')

Bu gün:


FutbolPress.Az | Bizim Nazim

Bizim Nazim


oxunma sayı: 1292 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Futbolçu və futboldan sonrakı  karyerasından yalnız müsbət məqamları yazdığımız, bunu haqq eləyən lap az nümunə var. Nazim Süleymanov o sıradadı və o, bizim sevimlimizdi.

Əslən Lerikdən olan, Sumqayıt yetirməli bu sadə təbiətli, səmimi insan Azərbaycan futbolunda ən irimiqyaslı ayaqlardandı. O ayaqlar Rusiya  futbolunda da iz qoyub. Şimaldakı karyerasına Moskva "Spartak"ında başlasa da, 1996-cı ildə Vladiqafqaz "Alaniya"sı ilə elə onların hegemonluğuna son qoyur. Valdiqafqaz xoşbəxtdi - "Alaniya" çempion olub və bunun böyük payı həmin mövsüm bombardir olan Nazim Süleymanova düşür. Şimali Osetiyanın  qəhrəmanı -  Süleymanov!

Orda onu bizdən çox dəyərləndiriblər, çox istəyiblər.

Süleymanovun məşqçi karyerası da Rusiyada - "Jemçujina"da (Soçi) başlayıb. Sonra... Ölkə futboluna ən populyar klub kimi damğasını vuracaq "Xəzər Lənkəran" yaranacaqdı və o komandanı formalaşdıran da Süleymanov olacaqdı. Və ordan da dəyər və hörmətin, peşəkalığın  itdiyinə görə ayrılacaqdı.

Süleymanov futbolçu kimi təsdiqlənmiş brend olduğu kimi, məşqçilikdə də mahirliyini sübut eləyib. 2009-2011-ci illərdə çalışdırdığı, o vaxt "Olimpik-Süvəlan" adlanan AZAL-ı Avropa Liqasına çıxarmaqla alqışları haqq elədi.

Son iş yeri "Neftçi" olub. Ordan da tez ayrılıb. Çünki "Neftçi"nin komanda siyasətinə etiraz eləmişdi. Ora gedəndə klubun  ictimai imicinin normal olmadığını çoxu kimi o da bilsə də, pozitivliyə güman bağlayıb getmişdi - alınmamışdı. Vaxtında istefasını verib, çəkildi kənara.

"Bizim Nazim"in karyerasına nəzər salmaqçün yazmadım, onsuz "google"də bu məlumatların hamısına və daha artığına baxa bilərsiz. Məqsəd Azərbaycanın həmişə axsayan, ayağı olanda başı olmayan, başı tapılanda ayağı itən futbolunda böyük miqyasda ad olan bir şəxsin 50 ilinə təbriki -  ürəkdən gələnləri yazmaqdı.

Şimali Osetiya bizdən daha yaxşı keçirdir onun yubileyini... Süleymanov həmişə pozitiv olub. Şikayətcil, şəxsi mənafeyə işləyən, ətrafdan narazı tiplərdən deyil - özünü təsdiq elətdirməklə qiymətini almağı sevən şəxsiyyətdi.

O, Azərbaycan futboluna aid nəyisə öyrənmək istəyəndə, kiminsə haqqında fikir bilmək istəyəndə ən soruşmalı adamdı. Biz onun səmimiliyinə, dürüstlüyünə, hər şeyin rəngini, çəkisini, dəyərini dəqiq verəcəyinə həmişə inanmışıq və yanılmamışıq. Bizə nəsə aydın olmayanda Süleymanovdan soruşarıq və onun deyəcəyinə qəti inanarıq. Bu inam qızıldan dəyərli, əzəmətli yaşıl meydan kimi bir şeydi...

50 yaş.. İkinci taym yeni başlayıb, Süleymanov. Əsas vaxtı uğurlu keçirməyinizi,  hakimin artıracağı əlavə vaxt olarsa, onda da tempdə qalmağınızı arzulayırıq. Siz əvəzolunmazsız, biz sizi izləyirik..
Təbrik edirik!

Yazarın bütün yazıları

oxunma sayı: 1292 | Paylaş:





?>