')

Bu gün:


FutbolPress.Az | Niyə bizdə o əjdəhadan yoxdur?!

Niyə bizdə o əjdəhadan yoxdur?!


oxunma sayı: 1084 Paylaş:

FutbolPress
faridordiyev@gmail.com
Sərlövhəni bəzəyən bu zərbi-məsəl sanki hər sahə üçün aktualdır. Futbol üçün ələlxüsus. Əjdaha axtardığımız dövrdə nəinki əjdaha, hətta qarışqa da tapa bilmirik. Tapdıqlarımıza aid isə bunu demək kifayətdir: sizin kimi vətəndaşı olana heç düşmən də lazım deyil. Məlum Şamil Qurbanov məsələsində kimin günahkar olub-olmadığını bilmək bu gün bir qədər qəliz və mürəkkəbdir. Sistemsizlik bu cür məqamlarda sistemsizliyi “yaradanlar” üçün bunker rolunu oynayır. Sistemsizlik bir qalxandır. Ortada olan 5-10 və ya daha az şəxs bu “qalxan”ın arxasında sıra ilə dayanıblar ki, birdən biri boylansa, dərhal “qılınc” ona batar. “Qapı-qapı düşüb əjdaha axtarmaq” prinsipi ilə hərəkət edən əfvedilməz AFFA rəsmilərinin bu siyasətinin fiaskoya uğrayacağı sirr deyildi. Amma vətəndaşlıq mövqeyimizi sarsıdacaq dərəcədə olacağını, yəqin ki, ən pessimist jurnalistlər də dilə gətirmirdi. Şamil AFFA-nı, onun siyasətini və digər zadlarını elə yerdən, elə yerə vurdu ki, buna cüdoda ippon fəndi və tam məğlubiyyət deyilir.

Medalın ikinci tərəfi də var. AFFA-nı futbolçu axtarışına vadar edən səbəblər də. Klubların yarıtmaz siyasətini gözdən keçirəndə adamın yadına “hər ikisi eyni bezin kənarıdır” ifadəsi düşür. Bu qədər pulların və şəraitin qarşısında bir əlüstündə gəzdirə biləcəyimiz futbolçu da çıxara bilmədik ortalığa. Gözümüz elə hey yollarda qaldı. “Bu gün gələr, sabah gələr”lərlə yaşadıq. Rəşadlar, arazlar, orxanlar, rauflar, vaqiflər – ümid, perspektiv və pərişanlıqdan başqa heç nə bəxş etmədi bizlərə. AZTV-dən və bəzən rəsmi rəqəmlərdən iqtisadiyyatı bizdən qat-qat aşağı səviyyədədir eşitdiyimiz, sizin təbirinizcə desək, bədxah qonşularımız isə formasını alıb geyinməyə futbolçu tapıblar. Nə milliləşdiriblər, nə də qapı-qapı düşüblər. Sadəcə düzgün yetişdiriblər. Kal “dərməyib”, vaxtında “suvarıblar”. Mxitaryanın səviyyəsini, ustalığını və qiymətini araşdırmaq və açıqlamağa lüzum görmürəm. Deyirəm, bir Mxitaryanımız da olmadı, baxaq, sevinək, formasını alaq, geyinək.

Hə, bir də. Bugünlərdə aktual olan Şamil Qurbanova xərclədiyimiz vaxtı, araşdırmanı yazıları düşünürəm ki, üçüncü Qara Qarayevə həsr eləməyimiz daha yaxşı olardı. Gözümüz yenə yollardadır, həmişəki kimi. Perspektiv, ümid və…bu dəfə pərişan olmayaq.

Yazarın bütün yazıları

oxunma sayı: 1084 | Paylaş:





?>