')

Bu gün:


FutbolPress.Az | Ramin Musayev: "Pul qoyuluşunun ümumiyyətlə ləğv olunmasının tərəfdarıyam" (MÜSAHİBƏ)

Ramin Musayev: "Pul qoyuluşunun ümumiyyətlə ləğv olunmasının tərəfdarıyam" (MÜSAHİBƏ)


oxunma sayı: 1037 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "FutbolPress"ə müsahibə verdi. Qurum rəhbəri Azərbaycan klublarının qış transfer pəncərəsindəki passivliyinə, Elxan Məmmədovun Premyer Liqadakı klubların sayı ilə bağlı dünən səsləndirdiyi fikrə, bir neçə gün öncə Milli Məclisdə müzakirə olunan idman mərc oyunlarının bağlanması təklifinə və.s məsələlərə münasibət bildirdi:

- Artıq qış “transfer pəncərəsi” bağlanıb. Klublarımız bu dönəmdə çox passiv göründü. Sizcə, bunun əsas səbəbi nədir? Bunu maliyyə problemləri ilə əlaqələndirmək olar?
- Adətən, bu hər yerdə belədir, nəinki bizdə. Əksər klublar qış transfer dövründə passiv olurlar. Futbolçuların daha çox keçidi  həmişə çempionat bitəndən sonra - yay transfer dövründə olur. Bu da ondan irəli gəlir ki, qışda azad futbolçu az olur, yəni oyunçuların əksəriyyətinin klublarla müqaviləsi olur, ona görə də əksər klublarımız futbolçularını yay dönəmində transfer edirlər. Bu hal Avropanın bir çox ölkələrində  eynidir. Bu il transferin passiv olmasının maliyyə problemi ilə əlaqəli olmasını dəqiq deyə bilmərəm. Bunu klublardan soruşsanız daha doğru olar. Biz öyrəşmişik ki, hər transfer dönəmində klublardan bir neçə futbolçu klubu tərk edir, onun əvəzinə yeni oyunçular gəlir. Əslində bu da yaxşı hal deyil, klubun sabit  heyətinin olması yaxşıdır. Buna misal olaraq, “Neftçi”, “İnter”, “Qarabağ” klublarını misal göstərmək olar. Çünki bir klub uğur qazanmaq istəyirsə, onun heyəti oturuşmuş olmalıdır. Ən azı 2-3 il bir yerdə çıxış etmiş futbolçulardan ibarət komandada uzlaşma yüksək səviyyədə olur. Amma qarşısına avrokuboklara çıxmaq məqsədi qoyan komandanın heyətində çatışmazlıq varsa, onu indidən aradan qaldırması zəruridir. Çünki 6 ay müddətində vaxt olacaq ki, həmin futbolçular adaptasiya müddətini keçsinlər, kluba uyğunlaşsınlar. Fasilədə “Qəbələ” klubu legionerlərin gətirilməsində fəallıq göstərdi.  Bu da yeni baş məşqçinin gəlişi ilə əlaqədardır. Çünki hər baş məşqçi özünə uyğun heyət formalaşdırır, bu da normaldır.

- Gələn il Premyer Liqada 12 komandanın iştirak edəcəyi gözlənilir. Dəqiqləşdirsək, belə bir açıqlama ilə çıxış etmisiniz...
- Bəli, siz də bilirsiniz ki, bu il çempionata 10 komanda ilə başlamışdıq, hazırda 9 komanda ilə davam edirik. Bu heç də xoş hal deyil. İstərdik ki, komandaların sayı çox olsun. Çempionatın 12 komanda ilə davam edəcəyini təklif kimi irəli sürmüşük. Bu məsələyə çempionat bitdikdən sonra müzakirələr aparıb, Premyer Liqaya gəlmək istəyən klublarımızın durumunu müəyyənləşdirdikdən sonra aydınlıq gətirəcəyik.

- Elxan Məmmədov açıqlamasında deyib ki, “Qorxuram Premyer Liqanın cari mövsümü 9 yox, daha az sayda klubla bitsin”. Belə bir hal gözlənilirmi? Fikirlər nə dərəcədə realdır?
- Yəqin, Elxan Məmmədovun bildiyi nəsə var ki, belə deyir. Ancaq çalışmalıyıq ki, çempionatda klublarımız çıxışını dayandırmasın, əksinə necə başlamışıqsa elə də bitirək. Təəssüf ki, “Araz Naxçıvan” çempionatda çıxışını dayandırdı. Artıq müəyyən klublarımızda maliyyə böhranı müşahidə olunur. Futbolçuların maaşlarının ödənilməsi ilə bağlı ciddi problemlər olur. Çalışmalıyıq ki, heç bir komanda çempionatı tərk etməsin. Bununla bağlı Elxan müəllimlə və federasiyanın rəhbərliyi ilə görüşlərimiz olacaq.

- Premyer Liqada legioner limitinin dəyişdirilməsi gözlənilirmi? Sizin iştirakınızla keçirilən görüşlərdə bu nə dərəcədə müzakirə olunur?
- Hal-hazırda gündəmdə duran başlıca məsələlərdən biri də legioner limitinin dəyişdirilməsidir. Şəxsən mən təklifimi dəfələrlə mətbuatda bildirmişəm və bir daha da bildirirəm - Ramin Musayev olaraq 8+3 sisteminin tərəfdarıyam, yəni 8 legioner 3 yerli oyunçu. Limit götürüldükdə yerli futbolçuların qiyməti dəfələrlə artır, yəni futbolçunun real qiymətindən 2-3 dəfə artıq pul istəyir. Bildiyiniz kimi, yerli futbolçu qıtlığı müşahidə olunur və klublarımızda maliyyə problemləri var. Süni şəkildə futbolçuların qiyməti artanda klublara ciddi təsir göstərir. Bu tək məndən asılı olan məsələ deyil, bu məsələ ilə bağlı Məşqçilər Komitəsi ilə görüşümüz oldu, həmçinin  millinin baş məşqçisi Robert Prosineçki ilə bu məsələ ilə bağlı müzakirələrimiz reallaşdı. Klublar Komitəsində də bu məsələ müzakirə olunub. Mənə elə gəlir ki, bu məsələ elə Klublar Komitəsində klubların öz aralarında müzakirə olunsa daha yaxşıdır, çünki bu, birbaşa klublara aid olan məsələdir. Yəqin ki, müəyyən müzakirələrdən sonra ortaq məxrəcə gəlinəcək və İcraiyyə Komitəsinə təklif kimi irəli sürüləcək. Hansı qərar qəbul olunacaq, hazırda bunu deyə bilmərəm. Bu məsələ ilə bağlı AFFA, PFL, Məşqçilər Komitəsi və Klublar Komitəsi birlikdə müzakirə edib ortaq məxrəcə gəlməliyik ki, klublarımız, futbolumuz üçün xeyirli olsun.

- Bizdə belə bir məlumat varki, nəticələrdən asılı olmayaraq "Kəpəz", "Turan", "Şəmkir" Premyer Liqaya gətiriləcək. Bu məsələyə münasibətiniz necədir? 
-Təbii ki, qeyd etdiyiniz komandaların Premyer Liqada çıxış etməsi çox gözəl olar. Hər 3 komanda bölgə təmsilçisidi  və bu bölgələrimizdən daim güclü futbolçular çıxıb. Bu məsələ ilə bağlı hələ ki bir şey deyə bilmərəm, mövsümün bitməsini gözləməliyik. Bir daha bildirirəm, Premyer Liqaya gəlib yarımçıq tərk etməkdənsə, gəlməməsi daha yaxşıdır. Premyer Liqaya gələcək klubun bütün şərtləri izlənməlidir, lisenziya tələblərinə cavab verməlidir, stadionlarında araşdırmalar aparılmalıdır, maliyyə durumu yoxlanılmalıdır ki, klub çempionata tab gətirə biləcəkmi yoxsa yox? Biz kəmiyyətə yox, keyfiyyətə fikir verməliyik. Bu prizmadan yanaşsaq, “Kəpəz”, “Turan”, “Şəmkir” klublarının Premyer Liqada çıxış edəcəyi ilə bağlı konkret bir şey deyə bilməyəcəyəm. Əgər tələblərə cavab vərəcəklərsə, çempionat bitdikdən sonra buna baxılacaq.

- Milli Məclisdə ölkədə fəaliyyətdə olan idman mərc oyunlarının ləğvi məsələsi təklif olunub. “Topaz” da ölkənin ən böyük mərc kontoru olmaqla yanaşı Premyer Liqanın sponsorudu… Ümumiyyətlə “Topaz”la iş birliyi PFL-ə nə dərəcədə faydalı oldu? Konkret hansı layihələri gerçəkləşdirdiz?
- Bəli.  Milli Məclisdə deputatlarımızdan biri bu məsələni müzakirəyə çıxardı. “Topaz” qanuni mərc oyunudur, mərc kontorudur, düz də vurğuladınız ki, Premyer Liqanın sponsorudur. “Topaz”la PFL-in iş biriyinin nə dərəcədə faydalı olduğunu kənardan siz bildirsəniz daha yaxşı olar. Layihələrimizə gəldikdə isə “Topaz”la bir çox layihələrimiz olub, məsələn, ayın oyunçusu, ayın qolu layihələrimiz bu qəbildəndir. İkinci dövrənin sonunda jurnalistlərlə bağlı “Topaz”ın müəyyən layihələri vardı. Bilirsiniz ki, Azərbaycanda idman mətbuatının maddi durumu o qədər də yaxşı deyil ki, orada çalışanlar bütün oyunları izləyə bilsinlər. “Topaz” rəhbərliyi sağ olsun, təsəbbüs irəlisürdü. Bütün idman mediamızı əyalətlərdə keçirilən oyunlara aparır, onlara pul mükafatları verir və nəinki “Topaz”, həmçinin “Unibank”la bağladığımız müqavilədən gələn gəlirdən jurnalistlərin qış mövsümündə hakimlərimizin, klublarımızın təlim-məşq toplanışını işıqlandırması üçün müəyyən məbləğlər ayrırıq. Bu da az məbləğ deyil. Bildiyiniz kimi, hər il 25-ə yaxın KİV nümayəndələri  həmin toplanışlarda iştirak edir, bundan əlavə, “Topaz”ın bizə xeyirlərindən biri də o oldu ki,  müqavilə imzaladıqdan sonra yayım məsələsində müəyyən qədər irəliləyiş nəzərə çarpdı. Özünüz də statistikaya baxa bilərsiniz ki, “Topaz”dan öncə yayımlanan oyunların sayı və “Topaz”la müqavilə imzalanandan sonra yayımlanan oyunların sayı arasında xeyli artım var. Hətta bəzən turun bütün oyunları canlı yayımlanıb. Buna da “Topaz” öz  dəstəyini  verdi. Bundan əlavə, bilirsiniz I Divizionda klublarımızın maliyyə durumu çox açınacaqlı haldadır, bəzən klublar standarta cavab verməyən keyfiyyətsiz toplardan istifadə edirdilər. Bu ildən etibarən “Topaz” FİFA tərəfindən təsdiq olunmuş xüsusi topları I Divizion klublarına təmənnasız olaraq payladı. Bu da az məbləğ deyil, 1 topun qiymətini özünüz aydınlaşdıra bilərsiniz neçəyə başa gəlir. Hər kluba 25-ə yaxın top bağışlanıb, nəzərə alsaq ki, 16 komanda var bu da kifayət qədər məbləğ edir. Mənə elə gəlir ki, “Topaz”la bizim əməkdaşlığımız uğurlu alınıb.

- Sizcə, belə təklif səsə qoyulsa və “Topaz” bağlanarsa, bunun Peşəkar Futbol Liqasının işinə hansı təsirləri olacaq?
- PFL-in işi “Topaz” üzərində qurulmayıb. Bundan əvvəl də bizim “Unibank”la sponsorluğumuz olub. Bilirsiniz ki, “Unibank” çempionatın ilk titul sponsoru idi. Daha sonra “Topaz” şirkəti ilə müqavilə imzalanıb. Şəxsən Ramin Musayev olaraq mən də pul qoyuluşunun ümumiyyətlə ləğv olunmasının tərəfdarıyam. Respublikamızda bütün pul qoyuluşları ləğ olunsa, yaxşı olar. Bura qara bazar, internet üzərindən qoyulan pullar, Topaz hamısını nəzərdə tuturam. Bunu bağlaya biləriksə, mən razıyam bağlansın. Amma gəlin baxaq bu gün qara bazarı bağlaya bilmişikmi? İnternet üzərindən digər kontorlarla oyunlara pul qoyulmurmu? Yenə heç olmasa “Topaz”dan gələn gəlirdən idmanımız üçün müəyyən pul ayrılır. Mən təkcə Premyer Liqaya olan sponsorluğu nəzərdə tutmuram istər digər idman növlərində, istərsə də futbol sahəsində, “Topaz”dan gələn gəlirdən pul ayrılır. “Topaz”dan öncə də bizdə pul qoyuluşu olub, sadəcə olaraq, kortəbii şəkildə küçələrdə, qara bazarda bu iş gerçəkləşib. Bu da kimlərinsə cibinə gedib. Topazın olması qara bazar üçün mənfi haldı. Çünki qanuni şirkət qara bazara mane olur. Topaz yarandıqdan sonra qara bazarda fəaliyyət göstərənlərin fəaliyyəti dayandırıldı. Hansılar ki, heç bir vergi ödəmirdilər, dövlətə heç bir xeyri yox idi. “Topaz” bağlansa da, internet üzərindən  müxtəlif pul qoyuluşları ediləcək, qara bazar yenə qızışacaq və müxtəlif xarici bokmeyker kontorlarına pul qoyuluşları edənlər olacaq. Topazın idmanımıza maddi cəhətdən həqiqətən böyük xeyiri var. O ki qaldı PFL-ə hər hansı bir təsirinə. Bunun bizim işimizə heç bir təsiri olmayacaq. Əgər “Topaz” bağlansa sadəcə olaraq çempionatın sponsoru dəyişəcək.

“Topaz”la sponsorluq müqaviləsi nə qədər müddətə bağlanıb?
- 3 mövsümlük bağlanmışdı. Artıq iki mövsüm arxada qaldı. May ayında  müqaviləmiz bitir.

-  Əgər şirkət fəaliyyətini dayandırarsa, bu müqaviləyə necə təsir edəcək? Xitam veriləcəkmi? Yoxsa bənddə bu başqa cür nəzərdə tutulmuşdu?
- Bu sualın artıq heç bir əsası yoxdur, çünki may ayından etibarən müqaviləmiz bitir. 3 mövsümlük nəzərdə tutlmuşdu. Müqaviləmiz bitməsə də müqavilədə fors-major halları var, bütün bu məsələlər orada öz əksini tapır.


oxunma sayı: 1037 | Paylaş:




?>