heç nə yoxdu. Mən də vaxtilə “Qarabağ”ın fəxri prezidenti olmuşam. O komanda üçün özümü öldürmüşəm. Mən ziyalılarımızın futbolumuza belə diqqət yetirməsini alqışlayıram. Müşahidə Şurasının üzvləri arasında Bəhram Bağırzadə də yer alıb. O, futbolu çox sevən və bilən adamdı. Azərbaycanda futbol klubu yoxdu, futbol komandaları var, bir də prezidentləri. Yəni, klub kimi fəaliyyət göstərmirlər. Klub tam ayrı şeydi. Burda çoxlu üzvlər olur, prezident isə onların arasından seçki yolu ilə seçilir. Bizdəki kimi təyinat olmur. Avropanın, dünyanın bir çox ölkələrində klub rəhbərləri belə seçilir. Klubun üzvləri komandaya lazımi anda bütün məsələlərdə birləşir və uğurlar qazanmaq üçün bir-birinə köməklik edirlər. Bəzi xarici klubların 5000 üzvü var. Məsələn, maddi çətinlik yaranan kimi, hərəsi 10 dollar verir, görün hara çıxır? Allaha şükür, bizdə fanklublar yaranır. Futbol klubu isə hələ ki yoxdu. Çingiz Abdullayevin təyinatı və “Neftçi”də Müşahidə Şurasının yaradılması klubun yenidən əmələ gəlməsi üçün atılan bir addımdı. Gələcəkdə də üzvlərin siyahısı arta bilər. Əsas komandaya olan sevgidi. Çingiz Abdullayevin də bu kluba sevgisi var". 

Qan Turalı: (Köşə yazarı, publisist): "Hər şey normaldı. Burda təlaşlı heç nə yoxdu. “Neftçi” mənim sevimli komandamdı. Çingiz Abdullayevə uğurlar arzulayıram. Ümid edirəm ki, uğur qazanacaq".

Elnur Astanbəyli (şair, publisist): "Kaş Çingiz Abdullayevin katibi olduğu Azərbaycan Yazıçılar Birliyini yerli-dibli ləğv edib, yerində ”Yazıçı” futbol klubu yaradaydılar. Bununla da o təşkilatın anti-ədəbiyyat fəaliyyətinə son qoyulmuş olardı. AYB yarandığı gündən bu çağacan ədəbiyyatı futbol kimi ayağında oynatmaqla məşğuldur. Son illərdə isə bu psevdobirlik ədəbiyyatdan tamamilə qopub, hazırda ədəbi proses AYB-dən kənarda cərəyan edir, bu təşkilatın ədəbiyyatla hər hansı bağlılığı qalmayıb. Belə desək,  “ofsayda düşüb". Üstəlik, detektivi ciddi ədəbiyyat hesab etmədiyim üçün Çingiz Abdullayev mənə görə heç yazıçı da deyil, o ədəbiyyatda elə bir növ “topdaşıyanlıqla” məşğul idi, bu mənada onu futbola yad adam saymaq da olmaz. Onun yazmağındansa, elə futbolla məşğul olmağı daha xeyirlidir. AYB katibinin futbolu necə yarıdacağına gəlincə, özümüzü aldatmayaq, əslində Azərbaycanda həqiqi mənada futbol yoxdur, futbolun karikaturası var. Bu mənada indi Çingiz Abdullayevin, günü sabah Anar Rzayevin, yaxud Baloğlan Əşrəfovun nəinki hansısa klubun prezidenti, hətta baş məşqçisi, lap belə hücumçusu-zad olmasına təəccüblənməyin özü təəccüblü olardı. Necə deyərlər, “elə başa belə daraq".

Həmid Hərisçi (yazıçı): "Çətin anlarda gəminin kapitanı öz yerini tərk etməməlidi. Görünür vəziyyət həddindən artıq ağır olub ki, ölkənin ən məşhur və dünyaca tanınan detektiv yazıçısı Çingiz Abdullayev ora təyinat alıb. Bu özü sadə məsələ deyil. Gələcək uğurları haqda danışmaq istəmirəm, məsələ təyinatdadı. Bu yerdəyişmə bəzi ziddiyətlər yarada bilər və nəyinsə acı durumundan xəbər verir. Zaman göstərəcək ki, Çingiz Abdulayevin istedadı “Neftçi”yə nə verəcək. Amma istənilən halda alqışlayıram. Bu təyinat həm də futbolumuzun ağır vəziyyəti haqda siqnaldı. Sanki Çingiz Abdullayev “Neftçi”yə komissar kimi gəlib. Necə ki Stalinin dövründə belə hallar olurdu. Yəni onlara xüsusi tapşırıq verilirdi ki, gedin, bu sahəni düzəldin. Məncə, Çingiz Abdullayev bunu bacarar. İstərdim, bu, uğurlu olsun".

Günel Mövlud (şairə, publisist, tərcüməçi): "Çingiz Abdullayevin bu təyinatını çox böyük maraqla qarşıladım. Hiss olunur ki, təyinat verənin yumor hissi yetərincə güclü olub. Amma başa düşmədim, həmin adam Çingiz müəllimlə məzələnir, yoxsa futbolumuzla? Ümid edirəm ki, Çingiz Abdullayev heç olmasa futbolçularımıza kitab oxutduracaq - ən azı, öz əsərlərini. Yoxsa ki futbolçularımızın intellektual səviyyəsi acınacaqlı vəziyyətdədi. “Neftçi”nin bundan sonra uğurlaq qazanacağını deyə bilmərəm. Lakin həyat bəzən çox pis zarafatlar edir, hər şey ola bilər". 

Cəlil Cavaşir (yazıçı, tərcüməçi, ssenarist): "Çingiz Abdullayev hər zaman futbolçu kimi bayrağımızı qaldırıb, himnimizi səsləndirib. Əslində gözəl hücumçudur. Təvazökarlıq edib xalqdan gizlədirdi indiyə qədər. 50 yaşına qədər formada olub. Ara-sıra detektiv romanlar yazmasına baxmayın, futbolu "sökəcək". Düzü bu xəbərə çox sevindim. Xeyli duyğulandım. İndiyə qədər Çingiz müəllimin  yolunu həmişə kəsiblər. Sağ olsun dövlətimiz! Yaxın vaxtlarda mükəmməl bir "Neftçi" görəcəksiniz. İnanın hər şey möhtəşəm olacaq. Tezliklə özünüz görəcəksiniz. "Neftçi" Avropa Liqasını-zadı alıb gətirəcək. Yaşasın gözəl yazıçı-idmançı Çingiz müəllim”!

Aqşin Yenisey (yazıçı, şair, publisist): "Bu haqda biraz fatalist tərzdə düşünürəm. Bu təyinat çox güman ki, kimin öz yerində olacağını göstərəcək. Bununla da futbolumuzda təmamilə yeni bir səhifə açılacaq. Kənardan gələn şəxsin futbola qayğı göstərməsilə onun inkişaf edəcəyini düşünmürəm. Yumorstiklərin, yazıçıların və ya rəssamların futbola cəlb olunması nə dərəcədə doğrudu, anlaya bilmədim. Ona görə də bu təyinata ədəbiyyatın imkan verdiyi janrlararası məsafədən baxmaq istəyirəm. Bugün futbolumuzun taleyi özü elə tragikomikdi. Ola bilsin, bu bir tələb idi və rəhbərliyi belə seçdilər. Hər halda uğurlar arzu edirəm. Belə bir təcrübənin dünya futbolunda olduğunu bilmirəm. Dünya futbolunda yazıçıların kluba nəzarət elədiyini bilmirəm, mən sadəcə bu oyuna azarkeş mövqeyindən yanaşıram. Futbolun texniki tərəflərini o qədər də dərindən bilmirəm. İstənilən halda uğurlar arzulayıram. Eksperiment kimi izləyək, görək axırı necə olacaq? Əgər uğur qazansalar, Azərbayacanda xeyli xalq yazıçısı, yumorist var ki, öz işi ilə məşğul deyillər. Elə bundan sonra onların hamısını futbol klublarının rəhbərliyinə gətirmək lazımdı".


Şəfi ŞƏFİYEV


oxunma sayı: 1394 | Paylaş:




?>