')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisinin baş məşqçisi: "Bura uşaq baxçası deyil" (MÜSAHİBƏ)

Azərbaycan millisinin baş məşqçisi: "Bura uşaq baxçası deyil" (MÜSAHİBƏ)


oxunma sayı: 370 Paylaş:

FutbolPress19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam affa.az-a müsahibə verib. Təcrübəli mütəxəssis elit-raunddakı hədəflərindən danışıb.

- Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamız hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçdi və iki yoxlama oyununda qüvvəsini sınadı. Əvvəlcə Almaniyadakı toplanışı dəyərləndirməyinizi istərdik...
- Almaniyadakı toplanış yaxşı keçdi. İki yoxlama oyunu keçirdik. İlk matçda “Düsseldorf”un əvəzedici heyəti ilə qarşılaşdıq. Həmin komanda Almaniyanın 4-cü divizionunda mübarizə aparır və 6-cı pillədə qərarlaşıb. “Düsseldorf” güclü komandadı. Son 10 dəqiqədə qapımızdan 2 top buraxıb məğlub olduq. Cinahlarda buraxdığımız 2 səhv qolla nəticələndi. Çoxlu əvəzetmələr edərək hər futbolçunu yoxlamaq imkanı əldə etdik. “Düsseldorf”u ona görə seçmişdik ki, elit-raundda bizi təxminən bu səviyyədə rəqiblər gözləyir. Əks-hücumlarda qol vəziyyətlərini dəyərləndirə bilmirsənsə, uduzacaqsan. Əks-hücumlarda əldə etdiyimiz imkanlardan maksimum yararlanmalıyıq. Komanda tam olaraq bütün diqqətini bu oyunlara yönəldib. İrlandiya yığmasına böyükhesablı məğlubiyyətdən sonra futbolçular xəyallar qurmurlar, reallığı daha yaxşı hiss edirlər.

- Komanda artıq Fransadadı və 2 gündən sonra elit-raund mərhələsinin oyunları başlayacaq. Millimiz oyunlara nə dərəcədə hazırdı?
- Yüz faiz hazırıq. Artıq hər şey futbolçulardan asılıdı. Onlar hansı səviyyədə olduqlarını nümayiş etdirməlidilər. Biz onları yaxşı hazırlamışıq. Kifayət qədər beynəlxalq oyun təcrübələri var. Bu, onlar üçün növbəti addımdı. Elit-raundda zəif rəqib yoxdu. Oyunlarda daha diqqətli olmalıyıq. Ani boşluq buraxsaq, məğlub olarıq.

- Yığmamız kifayət qədər güclü qrupda yer alıb. Meydan sahibləri Fransa, eləcə də İngiltərə kimi futbol ölkələri ilə mübarizə aparacağıq. Eyni zamanda, Danimarkanın özü kifayət qədər güclü rəqibdi. Rəqiblər haqda məlumat toplamısınızmı?
- Əlbəttə, məlumatımız var. Oyunlarına baxmışıq, təhlil etmişik. Rəqibi araşdırarkən adətən zəif cəhətlərini aşkarlamağa çalışırsan. Demək olar ki, zəif cəhətləri yoxdu. Ancaq bu o demək deyil ki, bura turist kimi gəlmişik.

- Hansı rəqiblə hansı taktika ilə mübarizə aparacağınızı müəyyənləşdirmisinizmi?
- Xeyr. Çünki son “18-lik” bugünkü məşqdən sonra məlum olacaq. Açığı, “18-liy”i müəyyənləşdirməkdə çətinlik çəkirik. Bu, digər tərəfdən yaxşıdı ki, seçim imkanımız genişdi. Zədəli olduğu üçün Mansur Nahavəndi komandaya kömək edə bilmir. Zədəli olmasaydı belə, cəzalı olduğu üçün ilk oyunda oynamayacaqdı. 4 futbolçu sarı vərəqə limitindədi. Bunların hamısını nəzərə almalıyıq, diqqətli olmalıyıq. Komandadakı futbolçuların, demək olar ki, hamısı eyni səviyyədədi. Hər hansı biri oynamasa, digəri çıxıb layiqincə əvəz edəcək.

- Futbolçular psixoloji cəhətdən Fransa, İngiltərə kimi komandalara qarşı oynamağa hazırdılarmı?
- Bu istiqamətdə onlarla çalışırıq. Əsasən də İrlandiya yığmasına 0:6 hesablı məğlubiyyətdən və U-17-nin elit-raunddakı nəticələrindən sonra onları nələrin gözlədiklərini bilirlər. Bura uşaq baxçası deyil. Biz bu mərhələyə təsadüfən yüksəlməmişik. Futbolçular sübut etməlidilər ki, biz elit-raunda təsadüfən gəlməmişik. Komandanın 60 faizi növbəti seçmə mərhələdə də çıxış edəcək. Bu futbolçular daha əvvəl də təzyiq altında oynamağı bacarıblar. İnanıram ki, burada da bacaracaqlar. Əlimizdən gələni edəcəyik.


oxunma sayı: 370 | Paylaş:




?>