Xorvat yeyir
Paylaş:
Həmin vaxt Elxan Məmmədov keçmiş futbolçu Şimiçi dünya çempionatının xoşməramlı səfiri təyin eləmişdi. Vəzifənin adını dəqiq xatırlamıram, ancaq xoşməramlı səfir kimi bir şey idi. Şimiç paytaxtımıza təşrif buyurdu, şəhərimizin gözəlləşdiyini, milli mətbəximizi həddindən artıq bəyəndiyini, Azərbaycanda futbola dövlət qayğısını dilə gətirdi. Onu da bildirdi ki, Elxan Məmmədovun yaxın dostudu. O dəqiqə bildim ki, Foqtsdan sonra baş məşqçi xorvat olacaq. Ya da ki, bir dənə başqa cümlə də yazım, inandırıcı olsun. Prosineçki söhbəti çıxanda başa düşdüm ki, işin içində Şimiçin barmağı var.
Elxan Məmmədovdu da. Əl-ələ verib xaricilərlə pul qazanır. Camaat cəfa çəkib neft çıxarır. Gəl ki, səfasını xaricilər görür. Deyirəm, vallah, halaldı avropalılara. Yaradırlar da konkret. Yanacağı bəridən alırlar, sonra verdikləri pulu futbol kimi gic-gic şeylərin hesabına geri alırlar. Heç kimin də ruhu incimir.
İndi bu Prosineçki də yeyinti alətlərindəndi. Amma bu Foqtsdan təhlükəsizdi. Foqts özü də yeyirdi. Necə olubsa, Ukraynadan klubsuz futbolçu millimizə dəvət olunub. Elxan Məmmədovun hesabına o yazıq da bir gün görəcək. Düzdü, Azərbaycan yığmasında oynadığına görə Ermənistan klublarında forma geyinə bilən deyil, amma şükür eləsin. Şamil Qurbanovu gördüz də. Ermənilər onunla müqavlə bağlamaqdan vaz keçdi.
Bildiyiniz kimi Ukrayna ağır günlərini yaşayır. Bəlkə də baş katibin həmin gəncə yazığı gəlib. Fikirləşib ki, “Sumqayıt”da bir nəfər artıq olanda dünya dağılmaz.
Üzümü Elxan Məmmədova tutub demək istəyirəm ki, məni də milli komandaya çağırsın. Yox əgər milli komanda alınmırsa, AFFA-ya çağırsın. Gəlib futbolumuzun gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparım.
| Paylaş: