"Borussiya"da Marko Roys şoku
Paylaş:
"Borussiya" Dortmund ciddi itki ilə üzləşib.
Fevralın əvvəllərində klubla müqaviləsinin müddətini 2019-ci ilin yayına kimi uzadan Marko Roys Almaniya kubokunda "Dinamo" Drezdenə qarşı görüşdə (2:0) zədələnib.
İlk hissənin ortalarında rəqiblə toqquşmada xəsarət alan vinqer matçı davam etdirə bilməyib və Henrix Mxitaryanla əvəzlənib.
Həkimlərin ilkin rəylərinə görə, 25 yaşlı futbolçunun sol diz oynağında problem yaranıb. Zədənin ciddiliyi və bərpa müddəti yaxın günlərdə bilinəcək.
Bu mövsüm Marko Roys Bundesliqada keçirdiyi 13 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.
Almaniya millisinin üzvü DÇ-2014-dən əvvəl də yığmanın heyətində Ermənistana qarşı görüşdə ağır zədə almış və Braziliyada keçirilən turniri buraxmaq məcburiyyərində qalmışdı.
| Paylaş: